Məhkəmə qərarları › İş №2(051)-57/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-57/2021

01.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-57/2021 01.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və vəkili X6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X3 Cavabdeh qarşı «yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi, mənzilə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X3 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri Nizami küçəsi 8 saylı evin, 3 saylı mənzilinin onların arasında paylara uyğun, onların aralarında hər birilərinin payına uyğun 1/6 hissədə olması nəzərə alınmaqla naturada bölünməsi, mənzilə köçürülmələri haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X3 vəkili X9 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhəri Nizami küçəsi 8 saylı evin, 3 saylı mənzil onların hər birinin 1/6 hissədə olmaqla şərikli mülkiyyələridir. xx.xx.2016-cı ildən mülkiyyət hüquqları qeydə alınmışıdır. Onlar bacı-qardaşdırlar. Ancaq Cavabdeh onlara miras payı verilməsinə razı olmadığından aralarında mübahisə yaranmış və hələ də mənzilin bölünməsinə razılığa gələ bilmirlər. Əvvəllər mənzildə yaşasalar da, hazırda cavabdeh mənzilin qapısının açarını dəyişdiyindən mənzilə daxil ola bilmirlər. Dəfələrlə könüllü qaydada evi satıb bölməyi təklif etsələr də, bunun heç bir nəticəsi olmamışdır. Ona görə də Məhkəmədən Mingəçevir şəhəri Nizami küçəsi 8 saylı evin, 3 saylı mənzilinin onların arasında paylara uyğun, onların aralarında hər birilərinin payına uyğun 1/6 hissədə olması nəzərə alınmaqla naturada bölünməsi, mənzilə köçürülmələri barədə qətnamə çxarılmasını xahiş edir. Cavabdeh və iddiaçı X7 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 084629 saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Nizami küçəsi 8 saylı evin, 3 saylı mənzilinin 1/6 hissəsi mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdeh və X3 Cavabdeh oğlunun adına xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. Mülki iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxx 2020ci il tarixli, 10/1187 saylı rəyinin nəticə hissəsindən görünür ki, Mingəçevir şəhəri, Nizami küçəsi 8 saylı evin, 3 saylı mənzilinin naturada təcrid mənzillər şəklində 6 hissəyə paylara uyğun şəkildə bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə iddiaçı və onu vəkilinin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun mahiyyətini daha geniş açıqlayan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ – əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunveriliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak üzərində öz mülahizələri ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X8 qeyd olunan mənzilin onun payına düşən hissəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə həmin mənzilə köçürülməni tələb etməyə haqlıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Mingəçevir şəhərinin Nizami küçəsi 8 saylı evin, 3 saylı mənzilinin 1/6 hissəsi mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdeh və X3 Cavabdeh oğlunun adına qeydə alınmışdır. Məhkəmə araşdırılmasının daha obyektiv aparılması məqsədi ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/1187 saylı rəyindən görünür ki, Mingəçevir şəhəri, Nizami küçəsi 8 saylı evin, 3 saylı mənzilinin naturada bölünməsi mümkün deyil. Ekspert rəyini mötəbər sübut kimi qəbul edərək iddianın təmin edilməməsi qənaətindədir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə 100 manat məbləğdə ekspertiza xərci iddiaçılar və cavabdeh arasında bölünməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı1 Cavabdeh qarşı yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 şəhərinin Nizami küçəsi 8 saylı evin, 3 saylı mənzilinə köçürülsün. İş üzrə 100 manat ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdeh və X2 Cavabdeh oğlundan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin ediməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar