Məhkəmə qərarları › İş №2(051)-932/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-932/2024

03.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-932/2024 03.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi , İddiaçı, onun vəkili Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil1, cavabdeh Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyin xx.xx.2023-cü il tarixli 185 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə 1 (bir) həftəlik sınaq müddəti müəyyən edilməklə, 3 (üç) aylıq Əmək müqaviləsi (bundan sonra - “Müqavilə”) üzrə Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə (bundan sonra - “İşəgötürən”) Təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə işə qəbul olumuşdur. Tərəflər arasında bağlanmış müqavilə işəgötürənin 59 saylı Əmrinə əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İşlədiyi müddət ərzində əmək münasibətlərinə vicdanla yanaşmaqla bərabər öz işini layiqincə yerinə yetirmişdir. İşəgötürənin səlahiyyətli şəxsi, yəni həmin müəssisənin rəisi vəzifəsində çalışan X2 (bundan sonra - “Rəis”) əmək müqaviləsi üzrə vəzifəsindən əlavə iddiaçıya müəssisədə çalışan sosial işçilərin işə vaxtlıvaxtında gəlmələri və öz işlərini yerinə yetirib-yetirməmələri barədə yoxlamalar aparılmasını tapşırmışdır. Həmin tapşırıq üzrə xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində işçi X4 təhkim olunduğu Mingəçevir şəhər Gəncə şossesi üzrə ərazidə olmadığını müəyyən etdikdən sonra dərhal onunla telefon əlaqəsi saxlamağa çalışsa da sonuncu zənglərinə cavab verməmişdir. Bundan sonra o, dərhal işçi Elçin Qarayevin yaşadığı ünvana gedərək Mingəçevir şəhərində yerləşən Xarı Bülbül restoranın yaxınlığında onu yaşadığı binanın girişindən çıxanda mobil telefon vasitəsilə şəklini çəkib aidiyyatı üzrə rəhbərliyə göndərmişdir. Elçin Qarayev onun şəklini çəkdiyini görüb onunla mübahisə etməyə başladıqda ona müəssisəyə gələrək məsələni orda aydınlaşdırmağı təklif etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixində Elçin Qarayev və onun dostu kimi özünü təqdim edən Ramil adlı şəxslərin təhdidləri üzrə üzləşdikdə dərhal Rəislə əlaqə saxlayaraq məsələni ona izah etmiş və sonuncu iddiaçıya işə gələrkən özü məsələni yoluna qoyacağını bildirmişdir. Yaranmış xoşagəlməz halnan bağlı eyni zamanda müəssisənin şöbə müdiri X11 və referent X1 da məlumat vermişdir. Bundan sonra Mingəçevir şəhər 20 Yanvar küçəsi ərazisində Sadiq Abbasov və Orxan Abdullayevlə görüşüb məsələni müzakirə etdikləri zaman anidən Elçin Qarayev ona yaxınlaşaraq yenidən təhdid etməyə başlayaraq gizli şəkildə olanları telefonla videoya çəkmişdir. xx.xx.2023-cü il tarixli saat 11:30 radələrində Rəis tərəfindən iclas keçirilmiş və həmin iclasda o və Orxan Abdullayevə işdən azad olununması barədə ərizə yazılmağı tələb olunmuşdur. Həmin gün işdən çıxma barədə ərizə yazsa da, xx.xx.2023-cü il tarixdə yazdığı ərizənin ləğv olunması barədə yeni ərizə yazaraq müəssisənin kadrlar şöbəsinə təqdim etmişdir. Bundan hiddətlənən Rəis ona əsassız olaraq 175 a saylı Əmrə əsasən xx.xx.2023-cü il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. xx.xx.2023-cü il tarixində ona rəhbərlik tərəfindən bildirilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmayacaqdır. İşəgötürənin xx.xx.2023-cü il tarixli, 185 saylı Əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü ildə Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan sonra tərəfindən X7 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Qeyd olunan dövlət orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə 3-17-5/2-D-5956/2024 saylı məktubla əsaslı araşdırma aparılmadan və şablon cümlələrlə cavab verilmişdir. O, məsələnin məhkəmədən kənar formada həlli üçün dəfələrlə cavabdehlə danışıqlar aparmağa çalışsa da buna nail ola bilməmişdir. Buna görə də qanunvericiliyin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak edərək məsələnin mediasiya prosesində həlli üçün cavabdehə bildiriş göndərsə də cavabdeh tərəfindən buna hər hansı münasibət bildirilməmişdir. Bundan sonra o, Mingəçevir şəhəri İ saylı Mediasiya Təşkilatına müraciət etmiş və xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə Arayış almışdır. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli 185 saylı əmri qanunsuz və əsassızdır. Odur ki, həmin əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil1 izahatında bildirdi ki, bütün məhkəmə iclaslarında tərəfindən qeyd olunub ki, tərəflərin (İddiaçı və Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi) ilkin münasibətlərini tənzimləyən əmək müqaviləsi qüsurlu şəkildə tərtib olunmuşdur. Həmin əmək müqaviləsinə nəzər yetirdikdə kifayət qədər qüsurlarla rastlaşmaq olar (iş günləri bəzi bəndlərdə 5 gün bəzi bəndlərdə isə 6 günlük iş həftəsi kimi qeyd olunub, əmək funksiyaları nə əmək müqaviləsində nə də əmək müqaviləsinin əlavəsində qeyd olunmayıb və s.) Lakin əmək müqaviləsində nəzərə çarpan ən böyük qüsur müqavilənin 2.3-cü bəndində müqavilənin hansı səbəbə görə müddətli bağlanmasının qeyd olunmamasıdır. Hesab edir ki, qeyd olunan hal işəgötürən tərəfindən çox ciddi maddi hüquq normasının pozuntusu olmaqla iddianın təmin olunması üçün əsas faktorlardan biridir. Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən - Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi qanunverici işəgötürənin üzərinə çox ciddi öhdəlik qoymaqla əslində işçinin əmək hüquqlarının pozulmasının sui istifadə hallarının qarşısını almış olur. Əmək qanunverciliyinin qeyd olunan normasını hazırki baxılan iş üzrə tətbiq etsək görərik ki, cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsində müddətli əmək müqaviləsinin bağlanmasının səbəblərini (Əmək Məcəlləsinin 47-ci maddəsi) göstərməli idi. Lap tutaq ki, həmin səbəblər göstərilsə belə hər bir halda bu əsaslandırılmalı və tərəflərin həqiqi iradə ifadəsi göstərilməli idi (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiyası Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı). Lakin görünən odur ki, işəgötürən işçinin vəzifəsinin daimi xarakter daşıdığını bilə-bilə məhz özünü sığortalamaq və müqavilənin müddəti bitdikdə işçini asan şəkildə işdən çıxarmaq məqsədilə onunla müddətli əmək müqaviləsi bağlamışdır. Bundan başqa məhkəmə iclasında cavabdeh və şahid X3 (cavabdeh müəssisənin kadrlar işi üzrə fəaliyyəti həyata keçirən şəxs) açıq formada etiraf etdilər ki, İddiaçı Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində tutduğu “Təhlükəsizlik texnikası üzrə mühəndis” vəzifəsi daimi xarakter daşımaqla müəssisədə mühüm və vacib vəzifələrdəndir. Daha sonra şahid Ramidə Məmmədovaya tərəfindən “niyə İddiaçıla müddətli əmək müqaviləsi bağlamısınız, axı qanunvericilik Sizə iş daimi xarakter daşıyırsa müddətsiz müqavilə bağlanılma öhdəliyini qoyur” sualı ünvanlandıqda şahid cavab olaraq bildirdi ki, “bu rəhbərliyin göstərişidir mən əgər rəhbər olsam işəgötürən kimi özümü sığortalamaq məqsədilə işçilərlə müddətli müqavilə bağlayaraq işini düzgün yerinə yetirməyən işçi ilə müddətin bitməsinə əsasən əmək müqaviləsinə xitam verərəm”. Odur ki, Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisinin xx.xx.2023-cü il tarixli 185 №-li əmrinin ləğv edilməsi, iddaçı İddiaçı işə bərpa edilməsi və iddiaçının məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı bir neçə hala istinad edir ki, bunlardan biri də əmək müqaviləsinin 2.1-ci maddəsində əmək müqaviləsinin müddətsiz bağlanmasını bildirmələridir. Lakin müqavilənin özünə də diqqət etdikdə müqavilənin 2.1-ci maddəsində müddətsiz yazılmaqla “Hə və ya Yox” sözlərindən birinin altına xətt çəkilməsi göstərilmişdir. Həmin bənddə “Yox” yazılmış sözün altından xətt çəkilməsi görünür və bu müqavilənin müddətli bağlanmasını ehtiva edir. Bundan əlavə həmin müqavilənin 2.3-cü bəndində müqavilənin müddətli olması açıq-aydın görünür və müqavilənin 13 yanvar 2023-cü ildən 12 aprel 2023-cü il tarixə kimi bağlanması qeyd edilmişdir. Bundan əlavə iddiaçı həm xx.xx.2023-cü ildə, həm də xx.xx.2023-cü il tarixdə öz əl yazısı ilə ərizə yazmışdır. Hətta xx.xx.2023-cü il tarixli ərizədə əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən əmək müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixə kimi uzadılmasını xahiş etmişdir. Bu hal ona dəlalət edir ki, iddiaçı öz iradə ifadəsini tam olaraq bildirməklə, müqavilənin müddətli olmasını bilmiş və bu müqavilənin özünün təklif etdiyi müddətdə bağlanmasını xahiş etmişdir. İddiaçının istinad etdiyi əmək müqaviləsinə əmək funksiyalarının yazılmaması ilə bağlı bildirməliyik ki, məhkəmə iclasında təqdim edilmiş siyahıdan da görünür ki, İddiaçı əmək funksiyaları göstərilən bir vərəqdən ibarət əmək müqaviləsinə əlavə olan bu funksiyalar ona təqdim edilmiş və bu barədə ona imza etdirilmişdir. Bundan əlavə müqavilə sərbəst bağlanır və heç kim məcburi qaydada əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. İddiaçı sərbəst iradə ifadəsi ilə müddətli müqaviləni bağlaması, hətta müqavilənin müddətinin onun tərəfindən müəyyən olunması və onun müqavilə bağlandığı vaxtdan işdən çıxan vaxta bununla bağlı heç bir şikayət və ya iradı olmaması aydın görünür. İddiaçı məhkəmə iclasında ona töhmət verilməsi və əlavə iş görməsi ilə bağlı sözləri isə bu işin mövzusu olmasa da qısa formada cavablandırır. Bu məsələlər hazırda araşdırılan işə təsir etməsə də İddiaçı şəxsiyyətini səciyyələndirdiyi hallar kimi bildirir ki, yuxarıda göstərilənlərdən, İddiaçı məhkəmədə bildirdiyi izahatlardan və şahidlərin ifadələrindən də görünür ki, o iş yerində ona aid olan və ya olmayan işləri çox həvəslə və lazım olandan daha aqresiv şəkildə (istəkli halda) icra etmişdir. İşlədiyi dövrdə töhmət almış həmin qərardan şikayət etməmiş, ərazidə işləyən fəhlələrlə kobud rəftarı isə onun heç vaxt təzyiq altında deyil, özünün başqalarını təzyiq altında saxlaması görünür. Bundan əlavə İddiaçı xx.xx.2023-cü il tarixdə məktub verilərək müddətin bitməsi ilə əlaqədar işdən çıxarılacağı bildirilmişdir. İddiaçı yenə də öz sərbəst iradə ifadəsini bildirərək işdən müddətin bitməsi ilə əlaqədar bildirişi xx.xx.2023-cü ildə rəsmi qaydada qəbul etmiş və bununla bağlı heç bir iradını bildirməmişdir. Hətta xx.xx.2023-cü ildə iddiaçının işdən çıxarılması barədə əmr verilməsinə qədər və bundan sonra iddiaçı heç bir iradını bildirməmişdir. Ona görə də yuxarıda qeyd etdiklərini nəzərə alaraq İddiaçı MKT İB-nə qarşı verdiyi iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdeh müəssisədə kadrlar işi üzrə fəaliyyəti həyata keçirən şəxs X3 ifadəsində bildirdi ki, müəssisədə “Texniki təhlükəsizlik üzrə mühəndis” vəzifəsi işçiləri əməyin mühafizəsi üzrə təlimatlandırmaqdır. İddiaçı əmək funksiyaları ilə bağlı təlimat verilmişdir. Vüsal ilə eyni vəzifədə başqa şəxs yoxdur. İddiaçı onun yanında 3 ay müddətinə əmək müqavilə bağlanması barədə ərizə yazıb təqdim etmişdir. Bu zaman müddətsiz müqavilə bağlanması təklifi ilə çıxış etməmişdir. İkinci dəfə də 8 ay müddətinə əmək müqaviləsi bağlanması barədə ərizə yazmışdır. Bu zaman da İddiaçı müddətsiz müqavilə bağlanması təklifi ilə çıxış etməmişdir. İddiaçını heç kim müddətli müqavilə bağlamağı təlmatlandırmamış, onu buna məcbur etməmişdir. İddiaçıya iş yoldaşı ilə küçədə dalaşması ilə bağlı şiddətli töhmət verilmişdir. Həmin mübahisə işdən kənar vaxtı olmuşdur. İddiaçı əmək müqaviləsinə xitam verilən günədək işdə olmuşdur. Bayram günlərinə düşdüyü üçün iddiaçının xitam əmrində Əmək Məcəlləsinin 73.2 bəndinə istinad olunmuşdur. İddiaçıya 30 dekabr 2023-cü il tarixdə işgötürən tərəfindən 106.06 manat məbləğində pul mükafatı verilmişdir. Müəssisənin qaydasına əsasən işçi ilə ilkin olaraq 3 aylıq müddətə müqavilə bağlanır. Müəssisədə olan 91 işçinin təqribən 50 nəfəri müddətli, 40 nəfəri müddətsiz əmək müqaviləsi üzrə işləyirlər. İddiaçı ümumi normal işçi olmuşdur. Lakin işçilər ondan narazılıq edirdi. İşçilərlə yola gedə bilmirdi. İddiaçı müəssisədə işlədiyi müddətdə rəhbərliklə hər hansı problem və ya münaqişə yaratmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, İddiaçı Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyində işləyirdi. Vüsal işçilərə qarşı sərt rəftar edirdi. Tez-tez söz-söhbətlər yaradırdı. İddiaçının hansı səbəbdən işdən azad olması barəsində heç bir məlumatı yoxdur. Vüsaldan sonra həmin vəzifəyə gələn şəxs də onu və digər işçiləri gəlib iş yerində olub-olmadıqlarını yoxlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, İddiaçı Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyində işləyirdi. Sonra onun müqaviləsinə xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. İddiaçı insan kimi yaxşı insan olub, lakin işçi kimi istehsalat təcrübəsi az olub. İddiaçı işçilərə qarşı sərt rəftar edirdi. Buna görə də işçilərlə onun arasında tez-tez münaqişələr olurdu. Bununla belə o, iddiaçıya işçilərlə hər birinə uyğun tərzdə davranmağı məsləhət görmüşdür. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: İddiaçı MKT İB-in rəisi Ş.Mustafayeva xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək onun MKT İB-ə mühəndis vəsifəsinə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MKT İB-in rəisi Ş.Mustafayeva xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitdiyi üçün uzadılmasını xahiş etmişdir. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texniki xidmət bölməsinə mühəndis vəzifəsinə qəbul edilmişdir. İddiaçı əmək müqaviləsindən görünür ki, MİS İB-nin 59 nömrəli, xx.xx.2023-cü il tarixli Əmrinə əsasən əmək müqaviləsi xx.xx.2023-cü il tarixdək uzadılmışdır. xx.xx.2023-cü il tarixli 175 a saylı əmrə əsasən İddiaçı Azərbaycan Respublikasının ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin 2 bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. xx.xx.2023-cü il tarixli 919 saylı xəbərdarlıqdan görünür ki, Mingəçevir şəhər Mənzil Kommunal Birliyinin rəisi Ş.Y.Mustafayev tərəfindən İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müdətinin xx.xx.2023-cü il tarixdə bitməsi göstərilmişdir. Əmək qanunverciliyimə müvafiq olaraq irəlidən gələn bayram günləri nəzərə alındığı üçün onunla MKT İB-yi arasında bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam veriləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli xxxxxxx000102 nömrəli əmək müqaviləsində dəyişiklik edilməsi bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə MİS İB-ə mühəndis təhlükəsizlik texnikası vəzifəsinə təyin olunmuş və müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi üçün xitam verilmişdir. Əmək kitabçasının surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 185 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndini (əmək müqaviləsinin müddətinin qurtarması) nəzərə alaraq Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli 185 saylı əmrə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən işinə xitam verilmiş və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək istifadə edilməmiş 28 mənzuniyyət gününün son haqq-hesabının qanunverciliyə uyğun şəkildə ödənilməsi barədə əmr verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-5/2-D- 5956/2024 saylı məktubunda İddiaçı ərizəsinə cavab olaraq qeyd olunan məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən ünvan 2 ünvanda qeydiyyatdadır. İşin müəyyən olunmuş halları Tərəflərin razılığı ilə ilk olaraq 1 həftəlik sınaq müddəti müəyyən edilməklə 3 aylıq müddətli əmək müqaviləsi bağlanmış, iddiaçıxx.xx.2023-cü il tarixli 14 nömrəli əmrə əsasən cavabdeh müəssisəyə texniki xidmət bölməsinə mühəndis vəzifəsinə qəbul edilmişdir. Daha sonra müqavilə iddiaçının ərizəsi və müəssisənin rəhbərinin əmri ilə 8 ay müddətinə uzadılmışdır. Müqavilə müddətində iddiaçı işdən çıxma barədə ərizə ilə həmin müəssisəyə müraciət etmiş, daha sonra ərizəsini geri götürmüşdür. xx.xx.2023-cü il tarixli 185 saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı onun barəsində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa edilməsini tələb edir. Cavabdehin nümayəndəsi işçi ilə müddətli əmək müqaviləsinin bağlandığını və müqavilə müddəti bitdiyinə görə işçi ilə əmək müqaviləsinə xitam verildiyini bildirir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 42. Əmək müqaviləsinin tərəfləri

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiyası Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında göstərilmişdir ki, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Məhkəmənin mövqeyi İşin mübahisəsiz halı ilə müəyyən olunmuşdur ki, iddiaçı 1 həftəlik sınaq müddəti müəyyənləşdirilməklə cavabdeh müəssisə ilə 3 aylıq müddətə texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə işə qəbulla bağlı əmək müqaviləsi bağlamışdır. Daha sonra tərəflərin razılığı (iddiaçının ərizəsi) ilə 8 ay müddətinə yeni müddətli müqavilə bağlanmışdır. Bu onu göstərir ki, hər iki müqavilə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanmışdır. Müqavilə müddətində iddiaçı işdən çıxma barədə ərizə ilə həmin müəssisəyə müraciət etmiş, daha sonra ərizəsini geri götürmüşdür. Müqavilə müddəti bitdikdən sonra iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. (müddətin bitməsi bayram günlərinə təsadüf etdiyindən əmək müqaviləsinə ilk iş günündə xitam verilmişdir). Beləliklə iddiaçı müəssisədə işlədiyi vaxt bir neçə dəfə sərbəst surətdə öz iradəsini ifadə edən ərizələrlə müraciət etmişdir. Bunlar- müddətli əmək müqaviləsinin bağlanması barədə iki ədəd ərizə, eyni zamanda işdən çıxma barədə ərizə, işdən çıxma barədə ərizənin geri götürülməsi barədə ərizə. Beləliklə tərəflər həqiqətən də əvvəlcədən müddətli müqavilə bağlamağa razılaşmışlar. Bununla yanaşı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) əsasən əmək müqaviləsinin müddətli bağlanması-əmək müqaviləsinin müddətli bağlanmasının bir neçə əsaslarından biridir. Yəni əmək müqaviləsinin tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanması halı özü müstəqil əsasdır. Bunun üçün işəgötürənin üzərinə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olmadığını əsaslandırmaq vəzifəsi qoyula bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdeh müəssidə çalışan işçilərin yarıdan çoxu ilə əmək müqaviləsi müddəti müəyyən edilməklə bağlanmışdır. Beləliklə digər işçilərlə də oxşar müqavilələr bağlanmışdır. Eyni zamanda işin mübahisəsiz halı ilə müəyyən edilmişdir ki, işçi ilə əmək müqaviləsinə xitam verilsə də ona digər işçilər kimi mükafat verilmişdir. Yəni işçi ilə müddətli müqavilənin bağlanması müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədi daşımamışdır. Beləliklə, əmək müqaviləsinə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanmış müqavilənin müddətinin bitməsi səbəbindən xitam verilmiş və əmək müqaviləsinin müddəti uzadılmamışdır. Bu isə əmək qanunvericiliyinin tələblərinə zidd deyildir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İB-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ:

İddiaçı cavabdeh Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İB-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar