Məhkəmə qərarları › İş №2(051)-711/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-711/2025

27.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-711/2025 27.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Cəfərova (Həsənova) Aytən Fazil qızının Maraqlı şəxs iştirakı ilə Ərizəçi Cəfərova (Həsənova) Aytən Fazil qızının Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi X1 mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə etdi, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, xx.xx.2012-ci il tarixdə Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il tarixdə Məhəmməd və xx.xx.2016-cı il tarixdə Fatimə adlı uşaqları doğulmuşdur. Sonradan aralarındakı münasibətlər pozulduğundan boşanma qərarına gəlmişlər. Aralarında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-985/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Alimentin tutulması məsələsi barışıq sazişi ilə tənzimləndiyindən məhkəmə bu məsələni müəyyən etməmişdir. Hal-hazırda iki yetkinlik yaşına çatmayan uşağı ilə birgə atası evində yaşayır. Hazırda heç bir yerdə işləmir. Uşaqların tələbatını ödəməkdə çətinlik çəkir. Valideynləri ona və uşaqlarına maddi dəstək göstərir. Aralarında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış, barışıq sazişinə əsasən tərəflər xx.xx.2013-cü il tarixdə doğulmuş Məhəmməd və xx.xx.2016-cı il tarixdə doğulmuş Fatimə adlı uşaqların onun yanında qalması və Maraqlı şəxs hər ay, hər uşaq üçün yetkinlik yaşına çatana kimi saxlanılması üçün 100 manat olmaqla, cəmi 200 manat aliment ödəməsi ilə əlaqədar razılığa gəlmişlər. Lakin maraqlı şəxs barışıq sazişinin tələblərini kobud surətdə pozmuşdur. Maraqlı şəxs aliment öhdəliyini icra etməmiş və icra etməyəcəyini bildirmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclası zamanı göstərdi ki, o, Qarabağ veteranıdır. İşləmək qabiliyyəti olmadığı üçün işləyə bilmir. Ona görə də aliment məbləğini ödəməkdə çətinlik çəkir. Odur ki, izahatında göstərilən halları nəzərə alıb qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından xx.xx.2013-cü il tarixdə Məhəmməd və xx.xx.2016-cı il tarixdə Fatimə adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-985/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2012-ci il tarixdə Mingəçevir Nikah evində 219 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulması qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra qadına “Cəfərova” soyadı verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, Maraqlı şəxs Ərizəçi yanında qalan Məhəmməd və Fatimə adlı uşaqlarına yetkinlik yaşına çatana kimi hər uşaq üçün hər ay 100 manat olmaqla, cəmi 200 manat aliment ödənişini xx.xx.2023-cü il tarixindən başlayaraq, hər ayın 15-nə kimi ödəmək öhdəliyini öz üzərinə götürməsi ilə bağlı ərizəçi ilə maraqlı şəxs razılığa gəlmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə maraqlı şəxs xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə evlənmiş, onların birgə nikahlarından xx.xx.2013-cü il tarixdə Məhəmməd və xx.xx.2016-cı il tarixdə Fatimə adlı uşaqları doğulmuşdur. Maraqlı şəxs Ərizəçi yanında qalan Məhəmməd və Fatimə adlı uşaqlarına yetkinlik yaşına çatana kimi hər uşaq üçün hər ay 100 manat olmaqla, cəmi 200 manat aliment ödənişini xx.xx.2023-cü il tarixindən başlayaraq, hər ayın 15-nə kimi ödəmək öhdəliyini üzərinə götürməsi ilə bağlı tərəflər arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Həsənova (Cəfərova) Aytən Fazil qızı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, Maraqlı şəxs Ərizəçi yanında qalan Məhəmməd və Fatimə adlı uşaqlarına yetkinlik yaşına çatana kimi hər uşaq üçün hər ay 100 manat olmaqla, cəmi 200 manat aliment ödənişini xx.xx.2023-cü il tarixindən başlayaraq, hər ayın 15-nə kimi ödəmək öhdəliyini öz üzərinə götürməsinə dair barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Həsənova (Cəfərova) Aytən Fazil qızı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, Maraqlı şəxs Ərizəçi yanında qalan Məhəmməd və Fatimə adlı uşaqlarına yetkinlik yaşına çatana kimi hər uşaq üçün hər ay 100 manat olmaqla, cəmi 200 manat aliment ödənişini xx.xx.2023-cü il tarixindən başlayaraq, hər ayın 15-nə kimi ödəmək öhdəliyini öz üzərinə götürməsinə dair barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar