Məhkəmə qərarları › İş №2(053)-1029/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-1029/2024

28.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-1029/2024 28.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, Ərizəçi maraqlı şəxs Muradova (Məhərrəmova) Reyhan Camal qızına qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Muradova (Məhərrəmova) Reyhan Camal qızına qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediator X1 tərəfindən təsdiq edilmiş 17 dekabr 2021-ci il tarixli Ərizəçi ilə X2 arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində «iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)» göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə «dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd» əlavə edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə görə məhkəməyə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunur ki, ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər qanunvericiliyin yuxarıda göstərilən tələblərinə ziddir. İlk növbədə qeyd olunur ki, ərizəçi öz ərizəsində maraqlı şəxsin ünvanı kimi «Neftçala rayonu, Şorkənd kəndi» ünvanını göstərsə də, maraqlı şəxsin həmin ünvan üzrə qeydiyyatda olması təqdim olunmuş sənədlərlə təsdiq olunmur. Həmçinin «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemində maraqlı şəxs haqqında hər hansı bir məlumat yoxdur. Ərizədə maraqlı şəxsin yaşayış yeri və ya olduğu yerin (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanın) göstərilməsi, həmçinin onun şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatların (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməsi qanunvericiliyin tələbi olduğundan, bu tələbə riayət edilməlidir. Lakin, göründüyü kimi ərizəçi mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə riayət etməmişdir. Eyni zamanda qeyd olunur ki, ərizənin məzmununda ziddiyyətli məqamlar vardır. Belə ki, ərizənin məzmununda barışıq sazişinin Muradova (Məhərrəmova) Reyhan Camal qızı ilə Ərizəçi arasında bağlandığı qeyd olunmuşdur. Buna baxmayaraq ərizənin «xahiş edirəm» hissəsində Ərizəçi ilə X2 arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qeyd olunur ki, ərizəçi tərəfindən ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməyib. Həmçinin qeyd olunur ki, ərizəyə yazılı sübut növü kimi əlavə edilmiş barışıq sazişi kserosurət olduğundan və müvafiq qaydada təsdiq edilmədiyindən Azərbaycan Respublikasının MPM-nin 89.3-cü maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən «müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264-cü və 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Muradova (Məhərrəmova) Reyhan Camal qızına qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar