Məhkəmə qərarları › İş №2(051)-2230/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2230/2025

23.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2230/2025 23.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 29 iyul 2025ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2024-cü il təvəllüdlü X2 üçün Maraqlı şəxs hər ay 2025-ci il avqust ayının 1-dən başlayaraq 350 manat alimentin tutularaq ona ödənilməsi barədə barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxsdən alınaraq ona ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Maraqlı şəxs ilə faktiki nikah münasibətinə girmişdir. Birgə münasibətdən 04 yanvar 2024-cü il tarixdə Xədicə adlı uşağı doğulmuşdur. Bir müddət sonra Maraqlı şəxslə ailədə münasibətləri kəskinləşdi və ayrıldılar. Sonra isə Maraqlı şəxs qızı Xədicənin saxlanması üçün aliment tələbi ilə əlaqədar mediasiya prosesində olmuşlar. Aralarında bağlanmış 29 iyul 2025-ci il tarixli barışıq sazişinə əsasən qızı Xədicə onun yanında qalmışdır. Xədicənin yetkinlik yaşına çatana kimi saxlanması üçün 2025-ci il avqust ayının 1-dən başlayaraq növbəti hər ayın 1-dək 350 (üç yüz əlli) manat alimentin tutularaq ona ödənilməsi barədə razılığa gəlmişlər. Lakin Maraqlı şəxs barışıq sazişinin tələblərini kobud surətdə pozmuş, aliment öhdəliyini lazımi qaydada icra etməmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Belə olan halda barışıq sazişinin həmin hissəsinin təsdiq olunması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 29 iyul 2025-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2024-cü ildə doğulan övladı X3 Ərizəçi himayəsində qalmasına razı olması, Maraqlı şəxs Ərizəçi himayəsində olan övladı X1 üçün 2025-ci il avqust ayının 1dən başlayaraq növbəti hər ayın 1-dək 350 (üç yüz əlli) manat aliment ödəməyi üzərinə öhdəlik götürməsi, Maraqlı şəxs ödəyəcəyi aliment məbləğini Ərizəçi bankda açdırdığı kart hesabına ödəməyi üzərinə öhdəlik götürməsi, Ərizəçi övladının Maraqlı şəxs ilə həftədə bir dəfə olmaqla, hər həftənin altıncı günü, gecə qalmamaq şərti ilə görüşməsinə razı olması ilə bağlı ərizəçi ilə maraqlı şəxs arasında razılıq əldə edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 04 yanvar 2024-cü il tarixdə doğulmuş Xədicə adlı uşağın anası Ərizəçi, atası Maraqlı şəxsdur. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs Ərizəçi 04 yanvar 2024-cü il tarixdə doğulmuş Xədicə adlı uşağın atası hesab edilmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən etdi ki, ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 29 iyul 2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi, uşağın saxlanması üçün alimentin ödənilməsi hissəsində könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin icra edilməyən hissəsinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında barışıq sazişi qanunda nəzərdə tutulmuş qaydada bağlanmış, lakin imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində barışıq sazişinin uşağın saxlanması üçün alimentin ödənilməsi hissəsi icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs Ərizəçi himayəsində olan övladı X1 üçün 2025-ci il avqust ayının 1-dən başlayaraq növbəti hər ayın 1-dək 350 (üç yüz əlli) manat aliment ödəməyi üzərinə öhdəlik götürməsi, Maraqlı şəxs ödəyəcəyi aliment məbləğini Ərizəçi bankda açdırdığı kart hesabına ödəməyi üzərinə öhdəlik götürməsinə dair hissədə barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğdə pul vəsaiti maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 29 iyul 2025-ci il tarixdə bağlanmış, Maraqlı şəxs Ərizəçi himayəsində olan, xx.xx.2024-cü ildə doğulan övladı X1 üçün 2025-ci il avqust ayının 1-dən başlayaraq növbəti hər ayın 1-dək 350 (üç yüz əlli) manat məbləğində aliment ödəməyi, ödəyəcəyi aliment məbləğini Ərizəçi bankda açdırdığı kart hesabına ödəməyi üzərinə öhdəlik götürməsinə dair barışıq sazişinin 2 və 3cü bəndləri təsdiq edilsin. Maraqlı şəxs ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (bir yüz) manat məbləğində pul alınıb Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar