Məhkəmə qərarları › İş №2(051)-1431/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1431/2025

13.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1431/2025 13.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizə: Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunmasını və barışıq sazişində göstərilənlərə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşaqların saxlanması üçün Maraqlı şəxs hər ay hər birinə 100 manat məbləğində tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar : Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə rəsmi qaydada nigah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nigahdan xx.xx.2010-cu il tarixdə X3, xx.xx.2012-ci il tarixdə X4, xx.xx.2018-ci il tarixdə X2 adlı uşaqları olmuşdur. Nigah xx.xx.2025-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Maraqlı şəxs 3 uşağın saxlanması üçün aliment tələbi ilə əlaqədar mediasiya prosesində olmuşlar. Aralarında olan xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən uşaqlar onun yanında qalmış və uşaqların hər birinin hər ay uşaq yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 manat, cəmi 300 manat tutularaq ona verilməsi barədə razılığa gəlmişlər. Lakin Maraqlı şəxs barışıq sazişinin tələblərini kobud surətdə pozmuş və aliment öhdəliyini lazımi qaydada icra etməmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Belə olan halda məcburən barışıq sazişinin təsdiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək, işləmədiyindən aliment ödəyə bilmədiyini, ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. İş materialları : xx.xx.2025-ci il tarixində Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatında bağlanan Barışıq Sazişinin 2 və 7-ci bəndindən görünür ki, İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfin (Ərizəçi) himayəsində olan övladlarına hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat aliment ödənişi ödəyəcək. Aliment ödənişini xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 1-nə kimi ödəyəcək. AZ-İİ 408487 №li xx.xx.2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2010-cu il tarixdə Yevlax rayon, Varvara kəndində doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. AZ-İİ 985333 №li xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə Yevlax rayon, Varvara kəndində doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. AZ-İV 143597 №li xx.xx.2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.2019-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İşin faktiki halı : xx.xx.2025-ci il tarixdə tərəflər arasında Barışıq Sazişinin bağlanmışdır. Sazişin 2 və 7ci bəndindən görünür ki, İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfin (Ərizəçi) himayəsində olan övladlarına hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat aliment ödənişi ödəyəcəkdir. Aliment ödənişini xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 1-nə kimi ödəməsi müəyyən olunmuşdur. Maraqlı şəxs ərizə ilə bağlı etiraz bildirməmişdir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1 Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3 Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4 Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5 Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi : Ərizəçi ilə maraqlı şəxs arasında mediasiya sessiyası nəticəsində barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2 və 7-ci bəndindən görünür ki, İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfin (Ərizəçi) himayəsində olan övladlarına hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat aliment ödənişi ödəməlidir. Aliment ödənişini xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 1-nə kimi ödəməlidir. Barışıq sazişi maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə icra olunmadığından məhkəmə tərəfindən təsdiq olunmalıdır. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Ərizə təmin edildiyindən ödənilməmiş dövlət rüsumu maraqlı şəxsdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ :

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Mingəçevir 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin. 7) İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfin (Ərizəçi) himayəsində olan övladları xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat aliment ödənişi ödəyəcək. Aliment ödənişini xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 1-nə kimi ödəyəcək. 8) İkinci tərəf (Maraqlı şəxs) ödəyəcəyi aliment məbləğini Birinci tərəfin (Ərizəçi) bankda açdırdığı kart hesabına ödəyəcək. Ödənilməmiş dövlət rüsumu 100 (bir yüz manat) manat Maraqlı şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar