Məhkəmə qərarları › İş №2(051)-2019/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2019/2022

25.10.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2019/2022 25.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Ərizəçi Maraqlı şəxs2 ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs2 arasında xx.xx.2022ci il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, ərizəçi 24 aprel 2006-ci ildə tarixdə Maraqlı şəxs2 ilə rəsmi nikaha bağlamaqla evlənmişdir. Birgə nikahlarından 25 mart 2007-ci il tarixdə Aqil və 26 oktyabr 2009-cu il tarixdə Müjgan adlı uşaqları doğulmuşdur. Aralarında münaqişə olması səbəbindən faktiki ayrılmışlar. Maraqlı şəxs2 ilə alimentin ödənilməsi ilə bağlı mediatorun iştirakı ilə xx.xx.2022-ci il tarixdə aralarında barışıq sazişi bağlanmışdır. Ərizəçi bir müddət gözləmişdir ki, Maraqlı şəxs2 sazişin şərtlərinə riayət edərək alimenti könüllü ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs2 hazırki vaxta qədər heç bir ödəniş etməmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə ərizəçi və maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan nikahın bağlanması haqqında AZ-İ 228826 saylı şəhadətnamədən notarial qaydada təsdiq edilmiş görünür ki, Maraqlı şəxs2 ilə X1 24 aprel 2006-ci il tarixdə Mingəçevir şəhəri Nikah evində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdurlar. Nikah bağlandıqdan sonra arvada “Tahirova” soyadı verilmişdir. İşdə olan doğum haqqında AZ-İ 850074 saylı şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs2 ilə Ərizəçi birgə nikahından 25 mart 2007-ci il tarixdə Aqil adlı uşaqları doğulmuşdur. İşdə olan doğum haqqında AZ-İİ 382487 saylı şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 26 oktyabr 2009-cu il tarixdə Müjgan adlı uşaqları doğulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, Ərizəçi himayəsində olan 25 mart 2007-ci il təvəllüdlü Aqil və 26 oktyabr 2009-cu il təvəllüdlü Müjgan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs2 hər ay əmək haqqının 70 faizini miqdarında alimentin hər ay ərizəçinin açdığı bank hesabına köçürülməsi, həmçinin alimentin ödənilməsinin tərəflərin uşaqları orta ixtisas və ya ali təhsil müəssisəsinə qəbul olacağı təqdirdə, həmin təhsil müəssisəni bitirənədək davam etməsinə dair razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs2 ilə Ərizəçi arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən Ərizəçi himayəsində olan 25 mart 2007-ci il təvəllüdlü Aqil və 26 oktyabr 2009-cu il təvəllüdlü Müjgan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs2 hər ay əmək haqqının 70 faizini miqdarında alimentin hər ay ərizəçinin açdığı bank hesabına köçürülməsi , həmçinin alimentin ödənilməsinin tərəflərin uşaqları orta ixtisas və ya ali təhsil müəssisəsinə qəbul olacağı təqdirdə, həmin təhsil müəssisəni bitirənədək davam etməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilsin. Maraqlı şəxs2 ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən Ərizəçi himayəsində olan 25 mart 2007-ci il təvəllüdlü Aqil və 26 oktyabr 2009-cu il təvəllüdlü Müjgan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs2 hər ay əmək haqqının 70 faizini miqdarında alimentin hər ay ərizəçinin açdığı bank hesabına köçürülməsi, həmçinin alimentin ödənilməsinin tərəflərin uşaqları orta ixtisas və ya ali təhsil müəssisəsinə qəbul olacağı təqdirdə, həmin təhsil müəssisəni bitirənədək davam etməsinə dair barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar