Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-111/2024 05.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü və əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 2 otaqdan ibarət ümumbirgə daşınmaz əmlakın aralarında bölünməsi, hər birinin payının ½ hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, ünvan 1 ünvanda yerləşən 2 otaqdan ibarət ümumbirgə daşınmaz əmlakın tərəflər arasında bölünməsi, hər birinin payının ½ hissədə müəyyən edilməsi, eləcə də, iddiaçıya məxsus – üzərində ağ rəngli qaşları olan, 585 əyarlı, 25 qram çəkidə, 2000 manat dəyərində bir ədəd boyunbağı və qolbağ dəsti ; bir ədəd üzərində ağ rəngli qaşları olan 585 əyarlı, 5 qram çəkidə, 400 manat dəyərində qızıl üzük; bir cüt 585 əyarlı, 6 qram çəkidə, 480 manat dəyərində sırğa; üzərində 5 ədəd xırda qırmızı qaşları olan, 585 əyarlı, 8 qram çəkidə, 640 manat dəyərində bir ədəd nişan üzüyü; cəmi 3520 manat dəyərində, 4 adda qızıl-zinət əşyalarının dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək göstərdi ki, tərəflər 25 aprel 2006-cı il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahdan 14 fevral 2007-ci il tarixdə Nurlan, 15 avqust 2012-ci il tarixdə Əli adlı övladları olmuşdur. ünvan 2 ünvanında yerləşən iki otaqdan ibarət mənzil birgə nikah dövründə iddiaçının valideynlərinin köməkliyi sayəsində alınmış və 20 noyabr 2009-cu il tarixdə həmin mənzil Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Tərəflər arasında ailə münasibətləri pozulduğu üçün nikahları 22 dekabr 2016-cı il tarixdə məhkəmə qaydasında ləğv edilmişdir. Həmin ərəfədə İddiaçı cavabdehə qarşı məhkəmədə ailə qurarkən toy hədiyyəsi olaraq ona alınmış qızıl-zinət əşyaları da daxil olmaqla əmlak tələbinə dair iddia qaldırmış və mənzilin bölünməsi ilə bağlı sənədlərini hazırlamağa başlamışdır. Cavabdeh iddiaçıya məxsus qızıl-zinət əşyalarını borcuna görə lombarda qoyduğunu, borcu qutarandan sonra bir il ərzində qaytaracağına, ailəsinin yaşadığı mənzili də satmayacağına söz vermiş və bu barədə ona qəbz də təqdim etmişdir. Bu şərtlər altında valideynlərinin təkidi ilə tərəflər barışıb bir yerdə yaşamağa başlamışlar. Bundan sonra İddiaçı barışdıqları üçün icraata xitam verilməsini xahiş etmişdir. Ünvanlı sosial yardım aldıqları üçün təkrar nikahlarını rəsmiləşdirməmişlər. Lakin 2023-cü ilin yayında aralarında söz-söhbətlər düşmüş və qarşılıqlı narazılıqlar yaranmışdır. Cavabdeh iddiaçını və uşaqlarını zorla evdən çıxarıb evi satacağını bildirmişdir. Ona məxsus qızıl-zinət əşyalarını girov qoyulduğu bankda qalıbqalmamasından xəbərsizdir. Bu baxımdan birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi zərurəti yaranmışdır. Eyni zamanda iddiaçıya məxsus olmuş qızıl-zinət əşyalarının qaytarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında göstərdi ki, tərəflər arasında nikah 2016-cı ildə pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ərarvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. İddia müddəti keçdiyi üçün tələbin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir Şəhər Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2(051)-5515/2016 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 25 aprel 2006-cı il tarixdə Mingəçevir şəhər VVADQ Şöbəsində 163 № ilə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü Nurlan və xx.xx.2012-ci il təvəllüdlü Əli adlı uşaqların İddiaçı yanında qalması qət edilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixdə Mingəçevir şəhər 2 saylı Notariat Kontoruna təqdim etdiyi ərizədən görünür ki, İddiaçı əmlak tələbinə dair iddia ərizəsində göstərdiyi bir ədəd qızıl boyunbağı və qolbağı dəsti, bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa, bir ədəd qızıl nişan üzüyünü öz borcuna görə lombarda qoyduğunu, bir il ərzində lombarda olan borcunu ödəyib qızıl-zinət əşyalarını tam şəkildə İddiaçı qaytaracağını və bu barədə ondan rəsmi qaydada qəbz alacağını, eyni zamanda mənzildə arvadı və uşaqlarının yaşaması səbəbindən mənzili satmayacağını, bu şərtlər altında İddiaçı ilə barışdığını göstərib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh, X3 və X5 qarşı əmlak tələbinə dair iş üzrə icraata xitam verilmiş, tərəflərə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinin yol verilməməsi izah olunmuşdur. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahdan xx.xx.2007-ci ildə Nurlan və xx.xx.2012-ci ildə Əli adlı uşaqları olmuşdur. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, 0001358№li çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdehnın adına xx.xx.2009-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Asan – Mingəçevir tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışdan görünür ki, Əliyeva X2 şəhəri N.Nərimanov prospekti, ev 40, mənzil 1 ünvanda qeydiyyatdadır. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı prosesdə iştirak etmiş və mediasiya təşkilatına 50 manat məbləğində rüsum ödəmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 55 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, tərəflər 25 aprel 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından övladları olmuşdur. 20 noyabr 2009-cu il tarixdə ünvan 4 ünvanında yerləşən 2 otaqdan ibarət mənzili alqı-satqı yolu ilə almışlar. Tərəflər arasında nikah 22 dekabr 2016-cı ildə pozulmuşdur. 1 ay sonra tərəflər barışmış, bir yerdə həmin mənzildə yaşamaqda davam etmişlər. İddiaçı əmlak tələbinə dair iddiasından imtina etmişdir. Tərəflər barışıb bir yerdə yaşasalar da nikahlarını rəsmiləşdirməmişlər. 2023-cü ilin yay aylarında tərəflər arasında yenidən münasibətlər pozulmuş, cavabdeh evi tərk etmişdir. Cavabdeh evi satacağı barədə iddiaçını xəbərdar etmişdir. Bundan sonra iddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və əmlak tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının əmlak bölgüsünə dair iddia müddətini ötürdüyünü bildirir və iddia müddətinin tətbiq edilməsini xahiş edir. İddiaçı cavabdehlə bir yerdə yaşadığından hüququnun pozulduğunu 2023-cü ilin yay aylarında bildiyindən və ya bilməli olduğundan iddia müddətinin keçmədiyini əsaslandırır. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakı qanunvericilik normalarını tətbiq etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 225.1-ci maddəsinə uyğun olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -8.2. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydaları rəhbər tutur. - 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. -32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 36.1.-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. -37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli Qərarında aşağıdakılar qeyd olunur. Göründüyü kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosessual mənada iddia hüququ, yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur. Hazırki iş üzrə daşınmaz əmlakın birgə nikah dövründə əldə olunması işin mübahisəsiz halıdır. Tərəflərin nikah pozulsa da bir yerdə qeyd olunan mənzildə yaşamaları da işin mübahisəsiz halıdır. İşin mübahisəli halı iddiaçının əmlakın bölgüsünə dair məhkəməyə vaxtında müraciət edib-etməməsi ilə bağlıdır. Məhkəmə hazırki mübahisəyə Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan mövqeyini tətbiq edərək qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında nikah pozulsa da iddiaçı cavabdehlə qeyd olunan mənzildə birlikdə yaşamış, təsərrüfat aparmışlar. İddiaçı birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlaka olan hüquqlarından məhrum olmamışdır. Yalnız son vaxtlar yenidən cavabdehlə aralarında münasibətlərin gərginləşməsindən, cavabdehin mənzili tərk edərək satacağını nümayiş etdirdikdən sonra iddiaçının mənzillə bağlı hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu müddətin axımı başlamışdır. Həmin tarix də işin mübahisəsiz halı olaraq 2023-cü ilin yay aylarına təsadüf edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia ərziəsinin verilməsi üzrə müddət ötürülməmişdir. Daşınmaz əmlaka payın müəyyən edilməsinə gəldikdə isə qanundan göründüyü kimi paylar bərabər hesab edilir. Eyni zamanda payın bərabər hissədə müəyyən edilməsinə dair digər tərəf əksini sübuta yetirmir. Məhkəmə iddianın daşınar əmlaka-iddiaçının qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması hissəsi tələbinə dair hissəyə münasibətdə qeyd edir ki, iddiaçı əvəllər əmlak tələbi ilə cavabdehə qarşıeyni əsasla eyni iddia tələbi müraciət etmiş daha sonra iddiadan imtina etmişdir. Məhkəmə qərardadı ilə iddiadan imtina əsası ilə iş üzrə icraata xitam verildiyindən bununla da tərəfin eyni əsasla, eyni predmet barəsində, eyni şəxsə qarşı məhkəməyə təkrar müraciət etmək hüququ aradan qalxdığından həmin hissədə iddia tələbi təmin edilməməlidir. Digər tərəfdən iddiaçı cavabdehin onun razılığı ilə qızıl-zinət əşyalarının lombarda qoyularaq əvəzində pul götürüldüyünü bildirmişdir. Həmin pul vəsaiti ailənin ehtiyacları üçün sərf edilmişdir. İddiaçı əksini sübut edəbilməmişdir. Beləliklə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü və əmlak ” tələbinə dair iddia ərizəsi qismən təmin olunmalı, ünvan 5 ünvanında yerləşən mənzilə ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı payı müəyyən edilməli, qızıl-zinət əşyalarının və ya dəyərinin qaytarılması hissəsində iş üzrə icraata xitam verildiyindən həmin hissəsədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 261.0, 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı rüsumun cavabdehdən alınması ilə bağlı hər hansı tələb irəli sürmədiyindən iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü və əmlak ” tələbinə dair iddiası qismən təmin edilsin. ünvan 5 ünvanında yerləşən mənzilə ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-111/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-111/2024
05.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver