Məhkəmə qərarları › İş №2(051)-1860/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1860/2022

23.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1860/2022 23.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın uşaqların mənafeyi nəzərə alınmaqla bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhər məhkəməsinə müraciət edərək onun adına mülkiyyət hüquqları əsasında qeydə alınmış Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 saylı evin 1 saylı mənzilinin uşaqların mənafeyi nəzərə alınmaqla iddiaçının payının 2/3, cavabdehin payının isə 1/3 hissə müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Cavabdeh ilə xx.xx.2005-ci ildə ailə qurmuşlar. Birgə nikah münasibətlərindən onların iki nəfər uşaqları olmuşdur. xx.xx.2007-ci il təvəllüdlü Səbinə və xx.xx.2008-ci il təvəllüdlü Jalə. Qeyd edir ki, 2013-cü ildə ünvan 1 ünvanda yerləşən mənzili satın almışlar. Münasibətləri pozulduğundan aralarındakı nikah 2017-ci ildə pozulmuşdur. Qızı Səbinənin 15, Jalənin isə 14 yaşı vardır. Ayrıldıqdan sonra uşaqları onun yanında qalmışlar. Həmin ev alınarkən o, işləyirdi və onun adına bankdan dollarla kredit götürülmüşdür. Bütün alınan bankların kreditini o, ödəyirdi. Bankrespublikada olan dollar kreditini ödəmək üçün anası ona 6000 manat pul göndərmişdir. O, həmin kredit borcunu bağlamışdır. Cavabdeh isə heç bir yerdə işləməmişdir. Aldığı 80 manat müavinəti öz ehtiyacları üçün xərcləmişdir. Hətta onun yeməyinidə o, almışdır. Hazırda məcbur qalıb evdən çıxmışdır. Cavabdeh isə ev əşyalrını satmaqla məşğuldur. Odur ki, onun adına mülkiyyət hüquqları əsasında qeydə alınmış Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 saylı evin 1 saylı mənzilinin uşaqların mənafeyi nəzərə alınmaqla iddiaçının payının 2/3, cavabdehin payının isə 1/3 hissə müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh X2 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2017-cü ilin ayının 18 günündə 17 № ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX Seriyalı ******* № li Çıxarışdan görünür ki, 33,59 kv.metr ümumi sahəyə malik Mingəçevir şəhər Üzeyir Hacıbəyov küçəsi ev 78, mənzil 1-də yerləşən daşınmaz əmlak X1 tam xüsusi mülkiyyətindədir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh nikahlarını xx.xx.2005-ci il tarixində rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarıdan xx.xx.2007-ci il təvəllüdlü Səbinə və xx.xx.2008-ci il təvəllüdlü Jalə adlı 2 uşaqları var. Hazırda onların nikahları məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Nikah pozulduqdan sonra uşaqlar iddiaçının yanında qalmışdır. Tərəflər birgə nikah dövründə 2013-cü il tarixində ünvan 2 ünvanında yerləşən mənzili almışlar. Həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı birgə nikah dövründə dövründə qazandıqları mənzilin aralarında bölünməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iş materiallarını araçdırdıqdan sonra gəldiyi qənaət belədir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, göründüyü kimi mübahisəli mənzil 2013-cü ildə tərəflərin birgə nikah dövründə satın alınmışdır. İddiaçı isə adına olan və birgə nikah dövründə satın alınmış əmlakın uşaqların mənafeyi nəzərə alınmaqla 2/3 hissəsində onun xeyrinə bölünməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsində qeyd edilir ki, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətə layiq mənafeyini o, cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Göründüyü kimi uşaqlar hər ikisi iddiaçının yanındadırlar. O, nöqteyi nəzərdən hər iki uşağın iddiaçının yanında qalması, iddiaçıilə yaşamaq istəmələri, uşaqların qayğısı ilə daha çox iddiaçının məşğul olması, onların təhsili, tərbiyyəsi, maddi və mənəvi dəstəyinin daha çox iddiaçı tərəfindən həyata keçirilməsi, iddiaçının cavabdehə nisbətən üstünlüyünü önə çıxaran hal kimi qiymətləndirilir. Bu səbəbdən qeyd edildiyi kimi dövlət orqanları, bütün fiziki və hüquqi şəslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Məhkəmə hesab edir ki, iddianın iddiaçıya münasibətdə uşaqların mənafeyi nəzərə alınmaqla 2/3 hissədə təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi ilə bağlı yaranan mübahisədir və mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci və Ailə Məcəlləsinin 31-37ci maddələri əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ona görə də məhkəmə hesab edir ki, birgə nikah dövründə əldə edilmiş əmlakın qeyri-bərabər bölünməsinə əsas olan hallar müəyyən edildiyindən, birgə nikah dövründə əldə edilmiş Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 saylı evin 1 saylı mənzilinin uşaqların mənafeyi nəzərə alınmaqla iddiaçının payının 2/3, cavabdehin payının isə 1/3 hissə müəyyən olunmaqla payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarında qeyd edilir ki, əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini ifadə edir. Yəni mülki hüquqda əmlak anlayışı şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Şəxsə mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qismini, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qismini təşkil edir. Qanunverici Mülki Məcəllənin 225ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, birgə nikah dövründə əldə edilmiş Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 78 saylı evin 1 saylı mənzilinin uşaqların mənafeyi nəzərə alınmaqla iddiaçının payı 2/3, cavabdehin payı isə 1/3 hissə müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Birgə nikah dövründə əldə edilmiş ünvan 3 ünvanında yerləşən mənzilin 2/3 hissəsi üzərində İddiaçı, 1/3 hissəsi üzərində isə Cavabdeh payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar