Məhkəmə qərarları › İş №2(051)-1670/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1670/2021

15.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1670/2021 15.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi X6 iştirakı ilə, ölüm faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, qızı X9 ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, o, 17.08.1973-cü ildə X7 ilə ailə qurmuş, birgə nikahlarndan 23.05.1974-cü ildə Arzu, 27.04.1976-cı ildə İbrahim və 06.06.1981-ci ildə Aidə adlı uşaqları anadan olmuşdur. X18 anadan olandan 3 ay sonra xəstələnmiş və rəhmətə getmişdir. Arzunu Yevlax rayonu Tanrıqulular kəndində dəfn etmişlər. Arzu körpə olduğu üçün ölümünü heç bir sənədlə rəsmiləşdirməmişlər. Belə ki, körpə uşağa da ölüm sənədi almağın vacibliyini başa düşməmişlər. İllər ötmüş və bu illər ərzində heç vaxt heç bir idarədə sənədlərlə bağlı işləri olanda uşağın ölümünü təsdiq edən sənədin lazım olduğu bildirilməmişdir ki, vaxtında uşağın ölümünə dair sənədi alsınlar. Bu səbəbdən də Qeydiyyat şöbəsinə müraciət etməmişlər. Oğlu İbrahim 10 iyul 2021-ci il tarixdə vəfat etmiş və vərəsəlik işləri ilə əlaqədar sənədlər siyahı ilə təqdim edildikdə ona övladı Arzunun sistemdə sağ çıxdığını bildirmişlər. Qızının ölümünün qeydə alınması barədə şəhadətnaməsi olmadığı üçün hüququ əhəmiyyəti olan digər faktları müəyyən edə bilmir. Ərizənin təmin olunmasını xahiş edir. Ölüm faktının müəyyən edilməsi ona qızına ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Maraqlı şəxs rəisi Sevinc Hüseynova məhkəmə iclasında ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşı oğludur. Onun qızı Arzu anadan olandan xəstə idi. Arzu 23.05.1974-cü ildə anadan olmuşdur, 05.08.1974-cü ildə vəfat etmişdir. Yas mərasimində qohum kimi yaxından iştirak etmişdir. X5 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşıdır. Qardaşı Multaqənin 3 uşağı olub Arzu, Aidə və İbrahim. Arzu anadan olandan xəstə idi. Arzu 23.05.1974-cü ildə anadan olmuşdur, 05.08.1974-cü ildə vəfat etmişdir. Yas mərasimində qohum kimi yaxından iştirak etmişdir. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun xalası oğludur. Ərizəçinin qızı Arzu 23.05.1974-cü ildə anadan olmuşdur, 05.08.1974-cü ildə vəfat etmişdir. Arzunu Yevlax rayon Tanrıqulular kəndində dəfn etmişlər. Məhkəmə ərizəçini, maraqlı şəxsi və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan doğum haqqında arayışdan görünür ki, X12 23.05.1974-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası X3r. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 arasındakı nikahın pozulması 02.12.1992-ci ildə qeyd edilmişdir. Nikah ləğv edildikdən sonra qadına “İsmayılova” soyadı verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07.10.2006-cı ildə vəfat etmişlər. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-74/15 saylı 28.07.2021-ci il tarixli arayışda göstərilir ki, akt qeydləri arxivində 23.08.1974-28.07.2021-ci il üzrə yoxlama aparılarkən X9 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmadı. Məhkəmə tədqiqi zamanı X9 05.08.1974-cü ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edildi. Həmçinin, müəyyən edildi ki, onun ölümü qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, X9 05.08.1974-cü ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ölüm faktının müəyyən edilməsi ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 23.05.1974-cü ildə Mingəçevir şəhərində anadan olmuş X9 05.08.1974-cü ildə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar