Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-843/2024 04.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət və əmlak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, ümumi dəyəri 6424.33 manat olan 9 adda qızıl-zinət və 4 adda məişət əşyalarının naturada, mövcud olmadıqda isə dəyərinin, həmçinin 85 manat məbləğində dövlət rüsumunun, 100 manat məbləğində mütəxəssisə ödənilən pulun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh onun keçmiş gəlinidir. X1 cavabdehlə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuş, onların birgə nikahlarından Arif, Aylin və Əsma adlı uşaqları doğulmuşdur. Oğlu Elşadla münasibətləri pozulduğu üçün faktiki olaraq ayrılmış, Ayişə uşaqları ilə birlikdə atası evinə getmişdir. Məhkəməyə nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə müraciət edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(051)-906/2021 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin olunmuşdur. Cavabdeh o, evdə olmayanda ona məxsus məişət əşyalarını və qızıl-zinət əşyalarını götürmüşdür. Dəfələrlə cavabdehdən əşyaların qaytarılmasını tələb etsə də, keçmiş gəlini əşyalarını qaytarmaqdan imtina etmişdir. O da məcbur olub, məhkəməyə müraciət etməli oldu. Ona məxsus cavabdeh tərəfindən götürülmüş qızıl-zinət və məişət əşyaları bunlardır: 585 əyarlı, ümumi çəkisi 4.32 qram olmaqla, qiyməti 354.24 manat olan qızıl sırğa; 585 əyarlı, ümumi çəkisi 15.03 qram olmaqla, qiyməti 1367.73 manat olan briliant kolye; 585 əyarlı, ümumi çəkisi 7.38 qram olmaqla, qiyməti 605.16 manat olan briliant üzük; 585 əyarlı, ümumi çəkisi 5.6 qram olmaqla, qiyməti 459.20 manat olan briliant gül üzük; 585 əyarlı, ümumi çəkisi 4.05 qram olmaqla, qiyməti 369 manat olan qızıl üzük; 585 əyarlı, ümumi çəkisi 6 qram olmaqla, qiyməti 492 manat olan bilərzik; 585 əyarlı, ümumi çəkisi 5.5 qram olmaqla, qiyməti 451 manat olan 1 cüt briliant tana; 585 əyarlı, ümumi çəkisi 4 qram olmaqla, qiyməti 328 manat olan 1 cüt qızıl tana; 40 qram olmaqla, qiyməti 72 manat olan gümüş dəst (sırğa, bilərzik, boyunbağı); 1 ədəd, qiyməti 1200 manat olan kompyuter ACER (Aspire qara); 1 ədəd, qiyməti 650 manat olan telefon (Redmi note 9 pro); 1 ədəd, qiyməti 40 manat olan mikser (Maxwel ağ), 1 ədəd, qiyməti 36 manat olan saç feni (Braun qara). Qızıl-zinət və məişət əşyalarının ümumi dəyəri 6424.33 manatdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi, 585 əyarlı, ümumi çəkisi 4.32 qram olmaqla, qiyməti 354.24 manat olan qızıl sırğa; 585 əyarlı, ümumi çəkisi 15.03 qram olmaqla, qiyməti 1367.73 manat olan briliant kolye; 585 əyarlı, ümumi çəkisi 7.38 qram olmaqla, qiyməti 605.16 manat olan briliant üzük; 585 əyarlı, ümumi çəkisi 5.6 qram olmaqla, qiyməti 459.20 manat olan briliant gül üzük; 585 əyarlı, ümumi çəkisi 4.05 qram olmaqla, qiyməti 369 manat olan qızıl üzük; 585 əyarlı, ümumi çəkisi 6 qram olmaqla, qiyməti 492 manat olan bilərzik; 585 əyarlı, ümumi çəkisi 5.5 qram olmaqla, qiyməti 451 manat olan 1 cüt briliant tana; 585 əyarlı, ümumi çəkisi 4 qram olmaqla, qiyməti 328 manat olan 1 cüt qızıl tana; 40 qram olmaqla, qiyməti 72 manat olan gümüş dəst (sırğa, bilərzik, boyunbağı); 1 ədəd, qiyməti 1200 manat olan kompyuter ACER (Aspire qara); 1 ədəd, qiyməti 650 manat olan telefon (Redmi note 9 pro); 1 ədəd, qiyməti 40 manat olan mikser (Maxwel ağ), 1 ədəd, qiyməti 36 manat olan saç fenini (Braun qara), bu mümkün olmadıqda onların ümumi dəyəri olan 6424.33 manat pulun, həmçinin ödənilmiş 85 manat məbləğində dövlət rüsumunun, 100 manat mütəxəssisə ödənilən pulun cavabdehdən alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı məhkəməyə ünvanladığı etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı onun keçmiş qaynanası olmuşdur və o, iddiaçının X1 ilə 28 yanvar 2008-ci il tarixdə Ağdam rayonu, Norvuzlu İHBnin Novuzlu ərazi nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından 22 oktyabr 2009-cu il tarixdə X9, 14 noyabr 2011-ci il tarixdə X8 və 10 iyul 2014-cü il tarixdə X10 adlı uşaqları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən aralarında narazılıq yaranmış və münasibətləri pozulmuşdur. Məhkəmə qətnaməsi ilə 2021-ci ilin avqust ayından rəsmi qaydada boşanmışlar. Aralarında olan ailə münasibətləri təxminən 2020-ci ildən pozulmuşdur və o, ata evində yaşamışdır. Qaynanası ondan qızıl-zinət əşyalarını tələb edirdisə, niyə həmin müddət ərzində deyil, 4 il sonra məhkəməyə müraciət edirdi? Çünki bu yalan və əsassızdır. Belə ki, onların evindən 2020-ci ildə çıxmışdır. İddiaçının göstərdiyi kimi qeyd olunan əşyalar onda idisə, həmin müddət ərzində də iddiaçı məhkəməyə müraciət etməmişdirsə, iddia müddəti tətbiq edilməlidir. İkincisi, iddiaçı keçən bu 4 il müddətində heç bir hüquq mühafizə orqanlarına və ya məhkəməyə hansı səbəbdən müraciət etməmişdir? Bunun səbəbi odur ki, onda heç bir əlavə əşya və ya qızıl-zinət əşyası olmamışdır. Bu yalandan başqa bir şey deyil. Üçüncüsü, iddiaçı yaşlıdır və onun sözügedən kolye və dəstlər nəyinə lazımdır. Həmin qızıllar gəlinlərə verilə bilən qızıllardır. Yəni iddiaçıya məxsus olmamışdır. Həmçinin yaşlı qadın notebooku neynirdi? Bütün bunlar əsassızdır. İddiaçı bu qaydada ona guya təsir etmək istəyir. Məhkəmənin qətnaməsinə əsasən birgə nikahdan doğulmuş uşaqların onun yanında qalması müəyyən olunduğundan, sözügedən notebook da uşaqların olduğundan, hazırda həmin notebookdan uşaqlar istifadə edir. Dördüncüsü, iddia tələbini sübut etmək və sübutları təqdim etmək iddiaçının vəzifəsidir. Hansı səbəbdən və hansı sübutlarla iddiaçı bu qədər məbləğdə əmlak tələb edir? İş materiallarında belə bir sübut yoxdur. Tələb olunan əşyalar cavabdehə məxsus deyildir. O, toyda ona hədiyyə verilən qızıllardan başqa heç bir qızıl əşyası götürməmişdir. Onda olan qızıllar da özünə məxsus olmuşdur. O barədəı toy şəkillərini də təqdim etmişdir. Cavabdeh isə tələb etdiyi qızlların ona məxsus olmasına dair heç bir sübut təqdim etməmişdir. Təqdim etdiyi qəbzlər isə hansı qızıl əşyalarına aid olduğu bilinmir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən 9 adda qızıl-zinət və 4 adda məişət əşyalarının ona məxsus olmasını, cavabdeh tərəfindən götürülməsini və hazırda da həmin əşyaların cavabdehdə olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, yeni olmaqla, 1 ədəd kompyuter ACER (Aspire qara) – 1200 manat; 1 ədəd telefon (Redmi note 9 pro) – 650 manat; 1 ədəd mikser (Maxwel ağ) – 40 manat; 1 ədəd saç feni (Braun qara) – 36 manat; 1 ədəd 585 əyarlı, ümumi çəkisi 4.32 qram olan qızıl sırğa - 354.24 manat; 1 ədəd 585 əyarlı, ümumi çəkisi 15.03 qram olan briliant kolye - 1367.73 manat; 1 ədəd 585 əyarlı, ümumi çəkisi 7.38 qram olan briliant üzük - 605.16 manat; 1 ədəd 585 əyarlı, ümumi çəkisi 5.6 qram olan briliant gül üzük - 459.20 manat; 1 ədəd 585 əyarlı, ümumi çəkisi 4.05 qram olan qızıl üzük – 369 manat; 1 ədəd 585 əyarlı, ümumi çəkisi 6 qram olan bilərzik - 492 manat; 1 ədəd 585 əyarlı, ümumi çəkisi 5.5 qram olan 1 cüt briliant tana - 451 manat; 1 ədəd 585 əyarlı, ümumi çəkisi 4 qram olan 1 cüt qızıl tana - 328 manat; 1 ədəd 40 qram olmaqla, gümüş dəst (sırğa, bilərzik, boyunbağı) - 72 manat, ümumilikdə 6424.33 manat məbləğində qiymətləndirmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-906/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X3 arasında olan 28 yanvar 2008-ci ildə Ağdam rayon İHB-nin Novruzlu ərazi nümayəndəliyində bağlanmış 03 №-li nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 anası Cavabdeh yanında qalmasının müəyyən olunması və xx.xx.2021-ci il tarixdən başlayaraq həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün X2 hər ay hər uşağa 110 manat, cəmi 330 manat məbləğində alimentin tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Məhkəmə iclası zamanı iddiaçı qeyd olunan əşyaların ona məxsus olmasını, cavabdeh tərəfindən götürülməsini və həmin əşyaların cavabdehdə olmasını təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək, iddiaçının bildirdiklərini təkzib etmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh iddiaçının keçmiş gəlinidir. İddiaçının X1 ilə cavabdeh rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından Arif, Aylin və Əsma adlı uşaqları doğulmuşdur. X7 ilə Cavabdeh münasibətləri pozulduğu üçün faktiki olaraq ayrılmışlar. Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(051)-906/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X3 arasında bağlanmış nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra Arif, Aylin və Əsma adlı uşaqların anası Cavabdeh yanında qalması müəyyən olunmuş və xx.xx.2021-ci il tarixdən başlayaraq həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün X2 hər ay hər uşağa 110 manat, cəmi 330 manat məbləğində alimentin tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə iclası zamanı hər iki tərəf bu halların mövcudluğunu mübahisəsiz qəbul etdiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin həmin əşyaların iddiaçıya məxsus olması, cavabdeh tərəfindən götürülməsi barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Belə ki, cavabdeh iddia ərizəsində göstərilən əşyaların iddiaçıya məxsus olmadığını bildirməklə iddianı qəbul etməmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı iddia ərizəsində cavabdehdən tələb etdiyi əşyaların ona məxsus olduğunu, hazırda cavabdehdə olduğunu bildirsə də, həmin halları təkzibedilməz şəkildə sübut edə bilməmişdir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməmişdir. İddiaçı məhkəmə iclası zamanı qeyd olunan əşyaların ona məxsus olduğunu və o, evdə olmayanda cavabdeh tərəfindən götürüldüyünü göstərmişdir. Cavabdeh tərəf isə şəkillər təqdim etməklə, qızıl əşyalarının ona məxsus olduğunu, həmçinin tələb olunan əşyaların iddiaçıya məxsus olmadığını göstərməklə iddiaçının bildirdiklərini təkzib etmişdir. Qeyd olunanlarla əlaqədar məhkəmə iclasında iddiaçının bildirdikləri onun özünün izahatından başqa heç bir mötəbər mənbədən əldə edilmiş sübutlarla təsdiq olunmamışdır. Ona görə də məhkəmə iddiaçı tərəfin bildirdiklərini və iddia ərizəsində göstərdiklərini əsaslı hesab etmir. Belə ki, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iddiaçı tərəfin bildirdiklərini tam və hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, iddiaçının bildirdikləri işin həqiqi hallarına uyğun deyildir. Məhkəmə işin müəyyən edilmiş hallarına qiymət verərək qənaətə gəlir ki, toy məclisində üzərinə taxılmış qızıl-zinət əşyaları cavabdehə hədiyyə verilmiş, hədiyyə verənlər həmin qızıl–zinət əşyalarının mülkiyyətçisi olmuşdur. Cavabdeh hədiyyələri qəbul etdiyindən, həmin mübahisəli daşınar əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1–ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.3–cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlanma etibarlı sayılır. Həmin Məcəllənin 225.2–ci maddəsinə əsasən nikaha girənədək ər–arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibəti əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbində həmin şərtlər məcmu halında mövcud deyildir. Belə ki, qızıl-zinət əşyaları toy məclisində üzərinə taxılaraq cavabdehə hədiyyə verilmiş, cavabdeh hədiyyələri qəbul etdiyindən, həmin mübahisəli əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Bununla bağlı cavabdeh məhkəməyə toy şənliyində çəkilmiş foto şəkillər təqdim etmişdir. Həmçinin məişət əşyalarının iddiaçıya məxsus olması və həmin əşyalar üzərində cavabdehin sahibliyinin qanunsuz olması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia ərizəsində göstərilən əşyaların iddiaçıya məxsus olması və onun iradəsinə zidd olaraq cavabdehin sahibliyində olması məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığına görə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı ümumi 6424.33 manat dəyərində 9 adda qızıl-zinət və 4 adda məişət əşyalarının naturada, mövcud olmadıqda isə dəyərinin, həmçinin 85 manat məbləğində dövlət rüsumunun, 100 manat mütəxəssisə ödənilən pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-843/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-843/2024
04.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver