Məhkəmə qərarları › İş №2(051)-2594/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2594/2024

09.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2594/2024 09.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və barışıq sazişində göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixdə barışıq sazişinə əsasən 01 avqust 2024-cü ildən başlayaraq 28 yanvar 2016-cı il təvəllüdlü Roman, 17 fevral 2018-ci il təvəllüdlü Fateh və 24 sentyabr 2022-ci il təvəllüdlü Günəş adlı uşaqların saxlanması üçün Maraqlı şəxs uşaqlar yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 235 manat, cəmi 705 manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə nikahlarını 14 fevral 2015-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahdan 28 yanvar 2016-cı il təvəllüdlü Roman, 17 fevral 2018-ci il təvəllüdlü Fateh və 24 sentyabr 2022- ci il təvəllüdlü Günəş adlı uşaqları olmuşdur. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuş, onlar mehriban yaşamışlar. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozuldu. Buna səbəb cavabdehlə xasiyyətlərnin uyğun olmamasıdır. Dəfələrlə ailə münasibətlərini bərpa etməyə çalışsada heç bir nəticəsi olmamışdır. Hal hazırda cavabdehlə münasibətləri pozulmuş və nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişlər. Cavabdeh onlara baxmır və bizə heç bir maddi yardım etmir. Onlar cavabdehlə 24 iyul 2024-cü il tarixdə bərabər mediasiya prosesində olmuşlar. Aralarında olan xx.xx.2024-cü il tarixdə barışıq sazişinə əsasən 28 yanvar 2016-cı il təvəllüdlü Roman, 17 fevral 2018-ci il təvəllüdlü Fateh və 24 sentyabr 2022-ci il təvəllüdlü Günəş adlı uşaqları onun yanımda qalmış və cavabdehdən hər ay, hər uşağa yetkinlik yaşma çatana kimi saxlanması üçün 235 manat, cəmi 705 manat aliment verilməsi və s. ilə əlaqədar razılığa gəlmişlər. Lakin cavabdeh barışıq sazişinin tələblərini kobud surətdə pozmuş və barışıq sazişi imzalanandan dərhal sonra alimentlə bağlı hissədə şərtləri pozmuşdur. Maraqlı şəxs aliment öhdəliyini icra etməmiş və icra etməyəcəyini bildirmişdir. Onun barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Belə olan halda məcburən barışıq sazişinin təsdiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin olunmasını xahiş edir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçini izahatı, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşin materiallarında olan xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, 1. tərəflər aralarında bağlanmış nikahın vaxt verilmədən pozulması fikrində qalırlar. 2. Birinci tərəf xx.xx.2022-ci ildə doğulan övladı X2, xx.xx.2016-cı ildə doğulan övladı X3 və xx.xx.2018-ci ildə doğulan övladı X1 ikinci tərəfin himayəsində qalmasına razıdır. 3. Birinci tərəf ikinci tərəfin himayəsində olan övladlarına 2024-cü ilin avqust ayının 1-dən başlayaraq növbəti hər ayın 1-dək bir uşağa 235 manat olmaqla ümumi olmaqla 705 manat aliment ödəməyi öz üzərinə öhdəlik götürür. 4. Birinci tərəf ikinci tərəflə qarşılıqlı razılıq əsasında uşaqların maraqları çərçivəsində həftənin bazar günü və digər uyğun olan günlərdə saat 10:00-dan 18:00-dək görüşməsinə razıdır. 5. Birinci tərəf ödəyəcəyi alimenti ikinci tərəfin bankda açdığı hesabına kart hesabına ödəyəcəkdir. 6. Birinci tərəf ikinci tərəfin uşaqları xaricə aparması üçün istənilən vaxt xarici pasport almasına notariusa gedərək etibarnamə verməsinə razıdır. 7. Birinci tərəf ikinci tərəfin adına olan reyestr nömrəsi **********33-05301-093033, xx.xx.2021-ci il tarixli Mingəçevir şəhəri, Nizami Gəncəvi küçəsi bina 12A-da yerləşən ümumi sahəsi 94,8 kv.m olan 2 otaqlı 16 saylı mənzilin ikinci tərəfdə qalmasına razıdır və öhdəlik götürür ki, gələcəkdə bu mənzilə qarşı heç bir iddia etməyəcək. 8. İkinci tərəf xx.xx.2022-ci ildə doğulan övladı X2, xx.xx.2016-cı ildə doğulan övladı X3 və xx.xx.2018-ci ildə doğulan övladı X1 öz himayəsində qalmasına razıdır. 10.İkinci tərəf öz himayəsində olan övladlarına Birinci tərəfin 2024-cü ilin avqust Ayının 1-dən başlayaraq növbəti hər ayın 1-dək bir uşağa 235 manat olmaqla ümumi 705 mnat ödəməsinə razıdır. 11. İkinci tərəf Birinci tərəflə qarşılıqlı razılıq əsasında, uşaqlarının maraqları çərçivəsində həftənin bazar günü və digər uyğun olan günlərdə saat 10:00-dan 18:00-dək görüşməsinə öhdəlik götürür. 12. İkinci tərəf Birinci tərəfin ödəyəcəyi aliment məbləğini bankda açdığı kart hesabına ödəməsinə razıdır.

13. İkinci tərəf (Ərizəçi) öz adına olan reyestr nömrəsi **********33-05301-093033, xx.xx.2021-ci il tarixli Mingəçevir şəhəri, Nizami Gəncəvi küçəsi bina 12A-da yerləşən ümumi sahəsi 94,8 kv.m olan 2 otaqlı 16 saylı mənzilinin özündə qalmasına razıdır. 14. Sazişin şərtləri pozulduqda Tərəflər məhkəməyə müraciət edə bilərlər. İşdə olan Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2022-ci ildə doğulan X2, xx.xx.2016-cı ildə doğulan X3 və xx.xx.2018-ci ildə doğulan X1 Maraqlı şəxs və Ərizəçi birgə nikahlarından doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinı əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Yekunda məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən qanunla müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin 3-cü bəndinə əsasən 01 avqust 2024-cü ildən başlayaraq 28 yanvar 2016-cı il təvəllüdlü Roman, 17 fevral 2018-ci il təvəllüdlü Fateh və 24 sentyabr 2022-ci il təvəllüdlü Günəş adlı uşaqların saxlanması üçün Maraqlı şəxs hər ay hər uşağa 235 manat, cəmi 705 manat alimentin ödənilməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir, qalan hissədə təmin edilməməlidir. Belə ki, ərizəçi ərizəsində barışıq sazişinin aliment tutulmasına dair hissəsinin icra olunması xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə qismən təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin Maraqlı şəxs Ərizəçi himayəsində olan övladlarına 2024-cü ilin avqust ayının 1-dən başlayaraq növbəti hər ayın 1-dək bir uşağa 235 manat olmaqla ümumi 705 manat aliment ödəməyi öz üzərinə öhdəlik götürməsinə dair hissəsi təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar