Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-471/2025 19.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs və Salyan 1 saylı Mediasiya Təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərərək mediator X1 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi, faktiki yaşadığı ünvanı, eləcə də qarşı tərəfin faktiki yaşadığı ünvanı nəzərə alaraq ortaq görüş yerinin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə aralarında mediator X1 tərəfindən xx.xx.2022-ci ildə tarixində bağlanmış barışıq sazişi təsdiq etməklə 08 aprel 2018-ci il təvəllüdlü X4 və 09 yanvar 2021-ci il təvəllüdlü X5 üçün hər ay, hər uşaq üçün 100 manat olmaqla, ümumi 200 manat ödənilməsinə, hər iki uşağın da, doğum günlərində, bayramlarda və hər həftənin şənbə və bazar günlərində ataları Ərizəçi ilə görüşməsinə razılığa gəlmişdir. Qarşılıqlı razılığa əsasən Maraqlı şəxs Ərizəçi tələblərinə etiraz etməmişdir. 50 manat mediasiya üçün rüsum ödənilmişdir. Əlavə olaraq bildirir ki, 2024-cü ilin sentyabr ayına qədər uşaqları ilə görüşməyində heç bir problem yaşanmamış, lakin son dörd ay ərzində uşaqları ilə görüşə bilməmiş, bu dörd ay ərzində cəmi bir dəfə 05 dekabr 2024-cü tarixində uşaqları ilə telefon vasitəsilə əlaqə saxlaya bilmiş və o vaxtdan indiyə qədər övladlarından xəbəri yoxdur, telefonla da əlaqə saxlaya bilmir və Maraqlı şəxs ona məxsus telefon nömrəsini bloklamışdır. Qeyd edir ki, keçmiş həyat yoldaşı uşaqları ilə birlikdə hal - hazırda işi ilə əlaqədar Sabirabad rayonunda kirayədə yaşayır. Başqa bir evə köçdüyü üçün də ünvanı bilmədiyinə görə uşaqlarını gedib görə bilmir. Hesab edir ki, Barışıq sazişinin şərtlərinə və qeyd etdiyi məlumatlara əsasən gələcəkdə belə xoşagəlməz halların təkrarlanmaması üçün sazişin məhkəmə tərəfindən təsdiq edilməsi mütləqdir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması zamanı ərizəçi məhkəməyə ərizə təqdim edərək barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə dəqiqləşdirmə aparmağın zəruri olduğunu, ərizənin “Xahiş edirəm” hissəsində dəqiqləşmə apararaq yalnız 2-ci bəndinin təsdiq edilməsini xahiş etmişdir. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılmasının vaxtı və yeri haqqında lazımı məlumat verilmiş Maraqlı şəxs məhkəmə baxışı iclasına gəlməmiş və bunun səbəbləri haqqında heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin 2-ci bəndi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə Barışıq Sazişi bağlamışlar:
1. Hər uşaq üçün 100 manat olmaqla, ümumi olaraq 200 manat alimentin Ərizəçi tərəfindən ödənilməsi,
2. Hər iki uşağın doğum günlərində, bayramlarda və hər həftənin şənbə və bazar günlərində ataları Ərizəçi ilə görüşməsi barədə razılığa gəlinmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs birgə nikahından (bu nikah 30 iyun 2017-ci ildə bağlanmışdır) iki uşaq – 08 aprel 2018-ci il təvəllüdlü X4 və 09 yanvar 2021-ci il təvəllüdlü X5 doğulmuşlar. Tərəflər barışıq sazişinin 1, 2-ci bəndlərinə əsasən öhdəlik götürmüşdür. Daha sonra, barışıq sazişinin 2-ci bəndinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi qızı barışıq sazişinin 2-ci bəndinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Qeyd edilməlidir ki, sazişin qalan şərtləri sazişi bağlayan tərəflərin arasında artıq həll olunduğundan mübahisə doğurmur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 (on) gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişi, barışıq şərlərinin 2-ci bəndinə münasibətdə hər iki uşağın doğum günlərində, bayramlarda və hər həftənin şənbə və bazar günlərində ataları Ərizəçi ilə görüşməsi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişi – aşağıdakı şərtlərə münasibətdə təsdiq edilsin:
2. Hər iki uşağın doğum günlərində, bayramlarda və hər həftənin şənbə və bazar günlərində ataları Ərizəçi ilə görüşməsi barədə razılığa gəlinmişdir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Samir Quliyev