Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-78/2025 20.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və onun nümayəndəsi, Vəkil, Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən birgə nikah dövründə əldə olunmuş 6 adda daşınar əşyaların, əşyalar mövcud olmadıqda onların dəyərinin yarısı olan 3.490 (üç min dörd yüz doxsan) manat və 2 ədəd şkaf (eyvan üçün) əşya yerində olmasa onların bütöv dəyəri 750 (yeddi yüz əlli) manat, mediasiya xərcinin yarısı, yəni 30 (otuz) manat və ödədiyi dövlət rüsumunun 12.40 manat yarısı, yəni 6.20 manat, “Mobil MMC”-nin qiymətləndirmə rəyinin 50 (əlli) manat yarısı, yəni 25 (iyirmi beş) manat alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikah bağlamışdır. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə Rifan, xx.xx.2009cu il tarixdə Aişə və xx.xx.2014-cü il tarixdə Abidin adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Birgə nikah dövründə əldə olunan əşyalar bunlardır: qiyməti 1500 manat olan 1 ədəd kondisioner (Arçelik), qiyməti 750 manat olan 1 ədəd soyuducu (Samsung), qiyməti 330 manat olan mətbəx üçün stol, stul, qiyməti 1400 manat olan 1 ədəd divan (künc), qiyməti 2000 manat olan qonaq otağı (1 kamot, 2 servant (qorka) 6 nəfərlik masa, 6 nəfərlik stul), qiyməti 1000 manat olan 1 ədəd mebel yataq dəsti, əşyaların ümumi dəyəri 6.980 manatdır. Bu əşyanı o, nikah pozulandan sonra almışdır. Qiyməti 750 manat olan 2 ədəd şkaf (eyvan üçün). Qonaq dəstini birgə nikah dövründə almışlar. Kombi tələb etmir. Kondisioneri özü almışdır. Divanı birlikdə gedib Gorandan almışlar. Zal mebelinin pulunu cavabdehin atası verib, ancaq birgə nikah dövründə almışlar, yataq dəsti cavabdehin cehizidir. Boşandıqdan sonra o, cavabdehlə uşaqlara görə barışmış və bir evdə yaşamışlar, lakin sonradan yenə aralarında mübahisə olduğuna görə 2023-cü ildə ayrılmışlar. Ondan sonra qarşılıqlı razılıq əsasında birgə nikah dövründə aldıqları mənzili satıb pulunu bölmüşlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə ailə münasibətlərinə daxil olduqdan sonra 3 il onlar kirayədə yaşamışlar. Kirayə evə köçəndə valideynləri “Beko” markalı soyuducu, divan dəsti, yataq dəsti, “Beko” markalı televizor cehiz vermişdirlər. Daha sonra onlar 2019-cu ilin avqust ayında mənzil almış, həmin mənzilə köçən zaman adı çəkilən əşyaları da aparmışlar, həmçinin valideynləri kirayədə yaşadıqları üçün bəzi əşyalarını cehiz vermədiklərindən bu evə mətbəx mebeli (quraşdırılmış şkaflar, 1 ədəd 4 nəfəlik masa, 4 ədəd stul), qonaq otağı mebeli (1 kamot, 2 servant, 1 ədəd 6 nəfərlik masa, 6 ədəd stul) almışlar. Əlavə olaraq qab-qacaq, qazan dəstləri, tozsoran, paltaryuyan maşın, mətbəx üçün lazım olan elektro avandanlıqlar, televizor, bir sözlə, valideynləri ev üçün lazımlı hər bir əşyaları almışlar. Daha sonra ilk dəfə olaraq ona cehiz verilən soyuducunu bəyənmədiyindən atasının ürəyi dözməyib özü cavabdehlə birlikdə gedib yeni “Samsung” markalı soyuducu almışdır. Ərizədə göstərilən eyvana yığılan şkaf və onun cehiz olaraq apardığı mətbəx mebeli birgə nikah dövründə aldıqları mənzili hər ikisinin razılığı ilə satan zaman mənzillə birlikdə mənzilin yeni sahibinə satılmışdır. Həmin məbləğ də aralarında bölünübdür. Kondisioner evi satanda içində qalıb. Divanı anası pul verib almışlar. Kondisioneri iddiaçı alıb. İddia tələbini qismən qəbul edir. O iddiaçı ilə 2023- cü ildə barışsa da, qısa müddət sonra yenə də ayrılmışlar. Hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Odur ki, məhkəmədən iddianın qismən təmin olunması haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Mobil MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, “Arçelik” kondisioner - 2019-cu ildə alınıb 1800 manata, hazırda qiyməti - 1500 manat, “Samsung” soyuducu elektro senser - 2015-ci ildə alınıb 950 manata, hazırda qiyməti - 750 manat, mətbəx stol və stul - 330 manat, künc divan - 2020ci ildə alınıb 1800 manata, hazırda qiyməti - 1400 manat, eyvanlara şkaf yığılıb (usta haqqı ilə birlikdə) – 750 manat, mebel qonaq dəsti - 2015-ci ildə alınıb 3.800 manata, hazırda qiyməti - 2000 manat, mebel yataq dəsti - 2006-cı ildə alınıb - 1700 manata, hazırda qiyməti - 1000 manat, cəmi 7.730 manat məbləğində qiymətləndirmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1416/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği azaldılaraq 01 yanvar 2008-ci il təvəllüdlü X2, 04 avqust 2009-cu il təvəllüdlü X3 və 01 avqust 2014-cü il təvəllüdlü X1 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 50 (əlli) manat, cəmi 150 (bir yüz əlli) manat məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(051)-105/2023 saylı qərardadından görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1416/2021 saylı icra sənədi üzrə icraatda tələbkar olan Cavabdeh tələbdən imtinasının qəbul edilməsi qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, təqdimata əlavə olunmuş tələbkar Cavabdeh tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, öz aralarında razılıq əldə etməklə aliment tələbi ilə bağlı tələbindən imtina etmiş və gələcəkdə də bununla bağlı heç bir iddia verməyəcəyini bildirmişdir. Odur ki, məhkəmənin xx.xx.2021-ci il tarixli 2(051)-1416/2021 saylı icra sənədi üzrə iddiadan imtina edilməsinin qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən əşyaların birgə nikah dövründə əldə edilməsini sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cavabdehlə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha bağlamışdır. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Rifan, xx.xx.2009-cu il tarixdə Aişə və xx.xx.2014-cü il tarixdə Abidin adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Birgə nikah dövründə əldə etdikləri vəsait hesabına qiyməti 1500 manat olan 1 ədəd kondisioner (Arçelik), qiyməti 750 manat olan 1 ədəd soyuducu (Samsung) və qiyməti 1400 manat olan 1 ədəd divan (künc) almışlar. Kondisionerin tam dəyərini iddiaçı birgə nikah dövründə qazanılmış vəsait hesabına ödəmiş, lakin “Samsung” markalı soyuducunun dəyərinin yarısını iddiaçı, digər yarısını isə cavabdehin atası, divanın dəyərinin yarısını isə iddiaçı ilə bərabər cavabdehin anası ödəmişdir. İddiaçı ilə cavabdeh 2023-cü ildə barışıb bir evdə yaşamışdır. Ona görə də cavabdeh qızı xx.xx.2023-cü il tarixdə ərizə ilə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə müraciət edərək, İddiaçı ilə aralarında razılıq əldə etməklə aliment tələbi ilə bağlı tələbindən imtina etmiş və gələcəkdə də bununla bağlı heç bir iddia verməyəcəyini bildirmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1416/2021 saylı icra sənədi üzrə icraatda tələbkar olan Cavabdeh tələbdən imtinası qəbul edilmişdir. Bu hallar işin mübahisə edilməyən faktiki hallarıdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, qiyməti 1500 manat olan 1 ədəd kondisionerin (Arçelik) dəyəri cavabdehin birgə təsərrüfatı idarə etdikləri müddət ərzində qazanılmış birgə vəsait hesabına ödənilmiş, qiyməti 750 manat olan 1 ədəd soyuducunun (Samsung) və qiyməti 1400 manat olan 1 ədəd divanın (künc) dəyərinin yarsıtərəflərin birgə vəsaiti hesabına, qalan hissəni isə cavabdehin valideynlərinin vəsaiti hesabına əldə edilmişdir. Ona baxmayaraq, qeyd olunan vəsait hesabına əldə edilmiş əmlaklar nikah pozulduqdan sonra cavabdehin mülkiyyətində qalmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, qiyməti 1500 manat olan 1 ədəd kondisionerin (Arçelik) dəyəri tam şəkildə qazanılmış birgə vəsait hesabına iddiaçı tərəfindən, qiyməti 750 manat olan 1 ədəd soyuducunun (Samsung) və qiyməti 1400 manat olan 1 ədəd divanın (künc) dəyərinin yarısıtərəflər birgə vəsaiti hesabına, qalan yarısı isə cavabdehin valideynləri tərəfindən ödənilmişdir. Belə olan halda tərəflər bigə nikah dövründə əldə etdikləri 1 ədəd kondisionerə 1500 manat, 1 ədəd dəyəri 750 manat olan soyuducuya 375 manat, bir ədəd dəyəri 1400 manat olan künc divanına 700 manat, cəmi 2575 manat birgə nikah dövründə qazanılmış vəsait sərf etmişlər. Belə olan halda tərəflərin birgə nikah dövründə əldə etdikləri daşınar əşyaların ümumi dəyəri 2575 manat təşkil edir. Ona görə də həmin vəsait birgə nikah dövründə əldə edilmiş vəsait hesab edilməli və tərəflər arasında bərabər bölünməlidir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, həmin əşyaların alınmasına çəkilmiş xərclərin birgə nikah dövründə qazanılmış vəsaitin iddiaçının payına düşən hissəsi cəmi 1287.5 manat təşkil edir. Hazırkı vəziyyətdə tərəflər arasında mübahisə daşınar əşyaların bölünməsi ilə bağlı mübahisə olduğuna görə daşınar əşyalar birgə nikah dövründə qazanılmış vəsaitə uyğun olaraq tərəflər arasında naturada bölünməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən dəyəri 1400 manat olan 1 ədəd divan (künc) naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyanın dəyəri alınıb iddiaçıya verilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 9.2-ci bəndində göstərilmişdir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Bununla yanaşı məhkəmə birgə nikah dövründə əldə edilməsi iddia olunan qiyməti 330 manat olan mətbəx üçün stol, stul, qiyməti 2000 manat olan qonaq otağı (1 kamot, 2 servant (qorka) 6 nəfərlik masa, 6 nəfərlik stul), qiyməti 1000 manat olan 1 ədəd mebel yataq dəstinin naturada, mövcud olmadıqda isə dəyərinin yarısının, həmçinin qiyməti 750 manat olan 2 ədəd şkafın (eyvan üçün) naturada, mövcud olmadıqda isə dəyərinin alınıb verilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı deyildir. Belə ki, iddiaçı qiyməti 330 manat olan mətbəx üçün stol, stul, qiyməti 2000 manat olan qonaq otağı (1 kamot, 2 servant (qorka) 6 nəfərlik masa, 6 nəfərlik stul), qiyməti 1000 manat olan 1 ədəd mebel yataq dəstinin birgə təsərrüfatı idarə etdikləri müddət ərzində qazandıqları vəsait hesabına aldıqlarına, həmçinin qiyməti 750 manat olan 2 ədəd şkafın (eyvan üçün) cavabdehin mülkiyyətində qalmasına dair heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəf isə həmin halları etiraf etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi qiyməti 330 manat olan mətbəx üçün stol, stul, qiyməti 2000 manat olan qonaq otağı (1 kamot, 2 servant (qorka) 6 nəfərlik masa, 6 nəfərlik stul), qiyməti 1000 manat olan 1 ədəd mebel yataq dəstinin birgə nikah dövründə əldə edilməsi, hazırda mövcud olması sübut olunmadığı üçün ər–arvadın ümumi əmlakı kimi tərəflər arasında bölünə bilməz, həmçinin qiyməti 750 manat olan 2 ədəd şkafın (eyvan üçün) hazırda mövcud olması sübut olunmadığı üçün naturada, qətnamə icra olunan vaxt mövcud olmasa və yaxud yararsız vəziyyətdə olarsa, həmin əşyanın dəyəri cavabdehdən alınıb iddiaçıya verilməsi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1–ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər–arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2–ci maddəsinə görə ər–arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər–arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər–arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər–arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1–ci maddəsinə əsasən ər–arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər–arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3–cü maddəsinə əsasən mübahisə olduqda, ər–arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər–arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və qiyməti 1400 manat olan 1 ədəd divan (künc) cavabdehdən naturada, naturada mövcud olmadıqda dəyəri alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.9–cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. İş materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməməlidir. Belə ki, tərəflər arasındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə müraciət edərək, İddiaçı ilə aralarında razılıq əldə etməklə aliment tələbi ilə bağlı tələbindən imtina etmiş və gələcəkdə də bununla bağlı heç bir iddia verməyəcəyini bildirmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1416/2021 saylı icra sənədi üzrə icraatda tələbkar olan Cavabdeh tələbdən imtinası qəbul edilməsi qərara alınmışdır. Göründüyü kimi tərəflər 2023-cü ildə öz aralarında razılıq əldə edərək barışmış və birgə təsərrüfatı idarə edərək birgə yaşamışlar. Tərəflər bir müddət sonra yenidən ayrılmışlar. Bununla da tərəflər arasında nikahın pozulması ilə bağlıqanunla müəyyən edilmiş 3 illik iddia müddətini axımı dayanmış, yəni iddiaçı 2023-cü ilin sonunda tam şəkildə boşandığına əmin olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Göründüyü kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləği olan 50 manat məhkəmə məsrəfinə münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışa əsasən, tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci olan 50 manat məbləğində pul tərəflər arasında bərabər şəkildə bölünməli və cavabdehdən 25 manat alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin məhkəmə xərclərinə aid olan dövlət rüsumunun bölüşdürülməsi ilə bağlı qeyd edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 12.40 manat məbləğdə pul vəsaitinin yarısı, yəni 6.20 manat məbləğində hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin “Mobil MMC”-nin qiymətləndirmə rəyinin 50 (əlli) manat yarısı, yəni 25 (iyirmi beş) manatın alınıb iddiaçıya verilməsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi ilə bağlı xərcin ödənilməsinə dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1–ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh qiyməti 1400 manat olan 1 ədəd divan (künc) naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyanın dəyəri alınıb İddiaçı verilsin. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pulun 25 (iyirmi beş) manat hissəsi Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 12.40 (on iki manat qırx qəpik) manat məbləğində pulun yarısı, yəni 6.20 (altı manat iyirmi qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-78/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-78/2025
20.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver