Məhkəmə qərarları › İş №2(051)-2187/2023

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-2187/2023

21.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2187/2023 21.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Mingəçevir şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və və əlavə olaraq göstərdi ki, o, Cavabdeh onun şəhər sakini kimi uzun müddətdir ki tanıdığı olmuşdur. Uzun müddət tanıdığı üçün ona inanaraq cəmi 2500 manat borc pul vermişdir. Daha sonra Zöhrab pulu qaytarmaqda çətinlik çəkdiyini, ona aid qızılları ona verməyini və bununla da qızılları girov qoyaraq pul götürüb onun pulunu verəcəyini bildirmişdir. Onun 1 ədəd qolbağını, 1 ədəd boyunbağını, 1 ədəd saatını, 1 cüt sırğanı girov qoyaraq pul götürüb problemlərini həll etməyi və onun pulunu geri qaytarmağı öhdəsinə götürmüşdür. Onun ailə vəziyyətini nəzərə alaraq qızıllarımı banka qoyaraq aylıq ödənişi az olmaqla ödəməyinə razı oldu .Zöhrab Ekspresbankdan müddəti 24 ay olmaqla 2370 manat pul götürüb onun pulunu geri qaytardı. Daha sonra Zöhrab qızılları girov qoyduğu yerdən ödəniş edərək qızılları götürmüşdür. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq ona məxsus qızıl-zinət əşyalarını verməkdən boyun qaçırır. Dəfələrlə ona məxsus qızıl-zinət əşyalarını tələb etməyinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək müddət uzadır və qızılları qaytarmaqdan qərəzli olaraq boyun qaçırır. Ona məxsus qızıl- zinət əşyalarının başqa yolla alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Aşağıda qeyd etdiyi qızıl-zinət əşyalarını cavabdehə vermişdir: 1 ədəd qolbağəyarı 750, çəkisi 13 .qiyməti 1347.84 manat, 1 ədəd boyunbağı,1 ədəd saat, 1 cüt sırğa əyarı 583, çəkisi 41, qiyməti 3453.84 manat. Cavabdeh ondan aldığı qızıl zinət əşyalarını və ya dəyərini ona qaytarmalıdır. Cavabdehə qarşı ərizə ilə Mingəçevir şəhər Polis Şöbəsinə də müraciət etmişdir. Cavabdeh tərəfindən ona məxsus qızıl-zinət əşyalarının özgəninkiləşdirilməsi onun konstitision hüquqlarını pozur. Cavabdehlərdən ona məxsus qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınıb ona verilməsi qanuni və əsaslıdır. Odur ki, cavabdehdən ona məxsus 1 ədəd qolbağ- qiyməti 1347.84 manat, əyarı 750, çəkisi 13 qram, 1 ədəd boyunbağı,1 ədəd saat, 1 cüt sırğa əyarı 583, çəkisi 41, qiyməti 3453.84 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin və 70 (yetmiş) manat dövlət rüsumunun tutulub ona verilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqda təkrar rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, iddiaçının ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Expressbank ASC-nin girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi barədə 858661.1 nömrəli aktın surətindən görünür ki, 1 ədəd qolbağ- qiyməti 1347.84 manat, əyarı 750, çəkisi 13 qram, 1 ədəd boyunbağı,1 ədəd saat, 1 cüt sırğa əyarı 583, çəkisi 41, qiyməti 3453.84 manat dəyərində qızıl-zinət əşyaları girov olaraq qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının cavabdehdə qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, cavabdeh iddiaçıya ona aid qızılları ona verməyini və bununla da qızılları girov qoyaraq pul götürüb onun pulunu verəcəyini bildirərək, iddiaçının 1 ədəd qolbağını, 1 ədəd boyunbağını, 1 ədəd saatını, 1 cüt sırğanı girov qoyaraq pul götürüb problemlərini həll etməyi və onun pulunu geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh Ekspresbankdan müddəti 24 ay olmaqla 2370 manat pul götürüb onun pulunu geri qaytarsa da, girov qoyulmuş qızılları qaytarmamışdır. İddiaçı tələb etsə də, cavabdeh həmin qızıl əşyalarını qaytarmaqdan imtina etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, iddiaçının tələb etdiyi qızıl əşyalarının dəyəri və çəkisi məhkəmə iclası zamanı öz təsdiqini tapmışdır. Belə ki, həmin qızıl əşyalarının qiyməti və çəkisi barədə mübahisə olmadığına görə iddiaçının bildirdikləri inandırıcı və ağlabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə yaranmış mübahisəni həll edərkən, öz qənaətini işin həqiqi hallarına uyğun hesab edərək belə nəticəyə gəlir ki, iddiaçıya məxsus 1 ədəd dəyəri 1347.84 manat olan, 13 qram çəkidə, əyarı 750 olan qolbağ və dəyəri 3453.84 manat olan, ümumi 41 qram çəkidə, əyarı 583 olan bir ədəd boyunbağı, bir ədəd saat və bir cüt sırğa cavabdehdə qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Həmin əşyalar iddiaçının sahibliyində olmuş və iddiaçı həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Buna baxmayaraq, hazırda həmin əşyalar iddiaçının iradəsinə zidd olaraq cavabdehin sahibliyindədir. Cavabdehin həmin əşyalar üzərində heç bir hüququ olmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı qızıl-zinət əşyaları ilə bağlı tələb hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli və iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları cavabdehdən naturada, naturada mövcud olmadıqda isə dəyəri alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1 ədəd dəyəri 1347.84 manat olan, 13 qram çəkidə, əyarı 750 olan qolbağ və dəyəri 3453.84 manat olan, ümumi 41 qram çəkidə, əyarı 583 olan bir ədəd boyunbağı, bir ədəd saat və bir cüt sırğa naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyəri alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 70 manat pul alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında Mingəçevir şəhər Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar