Məhkəmə qərarları › İş №2(051)-2323/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2323/2025

26.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2323/2025 26.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Niftaliyev Ayxan Niyaməddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Mingəçevir regional “Asan Xidmət” X11 cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizə: Ərizəçi maraqlı şəxs Mingəçevir regional “Asan Xidmət” X11 cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhərində, valideynlərinin birgə nikahından xx.xx.1972-ci ildə anadan olmuş və xx.xx.1972-ci ildə vəfat etmiş qardaşı X6 atasının X12 və anasının X2 olması və uşağın üç aylığında vəfat etməsi faktının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi tələbini dəqiqləşdirərək qardaşı xx.xx.1972-ci il təvəllüdlü X6 xx.xx.1972-ci ildə Mingəçevir şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, ona məxsus mənzilin sənədləşdirilməsi ilə bağlı aidiyyəti orqana müraciət etdikdə, ona valideynlərinin ondan başqa İlqar Məmmədov adlı digər oğlunun da olduğu və həmin şəxsin mənzil üzərində hüququnun mövcud ola biləcəyi bildirilmişdir. Valideynlərinin sözlərinə əsasən, qardaşı körpə olarkən vəfat etmişdir. Bu barədə məlumat verildikdə ərizəçidən ölüm haqqında şəhadətnamə tələb edilmiş, lakin aparılmış axtarışlara baxmayaraq həmin sənəd aşkar edilməmişdir. Bununla əlaqədar olaraq Mingəçevir şəhər qeydiyyat şöbəsinə müraciət edilmiş və verilmiş cavabda X6 05 aprel 1972-ci il tarixdə doğulduğu göstərilmiş, lakin onun ölüm faktının dövlət qeydiyyatına alınmasına dair hər hansı məlumatın mövcud olmadığı bildirilmiş, məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Ərizəçinin valideynləri - anası X7 və mərhum atası X19 rəsmi nikahda olmuş və bu nikahdan beş övladları dünyaya gəlmişdir. Həmin övladlardan biri ərizəçi, digərləri üç bacısı və mərhum qardaşı İlqar olmuşdur. İlqar körpə ikən vəfat etmişdir. Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışda mərhum İlqar Məmmədovun adı qeyd edilmişdir. Eyni zamanda, Daxili İşlər Nazirliyi tərəfindən 13 oktyabr 2025-ci il tarixdə verilmiş ailə tərkibi haqqında arayışda da onun adı göstərilmişdir. Mərhum qardaşı X6 ölməsini təsdiq edən kifayət qədər sübutları var. Qeyd etdiklərini məhkəməyə gətirəcəyi şahidləri belə təsdiq edə bilərlər. Hazırda mərhum qardaşı X6 ölüm faktının tanınması zərurəti yaranmışdır və onun ölüm faktı müəyyən edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 öz izahatında bildirdi ki, İlqar Məmmədov onun oğlu olmuşdur. xx.xx.1972-ci il tarixdə doğulmuşdur. 1972-ci ilin may ayının 7-də qəfil ürək tutmasından vəfat etmişdir. Həmin zaman uşaq körpə vaxtında qəfil vəfat etməsi səbəbi ilə nə edəcəklərini bilməmişlər. İlqar Məmmədovu mərhum əri və qudası Mingəçevir şəhərində yerləşən Əli qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 öz izahatında göstərdi ki, Ərizəçi və onun ailəsi ilə uzun müddətdir ki, qonşudurlar. 1972-ci ilin may ayının 7-də İlqar Məmmədov körpə olan zaman ürək xəstəliyi olmasından vəfat etmişdir. Həmin vaxt uşağın dəfnində atası iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 öz izahatında göstərdi ki, Ərizəçi ailəsi ilə 1971-ci ildən qonşu olmuşdur. 1972-ci ilin may ayının 7-də qonşusu Abbas Məmmədovun körpə oğlu İlqarın ölməsini eşitmişdir. Bundan sonra o, Abbas Məmmədov və adını xatırlamadığı bir şəxs ilə uşağı Mingəçevir şəhər Əli qəbiristanlığında uşaqlar üçün ayrıca yerdə dəfn etmişlər. Maraqlı şəxs Mingəçevir regional “Asan Xidmət” X11nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Ədliyyə Nazirliyi Mingəçevir Qeydiyyat Şöbəsi tərəfindən X15 ünvanlanmış 3-16-5/8- 15-493/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. xx.xx.2025-ci il tarixli, 3-16-5/7-15-1158.1/2025 saylı Mingəçevir regional “Asan Xidmət” X11 tərəfindən verilmiş arayışa əsasən Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1940-cı il tarixdə Ermənistan, Çəmbərək rayonunda anadan olmuş X12 barəsində Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2025-ci ilədək aparılmış və arvadı X5 (xx.xx.1950), qızı X13 (xx.xx.1971-ci il), oğlu- X18 (xx.xx.1972-ci il), oğlu- Ərizəçi (xx.xx.1973-cü il), qızı- X9 (xx.xx.1976-cı il), qızı-X16 (xx.xx.1969-cu il) olması aşkar edilmişdir. AZ-İİ 516041 №li xx.xx.2025-ci il tarixində Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydlərində 208 № ilə qeyd edilmişdir. İİ-ЖГ №261185, xx.xx.1973-cü il tarixində verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü ildə Mingəçevir şəhərində doğulmuş, atası- X19, anası- X3r. xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.2006-cı il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. 261185 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası X19, anası X3r. xx.xx.1972-ci il tarixli 419 №li doğum haqqında akt qeydinin surətindən görünür ki, X18 xx.xx.1972-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası X19, anası X3r. Mingəçevir Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, X18 1972-ci il tarixdə vəfat etmişdir. Arayışa əlavə edilmiş xx.xx.2026-cı il tarixli akta əsasən X1 şəhər Sağ Sahil (Əli) qəbiristanlığında dəfn olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən olunmuş halı: Ərizəçi mənzilin sənədləşməsi işi ilə bağlı qardaşı X6 ölüm haqqında şəhadətnaməsini almaq istəyir. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Mingəçevir Şəhər Qeydiyyat şöbəsi tərəfindən ərizəçinin qardaşı xx.xx.1972-ci il təvəllüdlü X6 ölümü haqqında akt qeydi aşkar olunmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçinin qardaşı X18 xx.xx.1972-ci ildə Mingəçevir şəhərində doğulmuş, 07.05. 1972-ci il tarixdə Mingəçevir şəhərində ölmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi: Ərizəçinin qardaşı X18 xx.xx.1972-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. O, 1972-ci il tarixdə may ayında Mingəçevir şəhərində ölmüş və həmin şəhər qəbiristanlığında dəfn edilmişdir. Lakin onun ölümü qeydə alınmamışdır. Ərizəçi qardaşı xx.xx.1972-ci il təvəllüdlü X6 Mingəçevir şəhərində doğulub, xx.xx.1972-ci il tarixdə Mingəçevir şəhərində vəfat etdiyi və həmin şəhər qəbristanlığında dəfn edilməsi faktı şahid ifadələri, qəbir daşının fotoşəkili və təqdim edilmiş sənədlərlə müəyyən olunmuşdur. Ona görə də ərizə təmin edilməli, xx.xx.1972-ci il təvəllüdlü X6 xx.xx.1972-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1972-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X6 xx.xx.1972-ci il tarixdə Mingəçevir şəhərində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Mingəçevir regional “Asan Xidmət” X11nə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar