Məhkəmə qərarları › İş №2(051)-1274/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1274/2025

23.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1274/2025 23.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi, Ərizəçi: Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs: Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MŞM/MT031/2023-00969 nömrə ilə onunla Maraqlı şəxs arasında bağlanmış barışıq sazişində qeyd edilən bəndlər üzrə Barışıq sazişinin təsdiqlənməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o və Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixində mediasiya prossesində iştirak etmişlər və aralarında barışıq sazişi imzalamışdır. Barışıq sazişinin şərtlərinə görə 1. Tərəflər nikahlarının məhkəmə qaydasında pozulması barədə ümumi razılığa gəlmişlər. 2. Ata Maraqlı şəxs övladları xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X2 ana Həsənova (Bəkirova) Səfa Nizami qızının himayəsində saxlanmasına razıdır. 3. İkinci tərəf Maraqlı şəxs övladları xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X1 üçün oktyabr ayının 30-dan başlayaraq növbəti hər ayın 30dək hər ay hər uşaq üçün 150 (bir yüz əlli ) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment ödəməyi öz öhdəsinə götürür. Aliment ikinci tərəf Ərizəçi açdığı kart hesabına ödəniləcək. 4. Birinci tərəf ikinci tərəflə qarşılıqlı razılıq əsasında və uşaqlarının maraqları çərçivəsində onlarla istənilən vaxt, gecə qalmamaq, ananın yaşadığı şəhərdən kənara çıxarmamaq şərti ilə görüşə biləcək. 5. Birinci tərəfin mülkiyyətində olan, birgə nikah dövrünə aid edilməyən ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilin yaşama, istifadə hüququ və icarəyə vermək hüququnu İkinci tərəf müddətsiz olaraq verir. ünvan 2 ünvanında yerləşən mənzil birinci tərəfin mülkiyyətində qalacaq. Maraqlı şəxs barışıq sazişinin şərtlərini yerinə yetirməkdən boyun qaçırdığı üçün məhkəmə qaydasında təsdiq etmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı verdiyi izahatında ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, qarşı tərəf alimenti 7 aydır ki, ödəmir. Bu müddət ərzində bir dəfə də olsun, 1 manat belə pul verməmişdir. O, dərzi kimi fəaliyyət göstərir. Qazancı ilə uşaqlarını bir təhər dolandırmağa çalışır. Qarşı tərəf isə müharibə veteranı olmasını bəhanə göstərək heç bir pul vermir. Bundan başqa o qarşı tərəfə məxsus həyətdə ev tikmişdir. Hazırda isə qarşı tərəf və anası ona təzyiq göstərərək evdən çıxartmaq istəyirlər. Halbuki o evi o, qarşı tərəfin icazəsi ilə tikdirmişdir. Odur ki, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, tərəflər artıq boşanmışlar. 7 aydır ki, qarşı tərəf aliment vermir. Bundan başqa icazə ilə onun müvəkkilinin tikdirdiyi evdən müvəkkilini çıxartmaq istəyirlər. Odur ki, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, Həqiqətən, onunla ərizəçi arasında barışıq sazişi bağlanmışdır. O, üçüncü qrup əlilldir. 7 aydır ki, onun pensiyasını kəsiblər. Ona qalan pul 46 manatdır. O bu barədə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. O barışıq sazişinin bütün şərtləri ilə razıdır. Bir tək onu bildirir ki, aliment ödəməyə imkanı yoxdur. Belə ki, ona nə pensiya verilir, nə də əmək müqaviləsi ilə işləyə bilir. Onun aliment ödəməyə bu səbəbdən imkanı yoxdur. Əgər imkanı olarsa, alimenti ödəyər. Eyni zamanda barışıq sazişinin bir otaqlı mənzildə yaşama və istifadə hüququ ilə bağlı bəndi ilə də razıdır. Belə ki, həmin evdə onun övladları qalır. Ona görə də barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə ərizəni, tərəflərin izahatı, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2302/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddia təmin edilmiş və Maraqlı şəxs ilə X4 arasında xx.xx.2016-cı il tarixdə Mingəçevir şəhər Nikah evində bağlanmış və 31 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, 1. Tərəflər aralarında olan nikahın pozulması fikrində qaldılar. 2. Ata Maraqlı şəxs övladları xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X2 ana Həsənova (Bəkirova) Səfa Nizami qızının himayəsində saxlanmasına razıdır. 3. Maraqlı şəxs övladları xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün oktyabr ayının 30-dan başlayaraq növbəti hər ayın 30-dək hər ay hər uşaq üçün 150 (bir yüz əlli ) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment ödəməyi öz öhdəsinə götürür. Aliment ikinci tərəf Ərizəçi açdığı kart hesabına ödəniləcək.

4. Birinci tərəf ikinci tərəflə qarşılıqlı razılıq əsasında və uşaqlarının maraqları çərçivəsində onlarla istənilən vaxt, gecə qalmamaq, ananın yaşadığı şəhərdən kənara çıxarmamaq şərti ilə görüşə biləcək. 5. Birinci tərəfin mülkiyyətində olan, birgə nikah dövrünə aid edilməyən ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilin yaşama, istifadə hüququ və icarəyə vermək hüququnu İkinci tərəfə müddətsiz olaraq verir. ünvan 1 ünvanında yerləşən mənzil Birinci tərəfin mülkiyyətində qalacaq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Həmin Məcəllənin 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Belə olan halda məhkəmə barışıq sazişinin 1-ci şərtini təhlil edib hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2302/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə X4 arasında xx.xx.2016-cı il tarixdə Mingəçevir şəhər Nikah evində bağlanmış və 31 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulduğundan barışıq sazişinin 1-ci şərti təsdiq oluna bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, 5-ci şərtdə göstərilən icarəyə vermək hüququ təsdiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 14.1. Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Beləliklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinin və Mənzil Məcəlləsinin 14.1, 30.4 və 30.7-ci maddələrinin təhlili nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə ərizəçi olan Ərizəçi yalnız mülkiyyətçi ilə razılaşma yolu ilə istifadə və həmin evdə yaşamaq hüququna malikdir. Belə ki, tərəflər xx.xx.2016-cı ildə evləndiyindən hazırki münasibətlərdə Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Həmçinin aydın olur ki, yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Buradan da məlum olur ki, sözügedən yaşayış evi barışıq sazişində ikinci tərəf olaraq adlandırılan Ərizəçi icarəyə vermək hüququ yoxdur. O yalnız həmin yaşayış evində yaşaya və təyinatı üzrə istifadə edə bilər. Ona görə də məhkəmə hesab edir ki, 5-ci şərtin məhz həmin hissəsini təsdiq etmək qeyri-mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il Qərarından görünür ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin 2. Ata Maraqlı şəxs övladları xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 ana Həsənova (Bəkirova) Səfa Nizami qızının himayəsində saxlanmasına razıdır. 3. Maraqlı şəxs övladları xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün oktyabr ayının 30-dan başlayaraq növbəti hər ayın 30-dək hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment ödəməyi öz öhdəsinə götürür. Aliment ikinci tərəf Ərizəçi açdığı kart hesabına ödəniləcək. 4. Birinci tərəf ikinci tərəflə qarşılıqlı razılıq əsasında və uşaqlarının maraqları çərçivəsində onlarla istənilən vaxt, gecə qalmamaq, ananın yaşadığı şəhərdən kənara çıxarmamaq şərti ilə görüşə biləcək. 5. Birinci tərəfin mülkiyyətində olan, birgə nikah dövrünə aid edilməyən ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilin yaşama və istifadə hüququnu İkinci tərəfə müddətsiz olaraq verir. ünvan 3 ünvanında yerləşən mənzil Birinci tərəfin mülkiyyətində qalacağı barədə barışıq sazişinin bəndləri təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar