Məhkəmə qərarları › İş №2(051)-512/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-512/2022

26.01.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-512/2022 26.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi nümayəndəsi (vəkil) X2 iştirakı ilə Ərizəçi Maraqlı şəxs2 ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs2 arasında 29.11.2021ci il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə etdi, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ərizəçi 04 noyabr 2001-ci ildə tarixdə Maraqlı şəxs2 ilə rəsmi nikaha bağlamaqla evlənmişdir. Birgə nikahlarından 18 noyabr 2002-ci il tarixdə Ülvi və 03 yanvar 2007-ci il tarixdə Fidan adlı uşaqları doğulmuşdur. Aralarında münaqişə olması səbəbindən faktiki ayrılmışlar. Ülvi adlı uşaqları ali məktəbdə ali təhsil alır. Fidan adlı uşaqları isə uzun illərdir ki, ağır xəstədir. Buna baxmayaraq, Maraqlı şəxs2 uzun müddətdir ki, uşağın xərclərinin ödənilməsində iştirak etmir. Fidan adlı uşağın xəstəliyi səbəbindən ərizəçi onu bir saniyə belə tək qoya bilmir. Bütün bunları bilən Maraqlı şəxs2 aldığı məvacibi gizlədir və ərizəçini maddi çətinliklərdə qoyur. Uşağın psixologiyasına mənfi təsir etməməsi üçün hələlik boşanmamağa qərar versələr də, alimentin ödənilməsi ilə bağlı mediatorun iştirakı ilə 29 noyabr 2021-ci il tarixdə aralarında barışıq sazişi bağlanmışdır. Ərizəçi ilin sonuna qədər gözləmişdir ki, Maraqlı şəxs2 sazişin şərtlərinə riayət edərək alimenti könüllü ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs2 hazırki vaxta qədər heç bir ödəniş etməmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçiyə və maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmişsurətlərindən görünür ki, Maraqlı şəxs2 ilə Ərizəçi birgə nikahından 03.01.2007-ci il tarixdə Fidan və 18.11.2002-ci il tarixdə Ülvi adlı uşaqları doğulmuşdur. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs2 ilə X3 04.11.2001-ci il tarixdə Gəncə şəhəri Nikah evində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdurlar. Nikah bağlandıqdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir. İşdə olan 29.11.2021-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, Ərizəçi qəyyumluğunda olan 03.01.2007-ci il təvəllüdlü X1 xəstə olmasını nəzərə alaraq, saxlanması üçün Maraqlı şəxs2 hər ay əmək haqqının 75 faizini aliment olaraq ödəyəcəyi barədə razılığa gəlinmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə Maraqlı şəxs2 04.11.2001-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə evlənmiş, onların birgə nikahlarından 03.01.2007-ci il tarixdə Fidan və 18.11.2002-ci il tarixdə Ülvi adlı uşaqları doğulmuşdur. Ülvi adlı uşaqları yetkinlik yaşına çatmış, lakin Fidan adlı uşaq isə yetkinlik yaşına çatmamışdır. Ona görə də Fidan adlı uşağın saxlanması üçün Maraqlı şəxs2 hər ay əmək haqqının 75 faizi miqdarında alimentin alınaraq ərizəçiyə verilməsi ilə bağlı tərəflər arasında mediasiya prosesi nəticəsində 29.11.2021-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs2 tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs2 tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs2 ilə Ərizəçi arasında 29.11.2021-ci il tarixdə bağlanmış, Maraqlı şəxs2 03.01.2007-ci il təvəllüdlü Fidan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay əmək haqqının 75 faizi miqdarında alimentın alınaraq ərizəçiyə ödənilməsi dair barışıq sazişi məcburi icra ediməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs2 ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində 29.11.2021-ci il tarixdə bağlanmış, Maraqlı şəxs2 03.01.2007-ci il təvəllüdlü Fidan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay əmək haqqının 75 faizi miqdarında alimentın alınaraq Ərizəçi ödənilməsinə dair barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar