Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2123/2022 01.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia 9840 manat dəyərindəki daşınar əşyaların və ya onların dəyərinin ona qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 2010-cu il tarixdən 2018-ci ilin oktyabr ayınadək olan müddət ərzində Bələdiyyə ilə aralarında icarə müqaviləsi bağlanmışdır. Sonradan X2 3-cü buxtası ərazisində yerləşən torpaq sahəsi də onun icraəsinə verilmişdir. Həmin dövr ərzində şəxsi vəsaiti hesabına sözügedən torpaq sahəsinə ağaclar əkmiş, tikili tikmiş və lazımi avadanlıqlarla təchiz etmişdir. İcarə müqaviləsi bitdikdən sonra isə yenisi bağlanmamışdır və əmlakı orada qalmışdır. Bələdiyyə isə sözügedən torpaq sahəsinin onun mülkiyyətində olmadığını Cavabdeh təbeliyində olduğunu bildirmişdir. İcra Hakimiyyəti isə həmin torpaq sahəsinin Su Anbarının mühafizə zolağı olduğunu, icarəyə verilmədiyi qeyd edilmişdir, ancaq əmlakının və çəkilən xərclərin geri qaytarılması ilə bağlı hər hansı məlumat verilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı Məhkəmə əsl olmayan cavabdehin, yəni Cavabdeh, əsl cavabdehlə (Mingəçevir Şəhər Bələdiyyəsi) əvəz edilməsi barədə iddiaçıya müraciət etdi. İddiaçı cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi ilə razılaşmayaraq iddia ərizəsində göstərilən Cavabdeh tanınmasını xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclası zamanı torpaq sahəsinin təmsil etdiyi dövlət orqanına məxsus olmadığını, hüquq münasibətinin Mingəçevir Şəhər Bələdiyyəsi ilə İddiaçı arasında yarandığını, belə olan halda cavabdeh qismində Cavabdeh göstərilməsinin əsassız olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin olunmamalıdır. İşdə olan xx.xx.2016-cı il tarixli və xx.xx.2018-ci il tarixli Torpağın icarəsi müqaviləsindən görünür ki, İddiaçı ilə Mingəçevir Şəhər Bələdiyyəsi arasında X5, 3-cü Buxta ərazisində yerləşən torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. İşdə olan “Mobil MMC” tərəfindən verilmiş Rəydən görünür ki, İddiaçı tərəfindən X2 sahilində yerləşən torpaq sahəsinə çəkdiyi xərc 9840 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından da göründüyü kimi, icarə müqavilələri Mingəçevir Şəhər Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmışdır. Belə olduğu halda iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh qismində Cavabdeh göstərilməsi əsassızdır. Belə ki, işə əlavə olunmuş sənədlərdən və izahatlardan görünür ki, İddiaçı tələb hüququ Cavabdehnə deyil, Mingəçevir Şəhər Bələdiyyəsinə qarşı yaranmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. MPM 50.3) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1ci maddəsinin məzmunundan da aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman ''tərəf' ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarını bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Məhkəmə vurğulayır ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Bəzi hallarda isə cavabdeh özü iddiaçının hüquq və maraqlarına toxunan heç bir hərəkət etməsə də; mübahisəli hüquq münasibətinin subyekti olur. Hazırki işdən görünür ki, Cavabdeh iddiaçının iddiasına cavab verməli olan şəxs olmadığından iddia düzgün olmayan cavabdehə qarşı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilsr. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən iddia tələbi bu səbəbdən də təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddia tələbi məhz iddiaya cavab verməli olan subyektə qarşı irəli sürüldüyü halda, məhkəmə bununla bağlı qərar qəbul edə bilər. Məhkəmə nəzərə alır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi də hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına uyğun olaraq hesab edir ki, iddiaçının əmlakının və ya onun dəyərinin alınması tələbinin əsaslı olması üçün iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə icarə müqaviləsi bağlanmalı, cavabdeh isə müqavilə münasibətinə xitam verildikdən sonra vəzifəsini icra etməlidir. Hazırkı vəziyyətdə isə iddiaçı ilə cavabdeh arasında qeyd olunan mülki hüquq münasibəti yaranmadığından, iddiaçının cavabdehə qarşı əmlakı və ya onun dəyərini tələb etmək hüququ da yaranmamışdır. Cavabdeh qismində göstərildiyi halda, iddiaçı ilə hər hansı hüquq münasibəti yaranmadığı üçün iş üzrə iddianın təmin edilməsinə əsas yoxdur. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin sadalanan normalarının tələblərinə əsaslanmaqla hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğuna görə, eyni zamanda, düzgün olmayan cavabdehə qarşı yönəldiyindən İddiaçı Cavabdehnə qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və çəkilmiş xərclərin ödənilməsi iddiası təmin edilməməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM–in 216–220 və 360– cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi rədd edilsin. İddiaçı Cavabdehnə qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2123/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2123/2022
01.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver