Məhkəmə qərarları › İş №2(051)-979/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-979/2021

03.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-979/2021 03.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan mənzildən cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə X5 15 oktyabr 2011-ci tarixdə nikaha daxil olmaqla ailə qurmuş və Cavabdeh həmin vaxt müvəqqəti yaşamaq üçün onun xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri F.Əzimov küçəsi 5 №-li evə gəlin köçərək onlarla birlikdə yaşamışdır. X5 ilə cavabdeh Aynur Yusifovanın birgə nikahlarından 11 dekabr 2012-ci il təvəllüdlü Aynur adlı bir uşaqları olmuşdur. Cavabdeh 31 dekabr 2016-cı il tarixədək onun evində yaşamış, 31 dekabr 2016-cı il tarixdə isə uşağı ilə birlikdə öz valideynlərinin yanına getmiş və hazırkı vaxtadək orada yaşayır. X5 ilə cavabdeh Aynur Yusifova arasında olan nikah Mingəçevir şəhər məhkəməsinin 19 may 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikahları pozulduqdan sonra Mingəçevir şəhər məhkəməsinin 16.08.2017-ci il tarixli 2(051)- 3560/2017 №-li qətnaməsi ilə Cavabdeh onun mülkiyyətində olan F.Əzimov küçəsindəki 5 №-li evə istifadə hüququnun olmaması müəyyən edilmiş, cavabdehin isə onun evinə köçürülmə tələbinə dair iddiası rədd edilmiş və o, qeydiyyatdan çıxarılmışdır. Bundan sonra hazırkı iş üzrə Cavabdeh onlara qarşı qızıl-zinət və cehiz əşyalarına dair məhkəmədə iddia qaldırmış və Mingəçevir şəhər məhkəməsinin 05.02.2018-ci il tarixli 2(051)-71/2018 №-li qətnaməsi ilə cavabdehin iddiası qismən təmin edilərək cehiz əşyalarını və qismən qızılzinət əşyalarının alınıb cavabdehə verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra icraya yönədilmiş və icra məmuru tərəfindən Cavabdeh iştirakı ilə əmlakları evindən çıxarılmışdır. Lakin 3 ildən çoxdur ki, Cavabdeh heç bir əsaslı səbəb olmadan “Çinar” markalı soyuducu, qaz sobası, “Fusion” markalı televizor,, ütü stolu, yataq mebel dəstinin matrası,”Evrolux” markalı paltaryuyan maşın, “Ovrika” markalı tozsoran, “Maxrvelli” markalı tozsoran, termos, 7 şamlı çilçıraq və 5 şamlı çilçırağı onun evindən götürmür və öz qərəzli münasibətindən əl çəkmir, onu evindən sərbəst, maneəsiz istifadə etmək hüququnu bu yolla məhdudlaşdırır. Buna görə də məhkəməyə müraciət etməyə məcbur olub. Cavabdeh məxsus “Çinar” markalı soyuducu, qaz sobası, “Fusion” markalı televizor,, ütü stolu, yataq mebel dəstinin matrası,”Evrolux” markalı paltaryuyan maşın, “Ovrika” markalı tozsoran, “Maxrvelli” markalı tozsoran, termos, 7 şamlı çilçıraq və 5 şamlı çilçırağı onun xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri F.Əzimov 5 №-li evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-3560/2017 №-li 16 avqust 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Yusifova Aynurə Azər qızına qarşı yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən olunması tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh Mingəçevir şəhəri F.Əzimov küçəsində yerləşən 5 №-li evə istifadə hüququnun olmamasının müəyyən edilməsi, Aynurə X1, İddiaçı Əsgər oğlu və X2 qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. İşə əlavə edilmiş Şəki Apelyasiya məhkəməsinin 2(107)-1844/2018 №-li 17 sentyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh apelyasiya şikayəti təmin edilmədən, Mingəçevir şəhər məhkəməsinin 2(051)-3560/2017 №-li 16 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1122/2019 №-li 04 mart 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh və vəkili Kərimli Ruhiyə Neymət qızının kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin 2(107)- 1844/2018 №-li 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri F.Əzimov küçəsi 5 №li evi 20 dekabr 2013-cü ildə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Mingəçevir şəhəri F.Əzimov küçəsi 5 №li ev iddiaçının mülkiyyətindədir. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə hər hansı bir hüququ olması iş materialları ilə müəyyən edilmədi. Lakin cavabdehə məxsus əşyalar iddiaçının mülkiyyətində olan həmin mənzildədir. Ona görə də iddiaçı özünə məxsus mənzildən tam istifadə edə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdehə məxsus əşyaların iddiaçının mülkiyyətində olan mənzildə qalması iddiaçının mülkiyyət hüquqlarını pozur. Ona görə də iddia təmin olunmalı, cavabdehin əşyaları “Çinar” markalı soyuducu, qaz sobası, “Fusion” markalı televizor, ütü stolu, yataq mebel dəstinin matrası, ”Evrolux” markalı paltatryuyan maşın, “Ovrika” və “Maxrvelli” markalı tozsoran, 7 və 5 şamlı çilçıraqlar həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilərlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh məxsus əşyalar-“Çinar” markalı soyuducu, qaz sobası, “Fusion” markalı televizor, ütü stolu, yataq mebel dəstinin matrası, ”Evrolux” markalı paltaryuyan maşın, “Ovrika” və “Maxrvelli” markalı tozsoran, 7 və 5 şamlı çilçıraqlar İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri F.Əzimov küçəsi 5 №-li evdən çıxarılsın. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar