Məhkəmə qərarları › İş №2(051)-1983/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1983/2024

23.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1983/2024 23.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi nümayəndəsi Nümayəndə1 Maraqlı şəxs: Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi və məcburi icrasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir 1 saylı X3 Samir Nazir oğlu ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 4-cü bəndinin təsdiq edilməsi, Mingəçevir şəhəri S.Əsgərova (Babək köhnə adı) küçəsi 6 saylı evdə olan ona məxsus cehiz əşyalarının: qonaq dəsti (servant, termo, stol, stullar), 2 dəst yataq dəsti (şfaner, termo, qoşa çarpayı, tumbalar), yorğan, döşəklər, yastıqlar, çxol, prastina (yataq dəsti üzlükləri), adyal, 3 dəst pərdə, 2 ədəd lüstur, divar saatları, divan, kreslo, jurnal stolu, süfrələr, dəsmallar, divan üstü örtükləri, xalçalar, paltaryuyan, tozsoran, peçlər, qazanlar, ləyənlər, mətbəxə aid olan əşyalar, ətçəkən, qab-qacaqlar, ütü, ütü masası, hamam ləvazimatları (fen özünə aid əşyalar), sandıq və içindəki əşyalarının götürülməsinin məcburi icrası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə etdi, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ərizəçi Maraqlı şəxs ilə 22 yanvar 2006-cı ildə Mingəçevir şəhər Nikah evində 14 saylı akt qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Onların birgə nikahlarından 27 iyun 2008-ci il tarixdə Məhəmməd, 30 dekabr 2009-cu il tarixdə Ömər adlı uşaqları doğulmuşdur. Əvvəllər ailə münasibətləri yaxşı olmuş, mehriban yaşamışlar. Sonradan ailələrinə kənar müdaxilələr nəticəsində söz-söhbətlər yarandı. 15 sentyabr 2021-ci il tarixdə Maraqlı şəxs bacısının ailəyə müdaxiləsi nəticəsində yaşadıqları evdə münaqişə yarandı, ərizəçini döyərək evdən çıxardılar. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1062/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə X5 arasında olan, 22 yanvar 2006-cı ildə Mingəçevir şəhər Nikah evində 14 № ilə qeydə alınmış nikah qeydinin pozulması, nikah pozulduqdan sonra 27 iyun 2008-ci il təvəllüdlü X4 iddiaçı Maraqlı şəxs və 30 dekabr 2009-cu il təvəllüdlü X9 isə cavabdeh X5 yanında qalmaları müəyyən olunmuşdur. Ərizəçi 22 yanvar 2006-cı ildə Maraqlı şəxs ilə ailə qurandan Mingəçevir şəhəri S.Əsgərova (ünvan 1 ünvanında olan fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyaları və digər əşyaları həmin evdədir. Maraqlı şəxs ərizəçiyə qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Maraqlı şəxs ilə razılığa gələrək xx.xx.2023-cü il tarixdə X1 iştirakı ilə, Mingəçevir 1 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlamışlar. Barışıq sazişinin şərtlərindən görünür ki, 1. Birinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, Mingəçevir şəhəri, M.Maqomayev prospekti 8 saylı evin 38 saylı 1 otaqlı mənzili İkinci tərəf Ərizəçi mükiyyətində qalır və bununla bağlı gələcəkdə heç bir tələbi olmayacaq. 2. İkinci tərəf Ərizəçi öz üzərinə öhdəlik götürür ki, Mingəçevir şəhəri, M.Maqomayev prospekti 73 saylı evin 12 saylı 3 otaqlı mənzili Birinci tərəf Maraqlı şəxs mükiyyətində qalır və bununla bağlı gələcəkdə heç bir tələbi olmayacaq. 3. Tərəflər razılığa gəlirlər ki, Mingəçevir şəhəri, M.Maqomayev prospekti 73 saylı evin 12 saylı mənzilin Xalq Banka olan ipoteka kredit borcu Birinci Tərəf Maraqlı şəxs tərəfindən ödənilir. 4. Birinci Tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, Mingəçevir şəhəri, S.Əsgərova (Babək köhnə adı) küçəsi, 6 saylı evdə olan İkinci Tərəf Ərizəçi məxsus cehiz əşyalarını 14 iyul 2023-cü il tarixinədək götürməsinə etiraz etmir. 5. Tərəflər öz üzərilərinə öhdəlik götürürlər ki, gələcəkdə birgə nikah dövründə əldə olunmuş əmlakla bağlı bir-birilərinə qarşı heç bir tələbi olmayacaq. 6. Tərəflərin bir-birinə qarşı hər-hansı əmlak və ya qeyri əmlak tələbləri yoxdur və gələcəkdə də olmayacaq. Olduğu halda bu gün tələbi olan tərəf digər tərəfə 15000(on beş) min manat kompensasiya ödənişi ödəyəcək. Saziş tam imzalandığı tarixdən (xx.xx.2023) qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Tərəflər sazişin şərtləri pozulduğu halda məhkəməyə müraciət edə bilərlər. Sazişin 4-cü bəndinə Birinci Tərəf Maraqlı şəxs riayət etməmişdir. Belə ki, saziş bağlanandan sonra bir neçə dəfə cehiz əşyaları olan evə gedilmiş, müxtəlif bəhanələrlə evdə olmamalarını əsas gətirib, cehiz əşyalarını ərizəçiyə vermədilər. Bildirdilər ki, X13 X2. Atasının ağır xəstəliyi ilə əlaqədar başları onun müalicəsinə və müayinəsinə qarışdı. Atası 23 iyul 2024-cü il tarixdə vəfat etdi. Mingəçevir şəhəri S.Əsgərova (ünvan 1 ünvanında olan fərdi yaşayış evinə yenidən gedərək, ərizəçi cehiz əşyalarını götürmək istədi. Ona dedilər ki, vermirlər. Göründüyü kimi Birinci Tərəf Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin 4-cü bəndinin şərtlərini kobud surətdə pozmuşdur. Hazırda Mingəçevir şəhəri, S.Əsgərova (ünvan 2 ünvanında olan fərdi yaşayış evində qonaq dəsti (servant, termo, stol, stullar), 2 dəst yataq dəsti (şfaner, termo, qoşa çarpayı, tumbalar), yorğanlar, döşəklər, yastıqlar, çxol, prastina(yataq dəsti üzlükləri), adyal, 3 dəst pərdə, 2 ədəd lüstur, divar saatları, divan, kreslo, jurnal stolu, süfrələr, dəsmallar, divan üstü örtüklər, xalçalar, paltaryuyan, tozsoran, peçlər, qazanlar, ləyənlər, mətbəxə aid olan əşyalar, ətçəkən, qab-qacaqlar, ütü, ütü masası, hamam üçün lazım olan əşyalar (fen özünə aid əşyalar), sandıq və içindəki əşyaları hamısı həmin fərdi yaşayış evində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi və məcburi icrası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, ərizə tam olaraq əsassızdır. Ərizəçi xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Lakin barışıq sazişinin tələbləri aydın və dəqiq bilinir. Belə ki, barışıq sazişində şərtlərdən də aydın görünür ki, ilk 3 bəndlə bağlı mübahisə yoxdur. Yalnız 4, 5, 6-cı bəndlərlə bağlı mübahisə var. Barışıq sazişinin 4-cü bəndində göstərilmişdir ki, o, S.Əsgərova (köhnə Babək) küçəsi 6 saylı evdən Ərizəçi məxsus cehiz əşyalarını 14 iyul 2023-cü il tarixə kimi götürülməsinə etiraz etmir. Həmin razılaşma 14 iyul 2023-cü il tarixə kimi nəzərdə tutulmuşdur. Səbəb o idi ki, sözügedən şəxs onu narahat etməsin və əşyalarını götürsün. Ərizəçi özünə məxsus əşyaları götürmüşdür və artıq 1 ildən çox müddət keçməsinə baxmayaraq, qərəzli olaraq onu və ailəsini narahat etməyə çalışır. Barışıq sazişində müddət qoyulmasının səbəbi bundan sonrakı müddətə olan bütün mübahisələrə son qoymaqdır. Sözügedən əşyalarla bağlı barışıq sazişində müddəa varmı? Ərizəçi elə bir əşyalar yazıb ki, sanki 18 il bundan əvvəl olan əşyalar dünən alınmış kimi. Sözügedən cehiz əşyaları barışıq sazişində yoxdur və ola da bilməzdi. Çünki bununla bağlı razılaşma ola bilməzdi. Sözügedən ev onun deyil, anasının mülkiyyətindədir. Barışıq sazişinin şərtlərində olmayan tələbi ərizəyə yazmaq qanuna müvafiq deyil. Onlar barışıq sazişini tərtib edərkən tərəflər arasında olan razılaşma ondan ibarət olmuşdur ki, həmin gündən sonra tərəflər arasında heç bir əmlak və ya qeyri əmlakla bağlı mübahisə olmayacaq. Lakin Ərizəçi barışıq sazişinin bu şərtlərini pozmuşdur. Barışıq sazişinin yalnız 5 və 6-cı bəndlərinin (şərtlərinin) pozulması səbəbindən barışıq sazişinin 6-cı bəndinin təsdiq edilməli olması qənaətindədir. Ərizəçi məqsədi əmlak tələbi olsaydı, o, həmin vaxtlar bu məsələni qabardardı. Lakin əşyalarını götürdükdən sonra qərəzli olaraq barışıq sazişinin tələblərini pozmuşdur. Əmlakların 14 iyul 2023-cü ilə kimi götürülməsi şərtini və 6-cı bənddə olan 15000 manat kompensasiyanı qoymaqda məqsədləri bu mübahisənin yenidən əsassız olaraq qaldırılmaması idi. Lakin Ərizəçi barışıq sazişinin 6-cı bəndinin icra olunmasını mütləq etmişdir. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)- 1062/2022 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə X5 arasında olan, 22 yanvar 2006-cı ildə Mingəçevir şəhər Nikah evində 14 № ilə qeydə alınmış nikah qeydi pozulması, nikah pozulduqdan sonra 27 iyun 2008-ci il təvəllüdlü X4 iddiaçı Maraqlı şəxs və 30 dekabr 2009-cu il təvəllüdlü X9 isə cavabdeh X5 yanında qalmaları müəyyən olunması, 08 aprel 2022-ci il tarixdən başlayaraq, Maraqlı şəxs 30 dekabr 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs aylıq qazancının 1/4 hissəsi miqdarında aliment hər ay tutulub cavabdeh X8 verilməsi qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs ilə X5 nikahı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra qadına “Kərimova” soyadı verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixdə ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış barışıq sazişindən görünür ki, 1. Birinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, Mingəçevir şəhəri, M.Maqomayev prospekti 8 saylı evin 38 saylı 1 otaqlı mənzili İkinci tərəf Ərizəçi mükiyyətində qalır və bununla bağlı gələcəkdə heç bir tələbi olmayacaq. 2. İkinci tərəf Ərizəçi öz üzərinə öhdəlik götürür ki, Mingəçevir şəhəri, M.Maqomayev prospekti 73 saylı evin 12 saylı 3 otaqlı mənzili Birinci tərəf Maraqlı şəxs mükiyyətində qalır və bununla bağlı gələcəkdə heç bir tələbi olmayacaq. 3. Tərəflər razılığa gəlirlər ki, Mingəçevir şəhəri, M.Maqomayev prospekti 73 saylı evin 12 saylı mənzilin Xalq Banka olan ipoteka kredit borcu Birinci Tərəf Maraqlı şəxs tərəfindən ödənilir. 4. Birinci Tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, Mingəçevir şəhəri, S.Əsgərova (Babək köhnə adı) küçəsi, 6 saylı evdə olan İkinci Tərəf Ərizəçi məxsus cehiz əşyalarını 14 iyul 2023-cü il tarixinədək götürməsinə etiraz etmir. 5. Tərəflər öz üzərilərinə öhdəlik götürürlər ki, gələcəkdə birgə nikah dövründə əldə olunmuş əmlakla bağlı bir-birilərinə qarşı heç bir tələbi olmayacaq. 6. Tərəflərin bir-birinə qarşı hər-hansı əmlak və ya qeyri əmlak tələbləri yoxdur və gələcəkdə də olmayacaq. Olduğu halda bu gün tələbi olan tərəf digər tərəfə 15000(on beş) min manat kompensasiya ödənişi ödəyəcək. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2024-cü ildə vəfat etmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə Maraqlı şəxs 22 yanvar 2006-cı ildə Mingəçevir şəhər Nikah evində 14 saylı akt qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Onların birgə nikahlarından 27 iyun 2008-ci il tarixdə Məhəmməd, 30 dekabr 2009-cu il tarixdə Ömər adlı uşaqları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah qeydi məhkəmə qaydasında pozulmuşdur. Tərəflər arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış, həmin barışıq sazişindən görünür ki, 1. Birinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, Mingəçevir şəhəri, M.Maqomayev prospekti 8 saylı evin 38 saylı 1 otaqlı mənzili İkinci tərəf Ərizəçi mükiyyətində qalır və bununla bağlı gələcəkdə heç bir tələbi olmayacaq.

2. İkinci tərəf Ərizəçi öz üzərinə öhdəlik götürür ki, Mingəçevir şəhəri, M.Maqomayev prospekti 73 saylı evin 12 saylı 3 otaqlı mənzili Birinci tərəf Maraqlı şəxs mükiyyətində qalır və bununla bağlı gələcəkdə heç bir tələbi olmayacaq. 3. Tərəflər razılığa gəlirlər ki, Mingəçevir şəhəri, M.Maqomayev prospekti 73 saylı evin 12 saylı mənzilin Xalq Banka olan ipoteka kredit borcu Birinci Tərəf Maraqlı şəxs tərəfindən ödənilir. 4. Birinci Tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, Mingəçevir şəhəri, S.Əsgərova (Babək köhnə adı) küçəsi, 6 saylı evdə olan İkinci Tərəf Ərizəçi məxsus cehiz əşyalarını 14 iyul 2023-cü il tarixinədək götürməsinə etiraz etmir. 5. Tərəflər öz üzərilərinə öhdəlik götürürlər ki, gələcəkdə birgə nikah dövründə əldə olunmuş əmlakla bağlı bir-birilərinə qarşı heç bir tələbi olmayacaq. 6. Tərəflərin bir-birinə qarşı hər-hansı əmlak və ya qeyri əmlak tələbləri yoxdur və gələcəkdə də olmayacaq. Olduğu halda bu gün tələbi olan tərəf digər tərəfə 15000(on beş) min manat kompensasiya ödənişi ödəyəcək. Ərizəçi iddia edir ki, Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin 4-cü bəndi qeyri-müəyyən olduğundan, həmin bəndin imzalandığı gündən, könüllü şəkildə icra edilib-edilməməsi ilə bağlı məsələni müəyyən etmək mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin Maraqlı şəxs Mingəçevir şəhəri, S.Əsgərova (Babək köhnə adı) küçəsi, 6 saylı evdə olan Ərizəçi məxsus cehiz əşyalarını 14 iyul 2023-cü il tarixinədək götürməsinə etiraz etmədiyinə dair öz üzərinə öhdəlik götürməsinə dair 4-cü bəndi qanuna zidd olduğundan, təsdiq edilməməlidir. Belə ki, barışıq sazişinin 4-cü bəndində həmin əşyaların nədən ibarət olması göstərilməmişdir. Həmin bənddə Ərizəçi məxsus cehiz əşyalarının adları qeyd edilmədiyindən, burada konkret olaraq hansı əşyalardan söhbət getdiyi müəyyən edilə bilmir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Azərbaycan Respublikası MPM-in 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, Maraqlı şəxs Mingəçevir şəhəri, S.Əsgərova (Babək köhnə adı) küçəsi, 6 saylı evdə olan Ərizəçi məxsus cehiz əşyalarını 14 iyul 2023-cü il tarixinədək götürməsinə etiraz etmədiyinə dair öz üzərinə öhdəlik götürməsinə dair barışıq sazişinin 4-cü bəndi qanuna uyğun olmadığına görə təsdiq edilməməlidir. Azərbaycan Respublikası MPM-in 355-26.1-maddəsinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilməsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, Maraqlı şəxs Mingəçevir şəhəri, S.Əsgərova (Babək köhnə adı) küçəsi, 6 saylı evdə olan Ərizəçi məxsus cehiz əşyalarını 14 iyul 2023-cü il tarixinədək götürməsinə etiraz etmədiyinə dair öz üzərinə öhdəlik götürməsinə dair barışıq sazişinin 4-cü bəndinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar