Məhkəmə qərarları › İş №2(053)-201/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-201/2023

03.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-201/2023 03.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Ərizəçi «ölüm faktının müəyyən edilməsinə» dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 yanvar 1912-ci ildə Neftçala rayonu, Xol Qarabucaq kəndində doğulmuş X1 27 noyabr 1998-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunmalı, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizədən və ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi ərizəçi 12 yanvar 1912-ci ildə Neftçala rayonu Xol Qarabucaq kəndində doğulmuş mərhum nənəsi X1 27 noyabr 1998-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir (ərizəsinə özünə aid şəxsiyyət vəsiqəsinin surəti, “Neftçala Rayon Mərkəzi Xəstəxanası” PHŞ Xol Qaraqaşlı kənd ASM bölməsinin arayışı, mərhumun məzar daşına aid fotoşəkil və Maraqlı şəxs ərizəçiyə ünvanlanmış məktubu əlavə edilib). İlk növbədə qeyd olunmalıdır ki, ərizəçinin X1 ölümü haqqında təkrar şəhadətnamə verilməsi barədə Maraqlı şəxsnə müraciəti olmuş, ərizədə göstərilmiş il, eyni zamanda həmin ildən üç il əvvəl və üç il sonrakı dövr üzrə müvafiq vətəndaşlıq vəziyyətinin akt qeydləri yoxlanılmış, lakin ölüm tarixi xx.xx.1998-ci il olan X2 adlı şəxsin ölümü barədə akt qeydi aşkar edilməmiş, görülmüş tədbirlər zamanı ölən şəxs haqqında məlumat qrafasında şəxsin ata adı istisna olmaqla ölüm tarixi, ölüm yeri, soyad, və adı barədə məlumatlar eyni olan doğum akt qeydi Neftçala rayon Xol Qarabucaq kənd İƏN-i tərəfindən tərtib edilmiş, 1998-ci ilə aid vətəndaşlıq vəziyyəti akt qeydləri kitabında aşkarlanmış, lakin həmin xx.xx.1998-ci il tarixli, 23 nömrəli akt qeydində ölən şəxsin ata adı "Cahangir" yazılmışdır. Akt qeydində dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığından, Abdulhəsən və Cahangir adları tamamilə fərqli adlar olduğundan akt qeydində düzəlişlə bağlı tələb inzibati qaydada təmin oluna bilmədiyi üçün ölüm haqqında təkrar şəhadətnamə verilməsi tələbindən imtina olunmuş və ərizəçiyə müraciətinə baxılmasının nəticəsi barədə subordinasiya və məhkəmə qaydasında şikayət etmək hüququ izah olunmuşdur. Göründüyü kimi qeydiyyat orqanı tərəfindən ərizəçiyə təkrar şəhadətnamə verilməsindən imtina edilməklə, ərizəçiyə müraciətinə baxılmasının nəticəsi barədə subordinasiya və məhkəmə qaydasında şikayət etmək hüququ izah olunsa da, ərizəçi ölüm haqqında şəhadətnamənin mövcud olmasına baxmayaraq ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən müvafiq tələbə hazırkı vəziyyətdə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən «ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə», hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Eyni Məcəllənin 153.3-cü maddəsinə əsasən «hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir». Məhkəmə bir daha vurğulayır ki, müvafiq mübahisəyə inzibati məhkəmədə inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.3, 153.4, 153.5, 153.6, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi ərizəsi yolverilməz olduğundan onun qəbul edilməsindən imtina olunsun. Hazırkı qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə Ərizəçi qaytarılsın. Ərizəçiyə izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən “Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur”. Qərardaddan 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar