Məhkəmə qərarları › İş №2(051)-396/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-396/2025

06.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-396/2025 06.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Maraqlı şəxs nümayəndəsi X1 iştirakları ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi və məcburi icrasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onların arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 6-cı bəndinin təmin olunmaqla Maraqlı şəxs 15000 manat kompensasiyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə etdi, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Maraqlı şəxs mənə qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi və məcburi icrası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sözügedən iddia rədd edilmiş və bununlada Barışıq sazişinin 6-cı bəndi pozulmuşdur. İlk öncə bildirməlidir ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Sözügedən iddia rədd edilmişdir. Barışıq sazişində şərtlərdən də aydın görünür ki, ilk 3 bəndlə bağlı mübahisə yoxdur. Yalnız 4, 5, 6-cı bəndlərlə bağlı mübahisə var və həmin hissələrə aydınlıq gətirir. Onlar barışıq sazişini tərtib edərkən tərəflər arasında olan razılaşma ondan ibarət olmuşdur ki, həmin gündən sonra tərəflər arasında heç bir əmlak və ya qeyri əmlakla bağlı mübahisə olmayacaq. Lakin Maraqlı şəxs bu Barışıq sazişinin şərtlərini pozmuşdur. Bu səbəbdən də barışıq sazişinin yalnız 5 və 6-cı bəndlərinin (şərtlərinin) pozulması səbəbindən Barışıq sazişinin 6-cı bəndin təstiq edilməli olması qənaətindədir. Odur ki, Maraqlı şəxs 15000 manat kompensasiyanın tutulub ona verilməsini xahiş edir. Maraqlı şəxs məqsədi əmlak tələbi olsaydı o, həmin vaxtlar bu məsələni qabardardı. Lakin əşyalarını götürdükdən sonra qərəzli olaraq bu cür iddia qaldırmaqla qərəzli olaraq barışıq sazişinin tələblərini pozmuşdur. O, əmlakların 14 iyul 2023-cü ilə kimi götürülməsi şərtini və 6-cı bənddə olan 15000 manat kompensasiyanın qoymaqda məqsədləri bu mübahisənin yenidən əsassız olaraq qaldırılmaması idi. Lakin Maraqlı şəxs qəsdən bu cür əsassız tələb qoymaqla Barışıq sazişinin 6-cı bəndinin icra olunmasını mütləq etmişdir. Odur ki, barışıq sazişinin həmin bəndinin icra olunması lazımdır. Bundan əlavə o, qarşılıqlı iddia verməklə ilkin iddianın qişmən təmin edilməklə Barışıq sazişinin 6-cı bəndinin təmin olunmaqla qarşılıqlı iddia üzrə Maraqlı şəxs 15000 manat Kompensasiyanın alınıb mənə verilməsini tələb edir. Qarşılıqlı iddia vaxtında verilmiş və dövlət rüsumu tam olaraq ödənilmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs nümayəndəsi X2 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, hazırki iş üzrə maraqlı şəxs onun qızıdır. Onlardan kompensasiya tələb edilməsinə səbəb qızının məhkəməyə müraciət etməsidir. Onlar hesab edir ki, məhkəməyə müraciət etmək qızının hüququdur. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)- 1983/2024 saylı qətnaməsindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023cü il tarixdə bağlanmış barışıq sazişinin 4-cü bəndinə əsasən Ərizəçi öz üzərinə Mingəçevir şəhəri, S.Əsgərova (Babək köhnə adı) küçəsi, 6 saylı evdə Maraqlı şəxs məxsus cehiz əşyalarının 14 iyul 2023-cü il tarixinədək götürməsinə etiraz etmədiyinə dair öhdəlik götürdüyündən həmin sazişinin 4-cü bəndinin təsdiq edilməsindən imtina edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixdə ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış barışıq sazişindən görünür ki, 1. Birinci tərəf Ərizəçi öz üzərinə öhdəlik götürür ki, Mingəçevir şəhəri, M.Maqomayev prospekti 8 saylı evin 38 saylı 1 otaqlı mənzili İkinci tərəf Maraqlı şəxs mükiyyətində qalır və bununla bağlı gələcəkdə heç bir tələbi olmayacaq. 2. İkinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürür ki, Mingəçevir şəhəri, M.Maqomayev prospekti 73 saylı evin 12 saylı 3 otaqlı mənzili Birinci tərəf Ərizəçi mükiyyətində qalır və bununla bağlı gələcəkdə heç bir tələbi olmayacaq. 3. Tərəflər razılığa gəlirlər ki, Mingəçevir şəhəri, M.Maqomayev prospekti 73 saylı evin 12 saylı mənzilin Xalq Banka olan ipoteka kredit borcu Birinci Tərəf Ərizəçi tərəfindən ödənilir. 4. Birinci Tərəf Ərizəçi öz üzərinə öhdəlik götürür ki, Mingəçevir şəhəri, S.Əsgərova (Babək köhnə adı) küçəsi, 6 saylı evdə olan İkinci Tərəf Maraqlı şəxs məxsus cehiz əşyalarını 14 iyul 2023-cü il tarixinədək götürməsinə etiraz etmir. 5. Tərəflər öz üzərilərinə öhdəlik götürürlər ki, gələcəkdə birgə nikah dövründə əldə olunmuş əmlakla bağlı bir-birilərinə qarşı heç bir tələbi olmayacaq. 6. Tərəflərin bir-birinə qarşı hər-hansı əmlak və ya qeyri əmlak tələbləri yoxdur və gələcəkdə də olmayacaq. Olduğu halda bu gün tələbi olan tərəf digər tərəfə 15000 (on beş) min manat kompensasiya ödənişi ödəyəcək. Beləliklə, iş materiallarının və ərizəçinin istinad etdiyi şərt barışıq sazişinin 6-cı bəndi olan “6. Tərəflərin bir-birinə qarşı hər-hansı əmlak və ya qeyri əmlak tələbləri yoxdur və gələcəkdə də olmayacaq. Olduğu halda bu gün tələbi olan tərəf digər tərəfə 15000 (on beş) min manat kompensasiya ödənişi ödəyəcək.” Şərtidir. Hazırki iş üzrə ərizəçi qarşı tərəfin barışıq sazişinin şərtlərini pozmasını qarşı tərəfin məhkəməyə müraciət etməsində ifadə etmişdir. Lakin buna baxmayaraq məhkəmə hesab edir ki, maraqlı şəxsin məhkəmə müdafiəsindən istifadə etmək hüququ Konstitusiya ilə təsbit edilmiş hüququdur və həmin hüququn məhdudlaşdırılması qanunvericiliyin tələblərinə ziddir. Ona görə də məhkəmə hesab edir ki, maraqlı şəxsin məhkəməyə müraciət etməsi səbəbindən qarşı tərəfin kompensasiya tələb etməsi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin bəndlərinə əsasən İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.2023-cü il tarixli barışıq sazişinin 6-cı bəndinin təmin olunmaqla Maraqlı şəxs 15000 manat kompensasiyanın alınıb ona verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəsi rədd edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçi xx.xx.2023-cü il tarixli barışıq sazişinin 6-cı bəndinin təmin olunmaqla Maraqlı şəxs 15000 manat kompensasiyanın alınıb ona verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar