Məhkəmə qərarları › İş №2(051)-1137/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1137/2025

22.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1137/2025 22.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunmaqla aliment tələbinə dair iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli barışıq sazişindən, Ərizəçi 16780 (on altı min yeddi yüz səksən) manatı xx.xx.2025-ci il tarixində Maraqlı şəxs tərəfindən aldığı, yerdə qalan 23000 (iyirmi üç min) manatı xx.xx.2025-ci il tarixində video çəkiliş ilə Maraqlı şəxs tərəfindən aldığı, bu pulu birgə evliliklərindən dünyaya gələn iki övladlarını 18 yaşına qədər böyütməyi üçün ərizəçiyə Maraqlı şəxs tərəfindən aliment ödənildiyi müəyyən olunur. Həmin barışıq sazişinə əsasən, Ərizəçi xx.xx.2025-ci il tarixindən etibarən Maraqlı şəxs heç bir aliment tələbi olmayacağı ilə bağlı öhdəlik götürmüşdür, ona görə ki, 18 yaşına qədər ödəniləcək alimenti tam şəkildə almışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Bununla belə barışıq sazişinin şərtlərindən də göründüyü kimi ərizəçi iki uşaq üçün 18 yaşına qədər ödəniləcək alimenti tam şəkildə almışdır, barışıq sazişi könüllü qaydada icra edilmişdir. Aliment tələbinə dair iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsində aliment tələbinə dair icra sənədi üzrə icra işinin mövcud olub-olmaması göstərilməmişdir. Bununla belə, əgər icra sənədi mövcuddursa, onda tələbkar tələbdən imtina barədə icra məmuruna ərizə ilə müraciət etmək hüququna malikdir. Ondan sonra icra məmuru tələbkarın tələbdən imtinasının qəbul edilib-edilməməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Məhkəmənin təqdimatla bağlı qərardadını aldıqdan sonra icra məmuru müvafiq olaraq icra sənədi üzrə icraata xitam verilməsi və yaxud ondan imtina barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Göründüyü kimi icra sənədi üzrə icraata xitam verilməsi icra məmurunun səlahiyyətinə aiddir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah edilsin ki, aliment tələbinə dair icra sənədi üzrə icraata xitam verilməsi üçün tələbkar tələbdən imtina barədə ərizə ilə icra məmuruna müraciət etmək hüququna malikdir. xx.xx.2025-ci il tarixdə saat 14:58:43-də "xxxx" MMC, Yevlax RPF, Mingəçevir MXŞyə ********** nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 manat məbləğində pul Ərizəçi qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar