Məhkəmə qərarları › İş №2(051)-742/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-742/2024

23.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-742/2024 23.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Həsənova Türkanə Çingiz qızının katibliyi İddiaçı: İddiaçı və vəkili Vəkil1, Cavabdeh: “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13 nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə əlavə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13 xx.xx.2024-cü il tarixli 18-1-61/3-1-7/2024 saylı əmrinin ləğv edilməsi, işə bərpa ediməsi, məcburi işburaxma müddəti üçün aylıq əmək haqqının hesablanıb ödənilməsi və ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, xx.xx.2005–ci il tarixdən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında işləyir. xx.xx.2017-ci il tarixdən kadrlar üzrə mütəxəssis, həmin ilin iyul ayından isə İnsan Resursları şöbəsinin kadrlar üzrə aparıcı mütəxəssisi vəzifəsində işləyir. X7 şöbəsinin müdiri vəzifəsini icra etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi İR şöbəsinin müdiri vəzifəsini icra etmişdir. Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13 xx.xx.2024-cü il tarixli 18-1-61/3-1-7/2024 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Əsas kimi İddiaçı izahatı, direktorun inzibati məsələlər üzrə müavini F.A.Məmmədovun göstərişi götürülmüşdür. 2023-cü ilin dekabr ayının əvvəlində X3 işə qəbulla bağlı sənədləri Mingəçevir ŞMX. PHŞ tərəfindən Azərbaycan Respublikası TƏBİB-ə göndərilmişdir. 30 dekabr 2023-cü il tarixdə G.Telmanlıya işə qəbul üçün TƏBİB tərəfindən razılıq verilmişdir. 30 dekabr tarixində onun emailinə ümumi şöbə tərəfindən G.Telmanlının razılıq məktubu yönəldiyindən, direktor Faiq Abdullayev məktubun üzərinə işə alınsın və imza atdığı üçün o da zəng edərək G.Telmanlıya sağlamlıq haqqında arayışın hazırlanmasını, direktorun göstərişindən sonra gəlib ərizə yazmasını bildirmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 12:00 radələrində İR şöbəsinin müvəqqəti müdiri Samir Abdullayev zəng edərək bildirmişdir ki, kim deyib ki, G.Telmanlıya gəlib sağlamlıq haqqında arayış təqdim etsin. xx.xx.2024-cü il tarixdə direktor onu, Fuad Məmmədovu, İnsan Resursları şöbəsinin müdirini, xəstə xidmətləri şöbəsinin müdirini çağıraraq onların yanında ona demişdir ki, sən kimsən ki, sağlamlıq haqqında arayış hazırlanmasını demisən. Bundan sonra yuxarıda qeyd olunanları bildirmişdir. Müdir ona bildirmişdir ki, onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə işdən çıxaracaqdır. Onun izahat yazmağını tələb etmişdir. Birinci izahatı yazdıqdan sonra Vəkil2 ondan tələb etmişdir ki, izahatı dəyişsin və orada yazsın ki, “şöbə müdiri tərəfindən tapşırıq almamışam” cümləsini qeyd etsin. İşdən çıxarılana kimi müxtəlif bəhanələrlə ona müdiriyyət tərəfindən iki dəfə əsassız olaraq töhmət verilmişdir. Çünki ona bildirilmişdir ki, ərizə yazaraq başqa işə keçsin, buna razı olmadıqda isə bəhanə ilə müdiriyyət onu işdən çıxarmışdır. İşdən çıxarılarkən Səhiyyə X1baqcadan razılığı alınmadan əmək müqaviləsinə xitam verilmişdir. O özü sonradan bu məsələ ilə bağlı Həmkarlar İttifaqına müraciət edərək münasibət bildirmələrini xahiş etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Mərkəzi Aran regional şöbəsinə də işdən əsassız olaraq çıxarılmağı ilə bağlı müraciət etmiş və cavab olaraq ona məktub ünvanlanaraq bildirilmişdir ki, müraciətinə baxılır. Hazırda iki azyaşlı uşağı var və aldığı əmək haqqı ilə ailə dolandırır. İşdən çıxarıldıqdan sonra isə ağır maddi vəziyyətdədir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13 nümayəndəsi Vəkil2 məhkəmə iclası zamanı təmsil etdiyi hüquqi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı Mahmudova X4 ŞMX. PHŞ-in İnsan resursları şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləmişdir. Onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı izahatı, direktorun inzibati məsələlər üzrə müavini F.A.Məmmədovun göstərişi əsas olaraq götürülmüşdür. İddiaçı əmək müqaviləsinə haqlı olaraq xitam verilmişdir. Odur ki, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13 direktorunun xx.xx.2024-cü il tarixli 18-1-61/3-1-7/2024 saylı əmrindən görünür ki, Mingəçevir ŞMX. PHŞ-in İnsan resursları şöbəsinin aparıcı mütəxəssisi-İddiaçı ilə bağlanmış 26 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Əsas olaraq İddiaçı izahatı, direktorun inzibati məsələlər üzrə müavini F.A.Məmmədovun göstərişi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Mingəçevir ŞMX. PHŞ-in inzibati məsələlər üzrə müavini Vəkil2 ünvanlanmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə emailinə G.Telmanlının işə qəbulla əlaqəli məktubuna TƏBİB tərəfindən razılıq gəldiyi üçün və direktor “işə alınsın” yazdığı üçün sağlamlıq haqqında arayış hazırlanmasını demişdir. Direktorun göstərişindən sonra gəlib ərizə yazmasını demişdir. Bu haqda şöbə müdiri tərəfindən tapşırıq almamışdır. İşdə olan İddiaçı tərəfindən X8 İttifaqı Şurasına ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə həmkarlar ittifaqının rəyi alınmadan xitam verilməsinə münasibət bildirilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası" X15 tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli 18-1-61/2-45/2024 nömrəli məktub və qoşma sənədlərdən onun, əmək müqaviləsi üzrə müəyyən edilmiş kadrlar üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə öhdəliklərini düzgün yerinə yetirmədiyinə görə və boş vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilmiş İnsan resursları şöbəsinin müdiri əvəzi vəzifəsinin icrasında səhlənkarlığa yol verdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsində nəzərdə tutulmuş qaydada və bu Məcəllənin 189cu maddəsində təsbit edilmiş şərtlərə uyğun xx.xx.2023-cü il tarixli 1096 nömrəli və xx.xx.2023-cü il tarixli 1485 nömrəli əmrlərlə bu Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “a” (töhmət vermək) və “b” (sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək) bəndlərinə əsasən intizam məsuliyyətinə cəlb olunduğu müəyyən olunmuşdur. Təqdim edilən sənədlərdən məlum olmuşdur ki, "Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X13 vətəndaş X3 işə qəbulu ilə bağlı sorğu məktubuna namizədin qeydiyyatçı vəzifəsi üzrə müsahibədən keçirildiyi və onun işə qəbul edilməsinin məqsədəuyğun hesab edilməsi barədə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13 xx.xx.2023-cü il tarixli 18-1/2-10266/2023 nömrəli cavab məktubuna müəsissənin direktoru X9 tərəfindən İnsan resursları şöbəsinə -“işə alınsın” dərkanarı qoyulmuşdur. Bununla belə, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələbləri pozularaq həmkarlar ittifaqının üzvü olduğu halda, əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan xx.xx.2024-cü il tarixli 18-1-61/3-1-7/2024 nömrəli əmrlə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə ləğv edilmişdir. Araşdırma zamanı, məlum olmuşdur ki, əmək müqaviləsinə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan xitam verilməsi ilə bağlı məsələyə münasibət bildirilməsi məqsədi ilə tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 19-cu maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq Mingəçevir şəhər X5 İttifaqı Şurasına xx.xx.2024cü il tarixli ərizə ilə müraciət olunmuşdur. Lakin Həmkarlar ittifaqı Şurasının xx.xx.2024-cü il tarixli 01 nömrəli cavab məktubundan məlum olmuşdur ki, şuranın sədri A.Alıyev tərəfindən “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci, 12ci və 20-ci maddələrinin tələbləri pozularaq qanuni mənafeyinin müdafiə edilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Beləliklə, “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X13 direktoru X10 tərəfindən əmək müqaviləsi həmkarlar ittifaqının üzvü olduğu halda müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan bu Məcəllənin 70-ci maddəsinin “ç" bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə ləğv edilməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “c” bəndlərinin eyni zamanda, 80-ci maddəsinin 1-ci və 2-ci hissəsinin tələbləri pozularaq inzibati xəta törədilmişdir. Ona görə də, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6 maddəsinə (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati xəta haqqında iş üzrə icraata başlanmış və nəticə olaraq bu Məcəllənin 116. maddəsinin tələblərinə uyğun olaraq X11 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarı ilə şərti olaraq inzibati cərimə tətbiq edilmişdir. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X13 direktoru X6 törətdiyi hüquqpozmanı 30 (otuz) gün müddətində aradan qaldırması nəzərdə tutulmuşdur. “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin işəgötürəni tərəfindən 30 (otuz) gün müddətində əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin hüquqi əsası olmadığına görə ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməyi ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi ilə 3-17-5/2- 5407/2024 nömrəli xx.xx.2024-cü il tarixli göstəriş xarakterli məktub ünvanlanmışdır. Müraciətində qeyd etdiyi məsələlər ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması göstərilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında əmək müqaviləsi üzrə müəyyən edilmiş İnsan Resursları şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləmiş, boş vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilmiş İnsan resursları şöbəsinin müdir əvəzi vəzifəsini icra etmişdir. “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13 direktorunun xx.xx.2024-cü il tarixli 18-1-61/3-1-7/2024 saylı əmri ilə əsas olaraq İddiaçı izahatı, direktorun inzibati məsələlər üzrə müavini F.A.Məmmədovun göstərişi qeyd edilməklə iddiaçı ilə bağlanmış 26 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilmiş, lakin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68–ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2–ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanmışdır. Həmin maddənin 2–ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə, “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına, “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə, “ç” bəndinə əsasən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar olaraq (bu Məcəllənin 63–cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), “d” bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallara, “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallara görə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69–cu maddəsində işçi tərəfindən, 70–ci maddəsində isə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Belə ki, həmin Məcəllənin 70–ci maddəsinin «a» bəndinin tələblərinə görə müəssisə ləğv edildikdə, «b» bəndinin tələblərinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə, «c» bəndinin tələblərinə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, «ç» bəndinin tələblərinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72–ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, həmin maddənin «d» bəndinin tələblərinə görə sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, həmçinin «e» bəndinin tələbinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71–ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71–ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2–ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 19-cu maddəsinin 1–ci bəndinə əsasən işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, işəgötürən qismində çıxış edən “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13 direktoru iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrində istinad etdiyi əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndini göstərmişdir. Belə ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Əsas olaraq İddiaçı izahatı, direktorun inzibati məsələlər üzrə müavini F.A.Məmmədovun göstərişi qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli izahatdan da göründüyü kimi xx.xx.2023-cü il tarixdə onun emailinə G.Telmanlının işə qəbulla əlaqəli məktubuna TƏBİB tərəfindən razılıq gəldiyi üçün və direktor işə alınsın yazdığı üçün sağlamlıq haqqında arayış hazırlanmasını demişdir. Bu hal Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Mərkəzi Aran regional şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə təsdiq olunur. Belə ki, məktubdan da göründüyü kimi "Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” X13 vətəndaş X3 işə qəbulu ilə bağlı sorğu məktubuna namizədin qeydiyyatçı vəzifəsi üzrə müsahibədən keçirildiyi və onun işə qəbul edilməsinin məqsədəuyğun hesab edilməsi barədə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13 xx.xx.2023-cü il tarixli 18-1/2- 10266/2023 nömrəli cavab məktubuna müəsissənin direktoru X9 tərəfindən İnsan resursları şöbəsinə -“işə alınsın” dərkanarı qoyulmuşdur. Həmçinin həmin məktubda göstərildiyi kimi işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələbləri pozularaq həmkarlar ittifaqının üzvü olduğu halda əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan xx.xx.2024-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. İddiaçı bununla bağlı X8 İttifaqı Şurasına xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmişdir. Hazırkı əmək mübahisəsinin həlli zamanı iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi barədə həmkarlar ittifaqı təşkilatı tərəfindən əsaslandırılmış yazılı qərar işəgötürənə təqdim edilməmişdir. İşəgötürən müəyyən edilmiş müddətdə həmkarlar ittifaqına məlumat verməyə borclu olduğu halda qanunvericiliyin tələblərinə əməl etməmiş, ona görə də müəssisənin direktoru Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati xəta haqqında iş üzrə icraata başlanmış və nəticədə X11 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin vəzifəli şəxsi tərəfindən cavabdeh X13 direktorunun barəsində cərimə növündə izibati tənbeh şərti olaraq tətbiq edilmişdir. Buradan da belə qənatə gəlmək olar ki, cavabdeh tərəf iddiaçının konstitusion hüququnu pozmuşdur. Bu hal ondan irəli gəlir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malikdir. Cavabdeh tərəf bu hüququndan sui-istifadə etməklə iddiaçıya münasibətdə haqlı olmamışdır. Ona görə də həmin əmr ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76–cı maddəsinin 1–ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin maddənin 2–ci hissəsinin tələbinə görə əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13 direktoru tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmamış, yəni əmək qanunvericiliyində imperativ qaydada nəzərdə tutulmasına baxmayaraq, iddiaçı həmkarlar ittifaqının üzvü olduğu halda əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan cavabdeh tərəfindən ləğv edilmişdir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlir ki, iddiaçının işdən azad edilməsinə dair cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13 direktorunun xx.xx.2024-cü il tarixli 18-1-61/3-1-7/2024 saylı əmri qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh tərəf iddiaçının işdən azad edilməsinə dair əmr verərkən əmək müqaviləsinə xitam verilməsinin əsaslarını tənzimləyən Əmək Məcəlləsinin 68–ci maddəsinin 2–ci hissəsinin “a” bəndinə formal şəkildə istinad etsə də, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamış, həmçinin həmkarlar ittifaqı təşkilatı tərəfindən əsaslandırılmış yazılı qərar işəgötürənə təqdim edilməmişdir. Nəticədə, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələbləri kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300–cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79–cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına əsasən, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhkəmə işin müəyyən olunmum hallarına uyğun olaraq nəticəyə gəlir ki, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13 direktorunun xx.xx.2024-cü il tarixli 18-1- 61/3-1-7/2024 saylı əmri ləğv edilməli, iddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə, yəni “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-də İnsan resursları şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi 50 manat mediasiya xərcinə münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci olan 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 227 və 233– ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13 direktorunun İddiaçı xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli 18-1-61/3-1-7/2024 saylı əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə, yəni “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X13 İnsan resursları şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə bərpa edilsin. Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X15 tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün aylıq əmək haqqı hesablanaraq ödənilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdən alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar