Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1093/2022 16.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Azərbaycan Avtomobil X2 Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Avtomobil X3 Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, yol-nəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına vurulmuş 1524 manat məbləğində zərərin Cavabdeh tutularaq Azərbaycan Avtomobil X2 bank hesabına ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 10 iyul 2021-ci il tarixdə Mingəçevir-St. Mingəçevir-Bəhrəmtəpə R-18 respublika əhəmiyyətli avtomobil yolunun 22-ci kilometrliyində Cavabdeh idarə etdiyi “Nissan-Altima” markalı, 22 BK-014 dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində yolun 20 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmışdır. Həmin hadisə nəticəsində Azərbaycan Avtomobil X3nə 1524 manat məbləğində zərər vurulmuşdur. Faktla bağlı Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmiş və Azərbaycan Avtomobil X3nə dəymiş zərər barəsində məlumat verilmişdir. Tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemində və izahatlarda avtomobilin metal təhlükəsizlik səddinə dəyməsi nəticəsində maddi zərərin vurulması qeyd edilmişdir. Eləcə də 30 iyul 2021-ci il tarixli arayışda Mingəçevir-St. Mingəçevir-Bəhrəmtəpə R-18 respublika əhəmiyyətli avtomobil yolunun 22-ci kilometrliyində Cavabdeh idarə etdiyi “Nissan-Altima” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində yolun 20 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmaqla, dövlət vəsaiti hesabına inşa edilmiş yol təsərrüfatına Azərbaycan Avtomobil X3nə 1524 manat məbləğində zərər vurulduğu göstərilmişdir. Ölkənin ümumi istifadəsində olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və digər təyinatlı yol qurğularının, həmçinin Bakı şəhərində və respublikanın digər şəhər və rayon mərkəzlərində yerləşən avtomobil yollarının, prospekt və küçələrin qorunması tabeliyində olan xüsusi tanınma nişanlı nəqliyyat vasitələri və texnikalarla təmin olunmuş Azərbaycan Avtomobil X2 ‘X1 Xidməti” MMC vasitəsi ilə həyata keçirilir. Qeyd edilənlərə əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına vurulmuş 1524 manat məbləğində zərərin Cavabdeh tutularaq Azərbaycan Avtomobil X2 bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və işdə olan sənədlər əsasında iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəməyə təqdim etdiyi ərizəsində iddianı qəbul etməsini və tələb edilən 1524 manat məbləğində pulu ödədiyini nəzərə alıb, məhkəmədən işə onun iştirakı olmadan baxılıb, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi ödənildiyindən rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Avtomobil X2 “X1 Xidməti” MMC tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli arayışdan görünür ki, 10 iyul 2021-ci il tarixdə R- 18 Mingəçevir-St. Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 22-ci kilometrində “Nissan- Altima” markalı, 22 BK-014 dövlət qeydiyyat nişanlı avtomobil ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində 20 p/m birtərəfli yol təhlükəsizlik səddinin yararsız hala salınmaqla Azərbaycan Avtomobil X2 balansında olan yol təsərrüfatına vurulmuş zərər 1524 manat təşkil edir. İşdə olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokolun surətindən görünür ki, Aran-Bəhrəmtəpə avtomobil yolunda hadisədən sonra “Nissan-Altima” markalı, 22 BK-014 dövlət qeydiyyat nişanlı avtomobil hadisə yerindən 150 metr Aran qəsəbəsi istiqamətində yolun sol ehtiyat hissəsindən sonra olan çökəklikdə arxası üstə dayanmışdır. İşdə olan Yevlax rayon polis şöbəsinin istintaq bölməsinə və Yevlax rayon prokurorluğuna verilmiş izahat vərəqlərinin surətindən görünür ki, 10 iyul 2021-ci il tarixdə Bəhrəmtəpə yolu istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi avtomobilin Cavabdeh tərəfindən idarə edilməsi zamanı baş vermişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Aran-Bəhrəmtəpə avtomobil yolunun Qaraməmmədli kəndinin ərazisindən keçən hissəsində “Nissan-Altima” markalı, 22 BK-014 dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyinə görə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli, İXP4246481 nömrəli protokolun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Qaraməmmədli kəndi ərazisində “Nissan-Altima” minik markalı, 22 BK-014 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan Azərbaycan Avtomobil X3 publik hüquqi şəxsin xx.xx.2018-ci il tarixli Nizamnaməsinin surətindən görünür ki, Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsindən, avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının (keçidlər, qurğular, tikililər və avadanlıqlar) layihələndirilməsindən, tikilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə yerinə yetirilməsindən ibarətdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Azərbaycan Avtomobil X2 hesabına 1524 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Eləcə də «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən yol-nəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına vurulmuş maddi zərərin cavabdeh tərəfindən vurulmasını və zərərin dəyərini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə işdə olan sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, 10 iyul 2021-ci il tarixində R-18 Mingəçevir-St. Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 22-ci kilometrində Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Nissan-Altima” markalı, 22 BK- 014 dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədilmişdir. Həmin hadisə nəticəsində avtomobil yolunun 20 p/m birtərəfli təhlükəsizlik səddi yararsız hala salınmış, bununla da Azərbaycan Avtomobil X2 balansında olan yol təsərrüfatına 1524 manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə, həmçinin müəyyən etdi ki, işə məhkəmədə baxılan vaxt iddiaçıya dəymiş maddi ziyan cavabdehlə bağlanmış sığorta müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən iddiaçı təşkilatın hesabına 1524 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqa şəxsə zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq və vəzifələrin müdafiəsi əsasında mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. İddiaçının tələbinin əsaslı olması üçün iddiaçı maddi ziyana məruz qalmalı, həmin ziyan cavabdehin hüquqa zidd təqsirli hərəkəti nəticəsində baş verməli, cavabdehin hərəkəti ilə baş vermiş hadisə arasında səbəbli əlaqə olmalı, həmçinin dəymiş ziyan cavabdeh tərəfindən ödənilməməlidir. Bu hallar məcmu halında mövcud olduqda iddiaçının cavabdehdən dəymiş ziyanı tələb etmək hüququ yaranır. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Həmin yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının balansında olan yol təsərrüfatına 1524 manat məbləğində ziyan dəymiş və cavabdehin hərəkəti ilə baş vermiş hadisə arasında səbəbli əlaqə olmuş, lakin həmin ziyana görə "xxxx" ASC cavabdehin əvəzinə iddiaçının hesabına 1524 manat sığorta ödənişi etmişdir. Göründüyü kimi iddiaçının maddi ziyana məruz qalması ilə bağlı pozulmuş hüququ bərpa olunmuşdur. Bu da onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya vurduğu maddi ziyan tam həcmdə ödənilmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı maddi ziyanın ödənilməsi ilə bağlı tələb hüququ yaranmamışdır. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Azərbaycan Avtomobil X2 Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına vurulmuş 1524 (bir min beş yüz iyirmi dörd) manat məbləğində zərərin Cavabdeh tutularaq Azərbaycan Avtomobil X2 bank hesabına ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1093/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1093/2022
16.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver