Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-705/2021 10.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil Neymər qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiasını cavabdehlər tərəfindən cəmi qiyməti 3200 manat olan 30 adda əşyasının talanması və geri qaytarılmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 25 №li ev onun valideynlərinə məxsus olmuşdur. Atasının ölümündən sonra ev X5nın mülkiyyətinə keçmişdir. O da valideynləri və bacı-qardaşları ilə birlikdə həmin evdə yaşamışdır. 1994-cü ildə ailə qurduqdan sonra həmin evdən çıxmış, cehiz əşyalarnı da aparmışdır. Özü əri ilə bir müddət Mingəçevir şəhərində yaşamış, sonra qazanc üçün Rusiya Federasiyasına getmiş, bir neçə il fasilələrlə orada yaşamışlar. 1998ci ildə Mingəçevir şəhərində yaşadıqları evi satıldıqdan sonra anasının evinə qayıtdı. Cehiz əşyalarını da həmin evə gətirdi. X5 2005-ci ildə vəfat etmişdir. Anasından miras qalmış Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 25 №li ev vərəsələr arasında bölünən zaman qardaşı Yaşar onu inandırdı ki, miras pay tələb etməsin, sonra ona ayrı ev alacaqdır. O da inanıb mirasdan pay tələb etmədi. Lakin sonra münasibətləri pozuldu, qardaşı Yaşar ona həmin evdə yaşamağa imkan vermədi. Ona görə də evə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət etdi. Mİngəçevir şəhər məhkəməsinin 30.06.2011-ci il tarixli qətnaməsi ilə onu Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 25 №li evə köçürülməsi qət edildi. Lakin cavadehlərin təqsiri üzündən qətnaməni icrası uzun müddət mümkün olmamışdır. O, Bakı şəhərində yaşamışdır. 11.11.2020-ci ildə qətnamə icra olunan zaman evə köçürüləndə anasının evində yerləşdirdiyi, hazırda cavabdehlərinn yaşadığı evdə əşyaların talan edildiyi, yoxa çıxdığını gördü. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsində qeyd etdiyi 50 adda əşyaların və ya onların cəmi dəyəri olan 3120 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Neymər qızı məhkəmə baxışında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı cavabdehin bacısıdır. Valideyinləri vəfat etdikdən sonra bacısı İddiaçı miras əmlakdakı payından imtina etmiş, miras qalmış ev Yaşarla qardaşı Qoşqar Rəsulov arasında bərabər paylarla bölünmüşdür. Hələ anası vəfat etməzdən əvvəl İddiaçı ailə qurarkən özünə məxsus bütün əşyalarını götürüb getmişdir. Evdə olan bütün əşyalar mərhum anasına məxsus idi və köhnə əşyalardır. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil həmçinin izahatında bildirdi ki, digər cavabdeh Cavabdeh1 ilə onun təmsil etdiyi Cavabdeh2 2013-cü ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Onların ailə qurmasına İddiaçı qeyri-müəyyən səbəbdən razı olmamışdır, ona görə də müxtəlif bəhanələrlə onların ailə münasibətlərini pozmaq istəyir. Cavabdeh2 evə gəlin köçərkən iddiaçı orada yaşamamış, ümumiyyətlə, onun orada yaşadığını görməmiş, məhkəmə qətnaməsi ilə köçürülməsi qərara alınmış olsa da bu gün də orada yaşamır. Evə köçərkən evdə iddiaçıya aid heç bir əşya olmamış ancaq cavabdehin mərhum qaynanasına məxsus kohnə əşyalar olmuşdur ki, bu gün də həmin əşyalar işlənmiş vəziyətdə evdədir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadə verərək bildirdi ki, iddiaçı onun bacısı, cavabdeh isə qardaşıdır. Bacısı ailə qurduqdan sonra ər evinə köçmüş, özü də ailə qurduqdan sonra evdən çıxmışdır. Valideynlərinin vəfatından sonra o, miras qalmış evlə arabir əlaqə saxlamışdır. Ona məlumdur ki, bacısı Mingəçevir şəhərindən köçüb gedən zaman bəzi əşyalarını anasının evinə yerləşdirmişdir. Hər dəfə qardaşıgilə qonaq gələrkən həmin əşyalardan Cavabdeh2 istifadə etdiyini görmüşdür. Məhkəmə iddiaçını və cavabdehlərin nümayəndəsini dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 30 iyun tarixli 2(051)-471/2011 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 25 №li evə köçürülməsi qət edilmişdir. İşdə olan “xxxx” MMC tərəfindən tərtib edilmiş 19.02.2021-ci il tarixli 33№ li rəylə iddia ərizəsində göstərilən 50 sayda əşyaların cəmi məbləği 3120 manatdır. İşə əlavə edilmiş Mingəçevir icra və probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş 10.11.2020-ci il tarixli aktdan məlum olur ki, Mingəçevir şəhər məhkəməsinin 30.06.2011-ci il tarixli qətnaməsi icra edilmiş, iddiaçı Xəlilova X2 şəhəri T.Z.Tağıyev küçəsi 25 №li evə köçürülmüşdür və köçürülərkən şəxsi qeyim paıtarlarını və 1 ədəd xalçanı özü ilə gətirmişdir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, İddiaçı iddiasının ancaq xalçaya aid hissəsində tələbində haqlıdır, qalan hissədə iddia təmin edilə bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçı 30.06.2011-ci il tarixdə evə köçürülmə barədə qətnamə çıxarılsa da evə 10.11.2020-ci ildə köçmüş, lakin evdə bir gün də olsa yaşamamışdır. İddiaçı uzun müddət ərzində özününkü hesab etdiyi əmlakın taleyi ilə maraqlanmamış, həmin əmlakı tələb etməmişdir. Hazırda evdə qalan əmlak tərəflərin mərhum analarına məxsus olmuşdur. İddiaçı miras əmlakın qəbulundan imtina etdiyinə görə həmin əmlakı da tələb edə bilməz. Mülki Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şahid X1 ifadəsinə qiymət verərək qeyd edir ki, onun ifadəsi sübut növü kmi götürülə bilməz, ona görə ki, şahid evdə bacısına məxsus əşyaların olduğunu qeyd etdə də lakin onların nədən ibarət, nə qədər olduğunu göstərilmir. “Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışı zamanı iddiaçı öz tələbinin əsası kimi göstərdiyi halları tam sübut edə bilmədi. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin oluunmal, qiyməti 150 (bir yüz əlli) manat olan 1 (bir) ədəd xalça , qətnamə icra olunan zaman naturada alınması mümükün olmadqda isə onun dəyəti cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 9.2-ci bəndində göstərilmişdir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qiyməti 150 (bir yüz əlli) manat olan 1 ədəd xalça, qətnamə icra olunan zaman naturada alınması mümükün olmadqda isə onun dəyəri alınıb İddiaçı verilsin. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-705/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-705/2021
10.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver