Məhkəmə qərarları › İş №2(053)-290/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-290/2023

11.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-290/2023 11.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 sentyabr 1976-cı ildə Neftçala rayonu, İ Qaralı kəndində anadan olmuş X2 06 iyun 1999-cu ildə Neftçala rayonu, İ Qaralı kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, 12 sentyabr 1976-cı il təvəllüdlü qardaşı X7 ürək qüsurlu doğulmuş və 06 iyun 1999-cu ildə ürək tutması nəticəsində dünyasını dəyişmişdir. Mərhumu yaşadığı Neftçala rayonu, İ Qaralı kənd qəbiristanlığında dəfn etmişlər. Füzuli dünyasını dəyişdiyi zaman o, Rusiya Federasiyasında olmuş, dəfndə iştirak edə bilməmiş, xeyli müddətdən sonra Azərbaycana qayıtmışdır. Qardaşının ölümü barədə aidiyyəti orqana qanunla nəzərdə tutulmuş müddətdə məlumat verilməmişdir. Bu isə ona qardaşının ölümü barədə şəhadətnamə lazım olduğu üçün Maraqlı şəxsnə müraciət etdikdən sonra məlum olmuşdur. Belə ki, müraciətinə cavab olaraq Maraqlı şəxs 30 yanvar 2023-cü il tarixli imtina məktubunda ona qardaşı X7 barədə müraciətinin araşdırıldığı və aparılmış yoxlama nəticəsində onun ölümü haqqında akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Eyni zamanda bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilməməsi səbəbindən qardaşının ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Tibbi şəhadətnamənin verilməsindən ötrü isə «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X12 müraciət etmişdir. Həmin tibb müəssisəsinin ona ünvanladığı 06 fevral 2023-cü il tarixli məktubda qardaşının 06 iyun 1999-cu ildə ölməsi ilə bağlı müəssisənin statistika bölməsində məlumatın olmaması səbəbindən ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi və hazırda da verilməsinin mümkün olmadığı bildirilmişdir. Qardaşının qeyd olunan tarixdə dünyasını dəyişməsi və İ Qaralı kənd qəbiristanlığında dəfn olunması yerli inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş müvafiq arayışla, onun məzarının fotoşəkilləri ilə, habelə məhkəmədə dindiriləcək şahidlər tərəfindən təsdiq edilə bilər. Mərhum qardaşının məzar daşında soyadının «Dədənov» əvəzinə «Dadaşov» kimi qeyd edilməsi isə sadəcə olaraq texniki səhvdir. Qeyd edir ki, bu yanlışlıq məzar daşını hazırlayan usta tərəfindən edilmişdir. Həmin məzar daşında mərhumla bağlı bütün digər məlumatlar isə tam həqiqəti əks etdirir. X1 ölüm faktının müəyyən edilməsi vərəsəlik işlərinin aparılması üçün zəruridir. Ölüm haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X6 və X5 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. «Doğum haqqında» şəhadətnamələrin notariat qaydasında təsdiq edilmiş surətlərindən görünür ki, X11 və X3 12 sentyabr 1976-cı il təvəllüdlü X2 və xx xxx 1975-ci il təvəllüdlü X4 valideynləridirlər. «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X10 arayışından görünür ki, Neftçala rayonu, İ Qaralı kəndində yaşamış 12 sentyabr 1976-cı il təvəllüdlü X2 06 iyun 1999-cu ildə ölməsi ilə bağlı «Neftçala Rayon Mərkəzi Xəstəxanası» X10 statistika bölməsində məlumat olmadığından onun ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir və verilməsi mümkün deyildir. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 fevral 2023-cü il tarixli arayışından görünür ki, Neftçala rayonu, İ Qaralı kəndində yaşamış 1976-cı il təvəllüdlü X7 06 iyun 1999-cu ildə vəfat etmişdir. Lakin texniki səhv olaraq mərhumun baş daşında soyadı Dadaşov kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə Maraqlı şəxs tərəfindən 30 yanvar 2023-cü il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 12 sentyabr 1976-cı il tarixdə Neftçala rayonu, İ Qaralı kəndində doğulmuş X2 06 iyun 1999-cu ildə Neftçala rayonu, İ Qaralı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar