Məhkəmə qərarları › İş №2(051)-730/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-730/2021

17.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-730/2021 17.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh Vahid oğluna qarşı evə köçürülmə tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh Vahid oğluna qarşı torpaq sahəsində tikilniş evin ümumi birgə əmlak hesab edilməsi, payın müəyyən olunması və evə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Mingəçevir şəhəri Kənar küçəsinin 7-ci döngəsində yerləşən Cavabdeh məxsus torpaq sahəsində yerləşən evə onun və 09.01.2010-cu il təvəllüdlü qızı Rizvanlı Nəzrin ilə birlikdə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh İddiaçı keçmiş əridir. Onlar 27 dekabr 2005-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikalarından Nəzrin və İlkin adlı iki uşaqları olmuşdur. İddiaçının İlkin adlı oğlu 2018-ci ildə vəfat etmişdir. Tərəflər arasında olan nikah 20 avqust 2019-cu ildə məhkəmə qaydasında pozulmuşdur. Onlar birgə evlilik müddətində Cavabdeh xüsusi mülkiyyətində olan JN-3412A saylı torpaq sahəsidə fərdi yaşayış evi inşa etdirib orada yaşamışlar. Əslində həmin torpa sahəsi tərəflərin ümumi qazancları hesabına alınmışdır. Ancaq sənədləşdirmə aparılarkən verilmə tarixi 2005-ci ilin avust ayı göstərilmişdir. Torpaq sahəsi tərəflərə verildikdən sonra orada 3 otaqlı ev inşa etmişdilər. Tərəflərin İlkin adlı uşaqları vəfat etdikdən sonra onlar birgə yaşaya bilməmişlər. Tərəflərin ailələrinin dağılmasına səbəb cavabdehin iddiaçıya qarşı kobud münasibətidir. İddiaçının oğlu İlkin bu münaqişələrin nəticəsində vəfat etmişdir. İddiaçı qızı Nəzrinin qorumaq məqsədilə evi tərk etmişdir. Hazırda cavabdeh iddiaçı ilə birgə inşa etdikləri evdə yaşasa da iddiaçının həmin evdə yaşamasına imkan vermir. İddiaçıya məxsus əşyalar həmin mənzildədir. İddiaçıya məxsus yataq, soyuducu, qab-qacalar cavabdehin istifadəsindədir. Onu da bildirir ki, ev yaşayış üçün yararlıdır, Lakin cavabdeh qərəzli olaraq evə mülkiyyət sənədi almır ki, müəyyən müddət keçsin ki, iddiaçı həmin evdən payını tələb edə bilməsin. İddiaçının başqa yaşayış yeri yoxdur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını, iddiaçının Nəzrin adlı azyaşlı uşağı ilə birlikdə Mingəçevir şəhəri Kənar küçəsinin 7-ci döngəsində yerləşən Cavabdeh adına olan torpaq sahəsində inşa edilmiş evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, torpaq sahəsini atası öz vəsaiti hesabına alıb ona bağışlamışdır. Torpaq sahəsində tikilmiş ev birgə nikah müddətində tikilmiş olsa da ancaq onun vəsaiti hesabına tikilmişdir. İddiaçı heç vaxt işləməmiş, evə qazanc gətirməmişdir. Bundan əlavə iddiaçı ilə nikahları pozulmuşdur. Artıq onların bir evdə yaşamaqları mümkün deyil. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 20 avqust 2019-cu il tarixli 2(051) 1653/2019 №-li qətnaməsindən görünür ki, Cavabdeh ilə X4 qızının arasında 27 dekabr 2005-ci ildə Mingəçevir şəhər VVADQ şöbəsində bağlanmış 609 №-li nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş 09 yavar 2010-cu il təvəllüdlü Rizvanlı Nəzrin Ceyhun qızının anası X1 yanında qalması qət edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahlarından 09 yanvar 2010-cu il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. İşə əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-3412A KOD 90200002 saylı şəhadətnamənin surətindən görünür ki, 0.06 hektar torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilib. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 16 iyun 2021-ci il tarixli **********88 №-li məktubundan görünür ki, Mingəçevir şəhəri Kənar küçəsi 7-ci döngəsində yerləşən, Cavabdeh məxsus həyatyanı torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz".Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1- ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3- cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malik olduğuna görə və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün də iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəyidi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Mühafizə funksiyası hər hansı şəxsi onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Məsələn, özbaşına tikinti işləri aparmış şəxs orada yaşayan, lakin istifadə hüququ olmayan şəxsi özbaşına tikilidən çıxarmaq istəyirsə, əvvəlcə tikiliyə mülkiyyət hüququ əldə etməlidir. Özbaşına tikinti aparmış şəxs ora mülkiyyət hüququ əldə edə bilsə, həmin tikili, ya nikah dövründə əldə edildiyinə görə ər-arvadın ümumi birgə mülkiyyəti sayılacaq (Mülki Məcəllə, maddə 225), yaxud onunla həmin tikilidə yaşayan arvadı (əri), uşaqları, valideynləri də tikiliyə istifadə hüququ əldə etmiş olacaq (Mülki Məcəllə, maddə 228.5; Mənzil Məcəlləsi, maddə 30), qanunsuz məhrum etmə baş verdiyi təqdirdə onların istifadə hüququ məhkəmədə müdafiə olunacaq. Bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı evi könüllü surətdə deyil, cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən tərk etmişdir. İddiaçıya məxsus məişət əşyalarının evdə qalması ona dəlalət edir ki, iddiaçının geri qayıtmaq niyyəti olmuşdur. Onun başqa yaşayış sahəsi olması müəyyən edilmədi. Beləliklə, mübahsəli yaşayış sahəsini iddiaçı və cavabdehinin bigə nikah dövründə inşa etdiklərini, iddiaçının uşaqları ilə birlikdə həmin evdə yaşamasını məhkəmə işin mübahisəsiz halı kimi qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh uzun müddət nikah münasibətlərində olmuş, həmin müddətdə Mingəçevir şəhəri Kənar küçəsi 7-ci döngədə yerləşən evi inşa etdirmiş və son dövrlərə qədər orada yaşamışlar. Sonradan tərəflər arasında münasibət kəskinləşmiş və aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Bundan sonra iddiaçı uşağı ilə birlikdə həmin mübahisəli mənzili tərk edib atasının evində yaşamağa məcbur olmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prossesual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Qasıım qızı 09.01.2010-cu il təvəllüdlü uşağı X3 ilə birlikdə Mingəçevir şəhəri Kənar küçəsi 7-ci döngə, Cavabdeh məxsus torpaq sahəsində yerləşən evə köçürülməsi qanunvericiliyin qeyd olunan normaları baxımından mümkün və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. İddiaçı 09.01.2010-cu il təvəllüdlü uşağı X3 ilə birlikdə Mingəçevir şəhəri Kənar küçəsi 7-ci döngə, Cavabdeh məxsus torpaq sahəsində yerləşən evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar