Məhkəmə qərarları › İş №2(051)-2429/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2429/2024

15.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2429/2024 15.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi : İddia tələbi :

1. Ərizəçi Maraqlı şəxs ilə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 30 may 2023-cü il tarixdə barışıq sazişi bağlamışdır. Həmin barışıq sazişində 22 avqust 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay 200 (iki yüz) manat olmaqla aliment pulunun tutulması və ərizəçiyə ödənilməsi barədə razılığa gəlmişlər. Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın ən geci sonuna kimi aliment ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Lakin maraqlı şəxs üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirmir. Odur ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasına dair qətnamə çıxarılmasını xahiş edir.

İş materialları :

3. Mingəçevir 1 saylı Mediasiya təşkilatının MŞM/MT031/2023-00650 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən müəyyən olunur ki, aralarında şəxsi və ailə münasibətləri pozulduğuna görə nikahın pozulması və sair mübahisənin həlli məqsədi ilə X2 1 saylı Mediasiya Təşkilatına etdiyi müraciət əsasında Təşkilatın mediatoru X1 vasitəsi ilə Maraqlı şəxs ilə ərizəçinin arasında xx.xx.2023-cü il tarixli Barışıq Sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən:

1. Tərəflər aralarında olan nikahın pozulması fikrində qaldılar.

2. Birinci tərəf (Maraqlı şəxs) xx.xx.2009-cu ildə doğulan övladı X3 İkinci tərəfin (Ərizəçi) himayəsində qalmasına razıdır.

3. Birinci tərəf İkinci tərəfin himayəsində olan övladı X4 o, yetkinlik yaşına çatanadək 2023-cü ilin iyun ayının 1-dən başlayaraq hər ayın ilk on günü ərzində 200 (iki yüz) manat məbləğində aliment ödəmək öhdəliyini öz üzərinə götürür.

4. Birinci tərəf İkinci tərəflə qarşılıqlı razılıq əsasında və uşaqlarının maraqları çərçivəsində onunla istənilən vaxt və istənilən qaydada görüşə biləcək.

5. Sazişin şərtləri pozulduğu halda Tərəflər məhkəməyə müraciət edə bilərlər.

6. Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərərfindən verilmiş AZ-İİ seriyalı, 325916 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2009-cu ildə anadan olmuşdur, atası Maraqlı şəxs və anası Ərizəçidır. Tərəflərin izahatları :

4. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, maraqlı şəxslə aralarındakı nikah pozulmuşdur. xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikadan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq üç aydır aliment ödənişi etmir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

İşin faktiki halı :

5. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Zeynəb adlı uşaqları doğulmuşdur.

6. Ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində MŞM/MT031/2023-00650 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 3-cü bəndinə əsasən maraqlı şəxs 01 iyun 2023-cü il tarixdən başlayaraq 200 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür.

7. Maraqlı şəxs qeyd edilən barışıq sazişinin alimentlə bağlı şərtini yerinə yetirmədiyindən ərizəçi 30 may 2023-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilərək, xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay 200 (iki yüz) manat alimentin Ərizəçi xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

Tətbiq edilən hüquq :

8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

10. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

12. “Uşaq Hüquqları haqqında” Qanun :

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Məhkəmənin mövqeyi :

13. Məhkəmə iş materiallarını tədqiq edərək, işdə olan sübutları qiymətləndirərək və tərəflərin izahatlarını dinləyərək qeyd edir ki, ərizə qismən təmin edilməlidir.

14. Belə ki, ailə qanunvericiliyinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Mediasiya haqqında qanunvericiliyə əsasən isə ailə münasibətlərindən irəli gələn mübahisələr, o cümlədən uşağın saxlanılması qaydası mediasiya vasitəsilə həll oluna bilər. Valideynlər mediasiya prosesində barışıq sazişi bağlamaqla alimentin miqdarını və ödənilmə qaydasını müəyyən edə bilərlər.

15. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər.

16. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs mediasiya prosesi nəticəsində bağlanmış MŞM/MT031/2023-00650 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsinin şərtlərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir.

17. Məhkəmə qeyd edir ki, sözügedən MŞM/MT031/2023-00650 nömrəli, xx.xx.2023-cü il tarixli mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentə dair hissəsi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.

18. Məhkəmə barışıq sazişinin digər bəndlərinin təsdiq edilməsinə münasibətdə qeyd edir ki, ərizəçi ərizəsində maraqlı şəxs tərəfindən barışıq sazişinin yalnız aliment ödənişi barədə hissənin yerinə yetirilmədiyini qeyd etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Nəticə :

19. Beləliklə ərizə qismən təmin edilməli, ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış MŞM/MT031/2023-00650 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişi alimentə dair hissəsində təsdiq edilməlidir.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ :

Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Mingəçevir 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞM/MT031/2023-00650 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “Birinci tərəf Maraqlı şəxs xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ikinci tərəf Ərizəçi 200 manat aliment ödəməyə razıdır və həmin məbləği 2023-cü ilin iyun ayının 1-dən başlayaraq hər ayın ilk on günü ərzində Ərizəçi ödəməyi öz üzərinə öhdəlik götürür”. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın Qətnamə dərhal icra edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar