Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-124/2023 19.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə Cavabdeh İddiaçı Cavabdeh qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 9 saylı evin 5 saylı mənzilin hər birimizin payına uyğun ½ hissəsinin dəyəri kimi 25000 manat pulun və Mingəçevir şəhəri Nizami Gəncəvi küçəsi 5 saylı evin 13 saylı mənzilin hər birimizin payına uyğun ½ hissəsinin dəyəri kimi 20000 manat pulun Cavabdeh alınıb iddiaçıya ödənilməsi və ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh təmsil etdiyi şəxsin ərinin qardaşıdır. İddiaçının əri və valideynləri vəfat etdikdən sonra Cavabdehlə aralarında miras əmlakın bölgüsü barədə mübahisə yaranmışdır. Mingəçevir şəhər məhkəməsinə müraciət edərək qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən iddiaçının Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 9 saylı evin 5 saylı mənzilə və Mingəçevir şəhəri Nizami Gəncəvi küçəsi 5 saylı evin 13 saylı mənzilə 1 /2 pay həcmində əmlak hüququ tanınmışdır. Bu barədə çıxarış alınmışdır. O, naturada bölgü tələbinə dair iddia qaldırsa da, Mingəçevir şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(051)-81/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 9 saylı evin 5 saylı mənzilin və Mingəçevir şəhəri Nizami Gəncəvi küçəsi 5 saylı evin 13 saylı mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə iddiaçıya ½ və cavabdehə ½ hissədə bölüşdürülməsi, ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, qarşı tərəfə ona payına uyğun kompensasiya ödənilməsi ilə bağlı müraciət etmiş, lakin qarşı tərəf bundan imtina etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı bildirdi ki, işlə bağlı baş prokurorluğa müraciət edib. Ona deyiblər ki məlumat veriləcək, ancaq hələ də heç bir xəbər göndərilməyib. İddiaçı ona təklif etmişdir ki, evlərdən birini cavabdeh götürsün, digər evi isə özü götürsün. Aramızda razılıq olmayıb. Eyni zamanda o, kompensasiya ödəməsinə də razı deyildir. Odur ki, izahatında göstərilənləri nəzərə alıb iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Mingəçevir şəhəri A.Məmmədov küçəsi, 9 saylı evin 5 saylı mənzilin 1/2 hissəsində İddiaçı, 1/2 hissəsi üzərində isə Cavabdeh payları müəyyən edilmişdir. İşdə olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Mingəçevir şəhəri Nizami Gəncəvi küçəsi 5 saylı evin 13 saylı mənzil 1/2 hissəsində İddiaçı, 1/2 hissəsi üzərində isə Cavabdeh payları müəyyən edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-81/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı Mingəçevir şəhəri A.Məmmədov küçəsi, 9 saylı evin 5 saylı mənzilə köçürülməsi, mənzil giriş qapısının açarları iddiaçıya verilmiş, Mingəçevir şəhəri A.Məmmədov küçəsi, 9 saylı evin 5 saylı mənzilin və Mingəçevir şəhəri Nizami Gəncəvi küçəsi 5 saylı evin 13 saylı mənzilin naturada bölünməsinə dair tələbi rədd edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq, bölünməsi mümkün olmayan mənzildən birlikdə tərəflərin istifadə edə bilməmələrini ağlabatan hesab edir. Həmçinin məhkəmə iclası zamanı ayrılan mülkiyyətçi (iddiaçı) öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsini tələb etsə də, qarşı tərəf kompensasiya vermək istəmədiyi bildirdiyindən, bu məsələ ilə bağlı məhkəmə prosessual qənaət prinsipinə əsaslanaraq hesab edir ki, həmin qaydalar yəni paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılması mərhələsi artıq tənzimlənmişdir. Odur ki, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Bunun davamı olaraq, mənzillərin ½ hissəsinin mülkiyyətçisi olan iddiaçının mənzillərə dair sərəncam verə və ondan istifadə edə bilməməsini onun mülkiyyət və mənzil hüquqlarının pozulması kimi qiymətləndirərək, hüquqlarını həyata keçirə bilməsi üçün ona müvafiq şərait yaradılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, hazırki iş aşağıda qeyd edilən hüquq normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respubliksının Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsində qeyd olunur ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.(1-ci hissə). Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. (2-ci hissə) Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilir ki, ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsində göstərilir ki, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə göstərilən normaların tələbləri baxımından, işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, hazırkı mübahisə predmeti olan mənzilin açıq hərracdan satılmasını şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, iddiaçı ilə cavabdehlər paylı mülkiyyətçidir. Onlar arasında ümumi paylı mülkiyyətdə olan mənzilə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçı payının naturada ayrılmasını tələb etmişdir. Ümumi paylı mülkiyyətdə olan mənzildən iddiaçının payının naturada ayrılması mümkün olmamış, həmçinin cavabdeh iddiaçıya payının əvəzinə pul kompensasiyası verməkdən imtina etmişdir. Ona görə də iddiaçının tələbi əsaslıdır. Mübahisəli mənzil açıq hərracdan satılmalı və əldə edilmiş satış pulu paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün mübahisəli mənzillərin açıq hərracdan satılması paylı mülkiyyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətlidir. Bu hal iddiaçı ilə cavabdehin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 4 aprel 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Eləcə də, Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilənlərə əsasən Məhkəmə, həmçinin qeyd edir ki, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 9 saylı evin 5 saylı mənzilinin və Mingəçevir şəhəri Nizami Gəncəvi küçəsi 5 saylı evin 13 saylı mənzilinin açıq hərracdan satılmaqla, satışdan əldə edilən vəsaitin 1/2-nin iddiaçıya, 1/2-nin isə cavabdehə ödənilməsi qanuni, ədalətlidir və tərəflərin mənafelərinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 9 saylı evin 5 saylı mənzili və Mingəçevir şəhəri Nizami Gəncəvi küçəsi 5 saylı evin 13 saylı mənzili açıq hərracdan satılsın. Mənzilin satışından əldə olunmuş pul vəsaiti İddiaçı ilə Cavabdeh arasında onların paylarına uyğun olaraq bölünərək ümumi paylı mülkiyyət hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-124/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-124/2023
19.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver