Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-64/2023 25.04.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2 ədəd döşək, 2 ədəd yorğan, 1 ədəd tük döşək, 3 ədəd yastıq, 1 ədəd qədimi samovarın özünün və yaxud əmlakların dəyərinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məcburi köçkünlük ərəfəsində zəhməti ilə qazandığı ev əşyalarını cavabdeh yumaq məqsədi ilə (kömək məqsədilə) müdir işlədiyi Naftalan sanatoriyasının qarajının gözətçisinin maşını ilə 2018-ci ildə apartdırmış və bu vaxta kimi qaytarmamışdır. Bu barədə xx.xx.2021-ci il tarixdə Goranboy Rayon Prokurorluğuna və polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda tələb etdiyi əşyalar aşağıdakılardır: 2 yun döşək – 24 kq çəkidə = 144 manat, 2 yun yorğan – 6 kq çəkidə = 36 manat, 1 tük döşək – 15 kq çəkidə = 150 manat, 3 tük yastıq – 9 kq çəkidə = 90 manat, qədimi samovar = 200 manat, cəmi 620 manat. 2023-cü ilin qiymətlərinə əsasən təmiz, yuyulmuş halda 1 kq yunun qiyməti – 6 manat, 1 kq tükün qiyməti – 10 manatdır. Əşyalara baxış keçirilsin, əgər əşyalar yararsız halda olarsa dəyəri 620 manat ödənilsin. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, yataq xəstəsi olduğu üçün məhkəmədə iştirak edə bilməyəcəkdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, nümayəndəsi olduğu Cavabdeh iddianı qismən qəbul edir. Belə ki, iddia ərizəsində əşyaların say və çəkiləri düzgün qeyd edilməmişdir. Tük döşək 9 kiloqram, iki ədəd yun döşəyin hər birinin çəkisi 8 kiloqram, iki ədəd yorğanın hər birinin çəkisi isə 3 kiloqramdır. Yastıq isə üç ədəd deyil, bir ədəd olmuşdur. Samovar isə həqiqətən də bir ədəddir. Cavabdeh qeyd edilən əşyaları məhkəmə qərarı olmadan da, iddiaçıya qaytarmağa hazırdır. Odur ki, iddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatının dinləyib, işin faktiki hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 13 və 29-cu maddələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu hüquq normasının mənasına görə göstərilən tələbin qanuni və əsaslı olması üçün şəxsin tələb etdiyi əmlakın onun mülkiyyətində olduğu və hal-hazırda özgəsinin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd edilən əmlakların ümumiyyətlə mövcudluğuna, eləcə də onların say və çəkilərinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında əmlakların müəyyən hissəsinin mövcudluğu və çəkiləri barədə etirafedici izahatlar verdiyindən iddia onun etirafına uyğun təmin edilməlidir. Belə ki, cavabdehin nümayəndəsi iki ədəd yun döşəyin hər birinin çəkisinin 8 kiloqram olduğunu bildirdiyi üçün hər bir döşəyin dəyərinin 48 manat olmaqla, ümumilikdə dəyərinin 96 manat, iki ədəd yun yorğanın hər birinin çəkisinin 3 kiloqram olduğunu bildirdiyi üçün hər bir yorğanın dəyərinin 18 manat olmaqla, ümumilikdə dəyərinin 36 manat, bir ədəd tük döşəyin çəkisinin 9 kiloqram olduğunu bildirdiyi üçün döşəyin dəyərinin 90 manat və cəmi bir ədəd tük yastığın olduğunu bildirdiyi üçün yastığın dəyərinin 30 manat olması müəyyən edilməlidir. Bundan başqa cavabdehin nümayəndəsi bir ədəd qədim samovara münasibətdə iddianı etiraf etdiyindən samovarın dəyərinin 200 manat olması qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh hər birinin çəkisi 8 kiloqram olan iki ədəd yun döşək (hər birinin dəyəri 48 manat olmaqla, ümumilikdə dəyəri 96 manat), hər birinin çəkisi 3 kiloqram olan iki ədəd yun yorğan (hər birinin dəyəri 18 manat olmaqla, ümumi dəyəri 36 manat), çəkisi 9 kiloqram olan bir ədəd tük döşək (dəyəri 90 manat), çəkisi 3 kiloqram olan bir ədəd tük yastıq (dəyəri 30 manat) və bir ədəd samovar (dəyəri 200 manat) olan əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmadıqda isə onların dəyəri alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №2(052)-64/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-64/2023
25.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver