Məhkəmə qərarları › İş №2(052)-166/2023

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-166/2023

17.08.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-166/2023 17.08.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X14 Aydın oğlunun sədrliyi, Eminov Elxan Elşən oğlunun katibliyi, İddiaçı, cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı «işə bərpa» tələbi barədə iddia ərizəsinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 may 2023-cü il tarixli, PHŞ-6-62/3-1- 166/2023 nömrəli əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdeh müəssisədən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizədə tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildə Naftalan şəhər sanatoriyasında xadimə olaraq əmək fəaliyyətinə başlamışdır. xx.xx.1986-cı ildə Volqoqrad tibb məktəbinə daxil olmuşdur. Tibb məktəbində oxumaqla yanaşı, Volqoqrad şəhəri infeksion xəstəxanasının laboratoriyasında işləmişdir. xx.xx.1989-cu ildən xx.xx.1996-cı ilədək Naftalan şəhəri Mil sanatoriyasında tibb bacısı işləmişdir. xx.xx.1996cı ildə Naftalan şəhər Gigiyena və Epidemiologiya Mərkəzində sanitar həkim köməkçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2001-xx.xx.2009-cu illərdə Naftalan şəhər Dezinfeksiyaprofilaktika mərkəzində şöbə müdiri işləmişdir. xx.xx.2009-cu ildən xx.xx.2023-cü ilə kimi “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin TTTY şöbəsində tibb bacısı və böyük tibb bacısı işləmişdir. xx.xx.2023-cü il tarixli, PHŞ-6-62/3-1-166/2023 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh orqan işdən çıxarılma əmrini onunla əsaslandırmışdır ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tibb bacıları şöbəsində təcili və təxirəsalınmaz tibbi yardım üzrə böyük tibb bacısı vəzifəsində işləyən İddiaçı tərəfindən dəfələrlə daxili intizam qaydaları pozulduğuna görə ona xx.xx.2023-cü il tarixdə yazılı xəbərdarlıq edilmişdir. Xəstəxanada TƏBİB tərəfindən xx.xx.2023-cü il tarixində keçirilən monitorinq yoxlaması zamanı yol verdiyi nöqsanlara görə (əmək funksiyasını layiqincə yerinə yetirmədiyinə görə) xx.xx.2023-cü il tarixli PHŞ-6-62/3-1-134/2023 əmrlə intizam tənbeh növü kimi “töhmət” verilmişdir. Lakin verilən intizam tənbehindən nəticə çıxarmayaraq İddiaçı xx.xx.2023-cü il tarixdə tələbnamə olmadan aptekdən dərmanlar götürülməsinin onun səlahiyyətində olmamasını və dərmanların sənədsiz götürülməsini irad tutmaqla həmin dərmanların yenidən aptekə geri qaytarılması ondan tələb edilmişdir. Lakin İddiaçı nümayişkaranə şəkildə, kollektivin gözü qarşısında müəssisə daxili intizam qaydalarını pozmaqla X4 təhqir etmiş və nalayiq ifadələr işlətmişdir. Baş vermiş hadisə barədə TTTY şöbəsinin müdiri X8 xəstəxanın direktorunun adına xx.xx.2023-cü il tarixdə məlumat yazmışdır. Məlumatın əsasında araşdırma aparılaraq xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Müəssisənin həmkarlar təşkilatının sədri Y.İ.Nəcəfovaya İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq bildirilməsi barədə müraciət olunmuş və X13nın xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən xx.xx.2023-cü il tarixli məktubla İddiaçı intizam tənbehi olaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Qeyd olunan əsaslarla işdən çıxarılması qanunsuz və əsassızdır. Məlumat üçün qeyd olunmalıdır ki, xx.xx.2020-ci il tarixdə Vətən müharibəsi başlayarkən həmin xəstəxana hərbi hospital elan olunmuşdur. O, xx.xx.2020-ci il tarixədək tibb bacısı kimi əsgər və zabitlərə xidmət göstərmişdir. Bununla bağlı olaraq hərbi biletində qeydlər aparılmışdır. Əlavə olaraq fəxri fərmanlarla təltif edilmişdir. Onun iş fəaliyyəti təkcə əsgər və zabit qardaşlarına xidmət göstərilməklə bitməyib, ümumi əhaliyə göstərdiyi tibb xidmətinə görə də, fəxri fərmanlarla təltif edilmişdir. İddia tələbinin hüquqi əsası ilə bağlı bir neçə məqamı diqqətə çatdırmaq istəyir. Birincisi, xx.xx.2023-cü il tarixdə ona hər hansı yazılı xəbərdarlıq edilməmişdir. xx.xx.2023-cü il tarixdə ona şifahi xəbərdarlıq edilmişdir. Ona şifahi xəbərdarlıq verilməsinə səbəb xx.xx.2023-cü il tarixdə DİN-102 xidmətinə müraciət etməsi olmuşdur. Müraciətinin səbəbi onunla bağlı olmuşdur ki, Daxili İşlər Nazirliyinə məxsus olan post patrul avtomobili xəstəxananın girişində təcili tibbi yardım maşınının yerində saxlanılmışdır. O, polis əməkdaşlarına avtomobildə ağır xəstə olduğunu bildirmişdir. Polislər isə onun dediklərinə məhəl qoymamışlar. Xəstənin sağlamlığını nəzərə alaraq avtomobilin çıxarılması ilə bağlı DİN-in 102 xidmətinə müraciət etmişdir. Bununla bağlı olaraq xx.xx.2023-cü il tarixdə şəxsən izahat yazmışdır. İkincisi, işlədiyi müddətdə ona hər hansı töhmət verilməmişdir. Onun əmrdə göstərilən xx.xx.2023-cü il tarixli, PHŞ-6-62/3-1-134/2023 saylı töhmətdən xəbəri yoxdur. Əgər ona töhmət verilmişdirsə, bununla bağlı olaraq izahatı alınmalı idi. Töhmət elan edilməklə ona verilməli idi. Üçüncüsü, xəstəxananın aptekindən xx.xx.2023cü il tarixdə tələbnamə olmadan hər hansı dərman preparatı götürməmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan da xəbəri yoxdur. Özlərindən tərtib etdikləri aktın heç bir istinad nöqtəsi ola bilməz. Dördüncüsü, xx.xx.2023-cü il tarixdə X13nın iclası keçirilməmişdir. Ən azından həmkarlar təşkilatı işçinin hüquqlarını müdafiə etdiyi üçün həmin iclasda onun iştirakını təmin etməli idi. Yuxarıda qeyd olunan xüsusatlardan görünür ki, onun işçi olaraq hüquqları işə götürən tərəfindən kobud şəkildə pozulmuşdur. Bu səbəbdən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, uzun illər qüsursuz şəkildə fəaliyyət göstərmişdir. Dəfələrlə işində yoxlamaları da olmuşdur. Lakin mərkəzi xəstəxanaya gələn yeni rəhbər ilk gündən onunla çəkişməyə başlamış, hər dəfəsində “iptal” deyərək onunla işləmək istəmədiyini bildirmişdir. İşlədiyi otağın qapısının üzərində böyük tibb baçısı yazısı yazılmış kağız olmuş, direktor həmin kağızı çırmış və yüksək səslə “mən çırdım” deyərək üzərinə gəlmişdir. O isə, mübahisə yaranmasın deyə heç bir cavab qaytarmamış, hətta direktora “yaxşı etmisiniz” demişdir. Əslində isə direktorun məqsədi ona ilişmək üçün xəstəxanada səs-küyün qalxmasına nail olmaq olmuşdur. Daim direktordan və onun müavinindən özünü qorumuşdur. Çünki bilirdi ki, əgər müavin Nümayəndə adamın üzünə gülərək nəsə dedisə, həmin gün axşama o adam işdən çıxarılmalı idi. Yalnız bir dəfə Naftalan şəhərində keçirilən konsert tədbiri zamanı direktor ona kobud formada “sən burada nə gəzirsən, bura cavanların yeridir demiş”, o da, cavabında direktora “doktor hoqqa verməyin” cavabını qaytarmışdır. Ondan başqa heç vaxt direktorun üzünə qayıtmamış, daim onun göstərişlərini səssiz icra etmişdir. Direktor gəldiyi ilk günlərdə iclas keçirmiş və ona hansı səbəbdən şəhər polis idarəsinin rəisindən şikayətlər yazdığını soruşmudur. O isə, cavabında bunun şəxsi məsələ olduğunu, işinə heç bir aidiyyəti olmadığını demişdir. Bu zaman direktor ona əsəbləşərək rəis ilə dost olduğunu, ondan yazmasına icazə verməyəcəyini demişdir. O, həmçinin ona aid olmayan məsələyə görə töhmət almışdır. Belə ki, Təbibdən gələn audit yoxlaması zamanı təcili tibbi yardım avtomobilinin içərisində depilyator və saturasiya aparatının olmadığı müəyyən edildiyinə görə ona töhmət verilmişdir. Halbuki həmin aparatların olub-olmamasına görə cavabdeh şəxs o deyildir. Bu məsələyə cavabdeh şöbə rəisi Hikmət doktor olmuşdur. Lakin, sonda Hikmət doktora verilməli olan töhmət ona verilmişdir. Direktora bu barədə iradını bildirən zaman isə o, cavabında “mən belə istəyirəm” demişdir. Bundan sonra direktora heç bir söz deməmişdir. Onunla bərabər bir neçə əməkdaşa da, töhmət verildiyi üçün “palaza bürün, elnən sürün” deyərək məsələnin üzərinə getməmişdir. İşdən azad olunması isə tamamilə əsassız və şərdir. Guya ki, o, Hikmət doktor ilə dalaşmışdır. Həmin gün o, növbəyə çıxan tibb bacılarına dərman paylamaq üçün aptekdən dərmanlar götürmüş və paylamışdır. Həmin iş isə bir müddət əvvəl onun əlindən alınmış və aktlaşdırılaraq şöbə müdiri Hikmət doktora verilmişdir. Buna bəhanə olaraq isə 10 il qabaq onun məhkumluğunun olmasını, pozgun olmasını deməklə göstərmişlər. Halbuki şöbə müdiri özü dərmanları götürərək tez paylaması barədə ona göstəriş vermişdir. O isə, şöbə müdirinə dimedrol və analginin olmamasını demiş, şöbə müdiri isə işçilərə çox dərman paylamamasını, dərmanları götürərək ona verməsini demişdir. O isə, dərmanları şöbə müdirinə verməmiş, dərmanları gətirən kimi paylamışdır. Bunu görən Hikmət doktor onu təhqir etməyə başlamış və “sən kimsən dərman paylayırsan” demişdir. O isə, Hikmət doktora dərmanları özündə saxlamırsa, ona da verməyəcəyini bildirmişdir. Həmin dəqiqə yenidən payladığı dərmanları geri yığmış və apararaq aptekə təhvil vermişdir. Bu zaman o, Nümayəndə zəng edərək Hikmət doktorun kollektivin arasında onu nalayiq formada söydüyünü demişdir. Nümayəndə isə cavabında səsini çıxarmamasını, işə gələrək hər şeyi araşdıracağını demişdir. Bundan sonra Hikmət doktora töhmət verilmişdir. Lakin, davamında o da, işdən çıxarılmışdır. Ümumiyyətlə direktor Samir Allahverdiyev ona narkotik dərmanlara əl vurmamasını demişdir. Hətta ona ilişmək üçün həmin dərmanların başını kəsəcəyini və içərisinə su dolduracağını da bildirmişdir. Ümumiyyətlə direktorun əməlləri barədə daimi olaraq prokurorluq orqanına məlumat vermişdir. Həmin narkotik dərmanlar məsələsi barədə də, özünü qorumaq məqsədi ilə yazılı qaydada Goranboy rayon prokurorluğuna məlumat vermişdir. Daha sonra 49 adda dərmanın paylanmasına nazarılıq olunması barədə də, prokurorluq orqanına məlumat vermişdir. Sonda isə planlı şəkildə, əvvəlcədən qurulmuş plana uyğun olaraq onu işdən azad etdilər. Direktor və onun müavininin hər kəsdən istəyi odur ki, hər kəs onlara yalvarsın. Lakin o, yalvarmadığı üçün sonu belə oldu. Hətta yoxlama zamanı yeganə adam olmuşdur ki, sənədləşməsi yerində olmuşdur. Bu barədə yoxlayıcı Samir Allahverdiyevin özünə demişdir. Hadisə baş verən gün xəstəxananın əczaçısı işdə olmamışdır. Bu səbəbdən həmin gün aptekdən dərmanlar tələbnaməsiz götürülmüşdür. Həmçinin dərmanları özbaşına götürməmiş, Hikmət doktorun göstərişinə əsasən götürmüşdür. Bir müddət əvvəl direktora müraciət edərək Hikmət doktorun onu dərman vasitələrini götürməyə məcbur etdiyini demiş, direktor isə dərmana qarışmamasını, lakin sənədləri yazmasını demişdir. Hətta Hikmət doktora kömək etməsini ondan istəmişdir. O isə direktora görmədiyi dərmanların sənədlərini yazmaq istəmədiyini demişdir. Yeganə səhvi hər kəsə inanması, hər kəsi özü kimi bilməsi olmuşdur. Hazırda xəstəxananın yetmiş faiz işçiləri ona zəng edərək deyirlər ki, rəhbərlik onları məcbur edərək ona qarşı qol çəkdirmişdir. Bundan başqa qeyd olunmalıdır ki, dərmanları birinci partiya Hikmət doktor özü götürmüş, daha sonra isə çatışmayan dərmanları Hikmət doktorun göstərişinə əsasən o götürmüşdür. Odur ki, barəsində qanunsuz verilmiş əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə olan pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının işdən azad olunmasına dair əmr qanuni və əsaslıdır. Belə ki, İddiaçı işdən azad olunan günə kimi qalmaqalların içərisində olmuş, daim xəstəxananın normal fəaliyyətinə mane olmuşdur. İclas keçirilərək etik davranış qaydaları hazırlanmış və kollektiv qaydalarla tanış edilmişdir. Lakin, iddiaçı nalayiq ifadələr işlətmək və tabesizlik gəstərməklə daim bu qaydaları pozmuşdur. Halbuki xəstəxana bu hərəkətlərin xüsusi ilə yolverilməz sayıldığı bir yerdir. Hadisə baş verən gün xəstəxananın əczaçısı işləyən səxs üzrlü səbəbdən işdə olmamış, Bakı şəhərində olmuşdur. Bu səbəbdən həmin vaxt üçün əczaçının səlahiyyətlərinin yerinə yetirilməsi rəsmi əmr ilə baş tibb bacısı Məhəbbət xanıma həvalə olunmuşdur. Təlimat üzrə belədir ki, istənilən şöbə lazım olan dərman preparatlarını götürməli idisə, həmin dərmanlara uyğun tələbnamə yazmalı, həmin tələbnamə direktor tərəfindən təsdiq olunmalı, bundan sonra apetkdən dərman vasitələri şöbələrə göndərilməlidir. Yəni ki, tələbnamə olmadan dərman vasitələri aptekdən çıxarıla bilməz. Qeyd olunan məsələ ilə isə daha əvvəldən İddiaçı rəsmi əmr ilə dərman vasitələrinə münasibətdə məsul şəxs olmaqdan azad edilmiş, həmin məsələyə görə məsul şəxs şöbənin müdiri olan Hikmət İbrahimov təyin edilmişdi. Əczaçı səlahiyyətini yerinə yetirən Məhəbbət xanım isə izahat verərək bildirmişdir ki, İddiaçı səs-küy ilə onun üzərinə gəlmiş, o isə özünü itirərək dərmanları ona vermişdir. Hikmət doktor İddiaçı ilə dərmanların özbaşına götürülməsi ilə bağlı mübahisə etdikdən sonra İddiaçı dərmanları qutu ilə birgə sərt şəkildə yerə çırpmış və dərmanlar yerə dağılmışdır. Dərhal sonra isə Məhəbbət xanım şəxsən özü dərmanları toplayaraq aptekə qaytarmışdır. Lakin, İddiaçı yalan ifadə verərək bildirir ki, guya dərmanları aptekə özü qaytarmışdır. Halbuki İddiaçı maddi məsuliyyət üzərindən götürüldüyünə görə, hətta tələbnamə olsa idi belə, aptekdən dərman vasitələrini götürmək kimi səlahiyyəti olmamışdır. İddiaçının qeyd edilən hərəkəti birbaşa müəssisə daxili intizam qaydalarını pozmaqdır. Hadisə araşdırıldıqdan sonra şöbə müdiri Hikmət doktorun özünə də töhmət verilmişdir. Qeyd edilməlidir ki, iddiaçı ilk dəfə töhmət aldıqdan sonra altı ay müddət keçmədən yenidən qaydaları pozmuşdur. Bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən işdən azad olunmuşdur. Həmçinin İddiaçı üzərindən maddi məsuliyyət götürüldükdən sonra heç bir sənədi imza etməmişdir. Düzdür, o, maddi məsuliyyət üzərində olan zaman dərmanların dövriyyəsini tam olaraq yazmışdır. Lakin, məsuliyyət üzərindən götürüldükdə sonra ondan tələb olunan yalnız təcili tibbi yardımın çağırış vərəqələrinin üzərində istifadə edilmiş dərmanların siyahısının tərtib edilməsi olmuşdur. İddiaçının üzərindən maddi məsuliyyət götürülmüş olsa da, onun əmək haqqı tam olaraq saxlanılmışdır. Daha dəqiq deyilərsə, onun sadəcə olaraq əmək şəraitinin şərti dəyişdirilmişdir. İddiaçı həmçinin ilk vaxtlarda təcili tibbi yardımın əməkdaşı olmasına baxmayaraq özbaşına şəkildə xəstəxananın poliklinika hissəsində yerləşən otağın qapısının üzərinə kağıza böyük tibb bacısı sözü yazaraq skoç yapışqan ilə yapışdırmışdır. Halbuki xəstəxananın otaqlarının qapısının öz yazısı vardır və əlavə yazının yapışdırılması qadağandır. Bunu görən direktor isə onun təcili tibbi yardım şöbəsinin əməkdaşı olduğunu, poliklinikada oturmasına icazəsi olmadığını bildirmişdir. Direktor tərəfindən dəfələrlə ona otağı boşaltması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı göstərişə məhəl qoymayaraq otaqdan çıxmamışdır. Yekunda həmin otaqda oturmalı olan həkim direktora şikayət etdikdən sonra direktor şəxsən otağı açaraq oranı boşaltmışdır. Məhz həmin hadisədən sonra İddiaçı otağı olmadığı üçün artıq dərmanları saxlamayacağını dediyi üçün o, maddi məsuliyyətdən azad edilərək həmin məsuliyyət onun işlədiyi şöbənin müdirinin üzərinə qoyulmuş və dərmanları şöbə müdirinə otağında saxlaması tapşırılmışdır. Bundan sonra İddiaçı ard-arda prokurorluq orqanlarına “mənim dərmanlarımı əlimdən alıblar” mövzusunda şikayətlər etməyə başlamışdır. Bununla bağlı onları Goranboy rayon prokurorluğuna dəvət etmişlər. Orada vəziyyət barədə məlumat verildikdən sonra məsələyə aydınlıq gəlmişdir. Bundan sonra İddiaçı sosial şəbəkələrdə direktorun ünvanına nalayiq sözlər, şər-böhtanlar, müavinin oğlunun isə adam öldürməsinə baxmayaraq azadlıqda gəzməsi ilə bağlı yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymağa başlamışdır. Halbuki, həmin ərəfələrdə hətta Məkahət Məmmədovanın dərəcəsi də artırılmışdır ki, nəticədə onun əmək haqqının 25 manat artmasına səbəb olmuşdur. Ümumiyyətlə İddiaçı dərman vasitələrinin alınmasının ona pis təsir etməsinin səbəbini özü yaxşı bilir. Belə ki, dərman vasitələri onda olduğu zamanlarda o, həmin vasitələrə münasibətdə öz istədiyi kimi sərəncam vermişdir. Bu imkan əlindən çıxıdığı üçün rəhbərlikdən şikayətlər etməyə başlamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı 16 yanvar 2023-cü il tarixdən əmək müqaviləsi əsasında Tibb bacıları şöbəsinin böyük tibb bacısı vəzifəsinə yerdəyişmə edilmiş və TTTY şöbəsi üzrə vəzifə öhdəliklərinin yerinə yetirməsi həvalə edilmişdir. İş materiallarında olan “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Samir Allahverdiyevin 13 aprel 2023-cü il tarixli PHŞ-6-62/3-1-120/2023 №li əmrindən görünür ki, TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı üzərində olan narkotik tərkibli və psixotrop dərman preparatları və digər ləvazimatlar TTTY şöbəsinin şöbə müdiri Hikmət İbrahimova təhvil-təslim edilməsi əmr edilmişdir. İş materiallarında olan “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Samir Allahverdiyev tərəfindən imzalanmış 20 aprel 2023-cü il tarixli, PHŞ-6- 62/3-1-134/2023 saylı əmrdən görünür ki, həkim məsləhət komissiyasının sədri, terapiya şöbəsinin müdiri – X6, terapiya şöbəsinin böyük tibb bacısı X7 və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin böyük tibb bacısı – İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarında olan “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Samir Allahverdiyev tərəfindən imzalanmış 26 aprel 2023-cü il tarixli, PHŞ-6- 62/3-1-141/2023 saylı əmrdən görünür ki, müəssisədaxili intizam qaydalarını pozduğuna görə “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri X1 xəbərdarlıq etməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarında olan X3 25 aprel 2023-cü il tarixdə vermiş olduğu izahatından görünür ki, 24 aprel 2023-cü il tarixdə TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı onun icazəsi olmadan xəstəxana aptekindən dərman preparatları götürmüşdür. İş materiallarında olan X2 27 aprel 2023-cü il tarixdə vermiş olduğu izahatından görünür ki, 24 aprel 2023-cü il tarixdə TTTY şöbəsinin böyük tibb bacısı İddiaçı heç bir tələbnamə olmadan spazmalqon 5 qutu, metoqlopramid 5 qutu, eqiloq 5 qutu, şurasemid 5 qutu, dimedrol ampula və plastr 3 qutu vermişdir. Sonra TTTY şöbəsinin müdiri Hikmət İbrahimov onun yanında olarkən İddiaçı gəlmiş və onlar bir-birinə səslərini yüksəltmişlər. O, onları sakitləşdirməyə çalışmış, sonra verdiyi dərmanları geri istəmiş və dərmanları götürərək aptekə aparmışdır. İş materiallarında olan “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs X13 tərəfindən “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə ünvanlanmış 03 may 2023-cü il tarixli 104 nömrəli məktubdan görünür ki, HTK İddiaçı intizam tənbehi olaraq ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmişdir. İş materiallarında olan “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Samir Allahverdiyevin 15 may 2023-cü il tarixli PHŞ-6-62/3-1-166/2023 №li əmrindən görünür ki, “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Tibb bacıları şöbəsinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə böyük tibb bacısı vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 35-ci maddəsində qeyd edilmişdir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işə götürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü 5 maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 72-ci maddəsinin ə) bəndində qeyd edilmişdir ki, işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh müəssisə arasında əmək münasibətlərinə işçinin əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar xitam verilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək Məcəlləsi işəgötürən tərəfindən işçi barəsində intizam tənbehinin tətbiq edilməsi əsaslarını şərtləndirmişdir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış araşdırma və tədqiq olunmuş sübutlarla İddiaçı iddiasının əsassız olması qənaətinə gəlinir. Belə ki, iş materialları ilə iddiaçı barəsində 20 aprel 2023-cü il tarixdə müəssisənin rəhbəri tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş olması müəyyən olunur. İddiaçı qeyd edilən əmri mübahisələndirməmiş və əmr qüvvədədir. Həmçinin müəyyən olunur ki, iddiaçı, barəsində verilmiş intizam tənbehindən qısa müddət keçdikdən sonra, yəni 24 aprel 2023-cü il tarixdə tələbnamə olmadan, həmçinin götürülməsinin onun səlahiyyətlərində olmadığını bilməsinə baxmayaraq aptekdən dərman vasitələri götürərək tibb bacılarına paylamış, bu zaman ona iradını bildirən şöbə müdiri Hikmət İbrahimov ilə mübahisə etmiş, kollektivin gözü qarşısında müəssisə daxili intizam qaydalarını pozmaqla onu təhqir etmişdir. Qeyd edilən hadisə onu deməyə əsas verir ki, İddiaçı əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Bu isə işçinin əmək vəzifələrini kobud şəkildə pozması hesab edilir ki, nəticədə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin Qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmə iddianın “məcburi boşdayanma ilə əlaqədar əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddianın 15 may 2023-cü il tarixli əmrin ləğv edilməsi hissəsi rədd edildiyindən, qeyd edilən hissənin də müzakirəsi hər hansı əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcələnin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Naftalan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı «işə bərpa» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Apellyasiya Məhkəməsinə Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar