Məhkəmə qərarları › İş №2(053)-1001/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-1001/2023

16.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-1001/2023 16.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 19 fevral 2009-cu ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuş oğlu X5 15 avqust 2023-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 16 oktyabr 2023-cü ildə məhkəməyə «tələbin dəqiqləşdirilməsi barədə» ərizə verərək, məhkəməyə təqdim etdiyi «ölüm faktının müəyyən edilməsinə dair» ərizəsində texniki səhvə yol verilməklə 19 fevral 2009-cu il təvəllüdlü mərhum övladı X5 15 avqust 2023-cü ildə ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin xahiş edildiyini, əslində isə oğlunun ölüm tarixinin 14 avqust 2023-cü il olduğunu bildirib, onun, yəni oğlu Əlinin 14 avqust 2023-cü ildə ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, 19 fevral 2009-cu ildə doğulmuş oğlu X12 14 avqust 2023-cü ildə Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən adsız çimərlikdə çimərkən suda boğularaq dünyasını dəyişmişdir. Mərhumu 15 avqust 2023-cü ildə Neftçala rayon «Pirətəvan» qəbiristanlığında qohumlarının və yaşadığı qəsəbənin bir çox sakinlərinin iştirakı ilə dəfn etmişlər. Övladı Əlinin ölümü ilə bağlı ona Bakı şəhəri Təcili və X3 Stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Həmin sənədi ölümün dövlət qeydiyyatına alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə təqdim etmiş, lakin ona oğlu Əlinin ölümü haqqında akt qeydinin aşkar edilmədiyi, ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilməməyi səbəbindən oğlunun ölməsi faktının müəyyən edilməsi ilə bağlı müvafiq məhkəməyə müraciət etməli olduğu rəsmi məktubla bildirilmişdir. Qeyd edir ki, oğlunun ölümü haqqında tibbi şəhadətnamənin verilməsi üçün Neftçala Rayon X4 Hüquqi Şəxsinə də müraciət etmişdir. Həmin müəssisədən ona oğlunun ölümünün Məhkəmə Tibbi Ekspertizasının predmeti olması səbəbindən şəhadətnamənin verilməsinin onların səlahiyyətlərinə aid olmadığı bildirilmiş və bu barədə 12 sentyabr 2023-cü il tarixli 1525 nömrəli arayış təqdim edilmişdir. Göründüyü kimi mərhum oğlu Əli Hüseynova ölüm haqqında şəhadətnamənin və ya onun ölümünü təsdiq edən hər hansı bir sənədin başqa qaydada əldə edilməsi mümkünsüzdür. Ərizəçi qeyd edir ki, oğlu Əlinin ölüm faktının təsdiqlənməsi gələcəkdə bir sıra hüquqları və digər işləri (vərəsəliklə əlaqədar və s.) həyata keçirmələri üçün zəruridir. Həmçinin ona məlumdur ki, qanunvericiliyin tələbinə əsasən ölüm müvafiq icra hakimiyyəti orqanında qeydə alınmalıdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X2 və X6 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. «Doğum haqqında» şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi və X1 19 fevral 2009-cu il təvəllüdlü X5 valideynləridirlər. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Prokurorluğunda C-416/23 saylı material üzrə X5 dəniz sularında çimərkən boğulub ölməsi faktı əsasında müstəntiq X9 tərəfindən müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində X5 ölməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən, toplanmış C-416/23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Neftçala rayon X4 Şəxsin arayışından görünür ki, 19 fevral 2009-cu ildə doğulmuş və 14 avqust 2023-cü ildə dənizdə boğularaq vəfat etmiş Neftçala rayonu, Həsənabad qəsəbə sakini X5 ölümü Məhkəmə Tibbi Ekspertiza predmeti olması səbəbindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi onların səlahiyyətlərinə aid deyildir. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Həsənabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 sentyabr 2023-cü tarixli 842 nömrəli arayışdan görünür ki, Həsənabad qəsəbəsində qeydiyyatda olmuş mərhum X12 15 avqust 2023-cü il tarixində Neftçala rayon qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş qəbiristanlıq ərazisindən çəkilmiş məzar daşı fotoşəkilinin üzərində «X11», xx.xx.2009 – xx.xx.2023 yazısı qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 11 sentyabr 2023-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 19 fevral 2009-cu ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuş X5 14 avqust 2023-cü ildə ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar