Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-449/2021 19.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X10, cavabdehin nümayəndəsi X2 iştirakı ilə X1 cavabdeh Mingəçevir bələdiyyəsinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X3 cavabdeh Mingəçevir bələdiyyəsinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X10 iddianı müdafiə edərək izahatında bildiridi ki, İddiaçı xx xxxx 2017-ci ildən Mingəçevir bələdiyyəsində “Maliyyə, vergi və ödənişlər” şöbəsində sahə nəzarətçisi vəzifəsində işləyirdi. Mingəçevir bələdiyyəsinin sədrinin xx xxxxxx 2021-ci il tarixli əmri ilə iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ”b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarmasını bəhanə gətirərək işdən azad olunmuşdur. Halbuki iddiaçı ilə əmək müqaviləsi müddətli bağlanmışdır. Həmçinin iddiaçı ilə əmək müqaviləsi müddətli bağlanması qeyriqanunidir. Ona görə ki, iddiaçının işi daimi xarakterlidir. İddiaçı ilə əvvəlki illərdə bağlanmış əmək müqaviləsində müddət göstərilmiş olsa da, 2020-ci ildə bağlanmış müqavildə müddət göstərilməmiş, yəni müddətsiz bağlanmışdır. Budan əlavə iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman o, qabaqcadan xəbərdar edilməmiş və onun ailə vəziyyəti nəzərə alınmamışdır. İddiaçının birinci nikahdan bir uşağı, ikinci nikahdan isə iki uşağı vardır. Birinci nikahdan olan uşağa görə hər ay 110 manat aliment ödəyir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi onun ailəsinin maddi vəziyyətini ağırlaşdırılmasına səbəb olur. İddianın təmin olunmasını, iddiaçının işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Mingəçevir bələdiyyəsinin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, bələdiyyə yerli özünüidarə orqanıdır. Əldə etdiyi gəlirinə görə də işçi qüvvəsi saxlayır. Ona görə də işçilərlə müddətli əmək müaviləsi bağlayır. İddiaçı ilə də işə götürülən zaman müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı xx xxxx 2017-ci ildə bələdiyyənin “Maliyyə, vergi və ödənişlər” şöbəsinə sahə nəzarətçisi işinə qəbul edilmişdir. Onunla əmək müqaviləsi xx xxxxxx 2018-ci il tarixədək bağlanmışdır. xx xxxxxx 2018-ci ildə iddiaçı ilə əmək müqaviləsi bir il müddətinə yenidən bağlanmış və sonrakı illərdə müddət çatdıqda müqavilə eyni illərdə uzadılmışdır. İddiaçının əmək funksiyası təhkim olunduğu ərazi üzrə vergi və ödənişlər yığmaq, ödəyicilərə tədiyyə bildirişləri çatdırmaq və sairdən ibarət idi. Əmək haqqı da bələdiyyəyə daxil olan vəsaitə uyğun hesablanırdı. Lakin iddiaçı öz işini yaxşı qura bilmədiyinə görə ona həvalə edilmiş əmək funksiyasının öhdəsindən gələ bilmirdi. Bu da bələdiyyənin əldə edə biləcək gəlirinə mənfi təsir göstərirdi. Ona görə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti qurtardıqdan sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, iddia əsassızdır, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan Mingəçevir Bələdiyyəsinin sədri ilə İddiaçı arasında bağlanmış xx xxxx 2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı bələdiyyənin “Maliyyə, vergi və ödənişlər” şöbəsinin vergi və ödənişlər üzrə sahə nəzarətçisi vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək müddətinə bağlanmışdır. İşə əlavə olunmuş Mingəçevir Bələdiyyəsi ilə İddiaçı arasındakı xx xxxxxx 2018-ci il tarixli razılaşmadan görünür ki, əmək müqaviləsinin müddəti xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. İşdə olan tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarxli razılaşmadan görünür ki, əmək müaviləsinin müddəti xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. İşdə olan Mingəçevir Bələdyyəsinin sədriin 01/k №-li xx xxxxxx 2021-ci il tarixli əmrindən görünür ki, bələdiyyənin “Vergi və ödənişlər” şöbəsinin sahə nəzarətçisi Abdullayev Fərhad Ənvər oğlu ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddəti qurtardığına görə) xx xxxxxx 2021-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin «a» və «ç» bəndlərinə əsasən əmək müqaviləsinin şərtlərinə və öhdəliklərinə əməl etmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı işəgötürən Mingəçevir bələdiyyəsi ilə bağlanmış xx xxxx 2017-ci il tarixli müqavilə lə 11(on bir) ay müddətnə, xx xxxxxx 2018-ci il tarxədək bələdiyyənin “Vergi və ödənişlər” şöbəsinə sahə nəzarətçisi vəzifəsinə qəbul edilmişdir. Müddət bşa çatdıqdan sonra əmək müqaviləsi tərəflərin razılığı ilə xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2019-cu ilə kimi, sonra xx xxxxxx 2019-cu ildən xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Həmin müddət başa çatdıqdan sonra da tərəflər əmək müqaviləsinin xitamını tələb etməmiş, əmək münasibətləri davam etmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əmək müqaviləsinin müddəti qurtardığına görə İddiaçılə bağlanmış əmək müqaviləsinin Mingəçevir bələdiyyəsinin 01/k №-li xx xxxxxx 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlandığı hallar sadalanmışdır. Həmin maddənin «f» bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə işəgötürən arasında müqavilə müddətli bağlanmışdır. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu norma imperativ xarakter daşıyır və işəgötürənin bilavasitə səlahiyyətinə aiddir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 76-cı maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəlləsinin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71,76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətinə xitam verilmişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman hüquq normalarının pozulmasına yol verilməmişdir. Ona görə də iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddiası təmin olunmamalıdır. İddiaçı öz tələbini onunla bağlanmış əmək müqaviləsinin müddətli deyil, müddətsiz bağlanması ilə əsaslandırsa da, bunu təsdiq edən sübutu məhkəməyə təqdim etmədi. Bundan əlavə iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuzluğunun onun əvvəl xəbərdar edilməməsi ilə əsaslandırmışdır. Halbuki müddətli əmək müqaviləsinə xitam verilən zaman işçinin əvvəl rəsmi xəbərdar edilməsi hüquq normasında nəzərdə tutulmamışdır. «X5rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neqanti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: X1 cavabdeh Mingəçevir bələdiyyəsinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-449/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-449/2021
19.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver