Məhkəmə qərarları › İş №2(051)-2643/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2643/2025

07.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2643/2025 07.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizə: Ərizəçi Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq olunmasını və barışıq sazişində göstərilənlərə əsasən xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 adlı uşaqların saxlanması üçün Maraqlı şəxs hər ay hər uşağa 100 manat, cəmi 200 manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar : Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs ilə 19 oktyabr 2020-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Rəsmi nikahlarından 05 fevral 2021-ci il təvəllüdlü X2 və 06 iyun 2022-ci il təvəllüdlü X1 adlı uşaqları olmuşdur. Sonradan aralarındakı münasibətlər pozulduğundan boşanma qərarına gəlmişlər. Aralarında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1674/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozularkən aliment müəyyən edilməsi miimkün olmamışdır. O, hal hazırda iki yetkinlik yaşına çatmayan övladı ilə birgə atası evində yaşayır. Hazırda heç bir yerdə işləmir. Uşaqların tələbatını ödəməkdə çətinlik çəkir. Valideynləri ona və uşaqlarına maddi dəstək göstərir. Uşaqların təhsil, hazırlıq, yemək və sağlamlığının müayinəsi ilə əlaqədar müntəzəm xərclər tələb olunur, bir sözlə, onlara normal maddi təminat lazımdır, bu səbəbdən övladlarının saxlanmasında aliment ödənməlidir. Cavabdehlə xx.xx.2022-ci il tarixdə bərabər mediasiya prosesində olmuşlar. Aralarında olan xx.xx.2022-ci il tarixdə barışıq sazişinə əsasən 05 fevral 2021-ci il təvəllüdlü X2 və 06 iyun 2022-ci il təvəllüdlü X1 adlı uşaqlarının onun yanında qalması və cavabdehdən hər ay, hər uşağa yetkinlik yaşına çatana kimi saxlanılması üçün 100 manat, cəmi 200 manat aliment verilməsi və s. ilə əlaqədar razılığa gəlmişlər. Lakin cavabdeh barışıq sazişinin tələblərini kobud surətdə pozmuş və barışıq sazişi imzalanandan dərhal sonra alimentlə bağlı hissədə şərtləri pozmuşdur, cavabdeh aliment öhdəliyini icra etməmiş və icra etməyəcəyini bildirmişdir. Belə olan halda məcburən barışıq sazişinin təsdiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları : Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək, ərizəçinin tələbi ilə razı olduğunu, təmin edilməsinə etirazı olmadığını bildirdi. İş materialları : xx.xx.2022-ci il tarixində bağlanan Barışıq Sazişinin 2.1.4-cü bəndindən görünür ki, İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfin (Ərizəçi) himayəsində olan övladlarına hər uşaq üçün hər ay 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment ödəyəcək. Aliment pulunu hər ay Birinci tərəfin açdığı bank hesabına ödəyəcək. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1674/2022 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs və Ərizəçi arasında olan xx.xx.2020-ci ildə Mingəçevir regional “Asan Xidmət” mərkəzində 410 № ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, X2 xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası, Maraqlı şəxs, anası Ərizəçidır. X1 xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. xx.xx.2022-ci il tarixdə verilmiş ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.2020-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İ 439264 №li xx.xx.2022-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, xx.xx.2022-ci il tarixdə 130 № ilə akt qeydləri kitabında qeyd edilmişdir. İşin faktiki halı : xx.xx.2022-ci il tarixdə tərəflər arasında Barışıq Sazişi bağlanmışdır. Sazişin 2.1.4-cü bəndindən görünür ki, İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfin (Ərizəçi) himayəsində olan övladlarına hər ay 200 manat aliment ödənişi ödəyəcəkdir. Aliment ödənişini hər ay Birinci tərəfin açdığı bank hesabına ödəyəcəyi müəyyən edilmişdir. Ərizəçi tələbinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etməmişdir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1 Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3 Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4 Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5 Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi : Ərizəçi ilə maraqlı şəxs arasında mediasiya sessiyası nəticəsində barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2.1.4-cü bəndinə görə İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfin (Ərizəçi) himayəsində olan övladlarına hər ay 200 manat aliment ödənişi ödəməlidir. Aliment ödənişini hər ay Birinci tərəfin açdığı bank hesabına ödəməlidir. Barışıq sazişi maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə icra olunmadığından məhkəmə tərəfindən təsdiq olunmalıdır. Alimentin tutulması 26 dekabr 2025-ci ildən hesablanmalıdır. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ :

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin: 2.1.4) İkinci tərəf (Maraqlı şəxs) Birinci tərəfin (Ərizəçi) himayəsində olan xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 adlı uşaqlara görə hər uşaq üçün hər ay 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment ödənişi ödəyəcək. Aliment ödənişini hər ay Birinci tərəfin açdığı bank hesabına ödəyəcək. Alimentin tutulması 26 dekabr 2025-ci ildən hesablansın. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar