Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-79/2023 13.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 28 iyul 1986-cı ildə Neftçala rayonu, İİ Qaralı kəndində doğulmuş oğlu X3 31 may 2009-cu ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi işin məhkəmə baxışı zamanı ərizəsini müdafiə edərək bildirmişdir ki, oğlu X6 28 iyul 1986-cı ildə Neftçala rayonunun İİ Qaralı kəndində doğulmuşdur. Həyat yoldaşı Zərqələm Süleymanova ilə 27 yanvar 1983-cü il tarixli rəsmi nikahından Elşəndən başqa 3 uşağı - 2 oğlan və 1 qızı da doğulmuşdur. Onlardan iki nəfəri ailə quraraq ev-eşik sahibi olmuş, sonuncu övladı isə subay olmaqla onlarla birlikdə yaşayır. Övladı Elşən ailədə üçüncü uşaq olmuş, onun 1 yaşı olanda onlar ailəliklə ata yurdu olan rayonun İİ Qaralı kəndindən köçərək daimi yaşamaq və işləmək üçün Neftçala rayonunun Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dördlər kəndinə köçmüş və hal-hazıra kimi də orada yaşayırlar. Oğlu Elşən orta məktəbi qonşu Astanlı kəndində bitirdikdən və cəbhə bölgəsində hərbi xidmət keçdikdən sonra kənddə ara işlərinə gedərək ailəyə kömək etmişdir. O, ailə qurmamış, subay olmuşdur. 28 may 2009-cu il tarixdə Elşən evdə bərk soyuqlayıb ağır xəstələnmişdir. Onun vəziyyətinin ağırlaşdığını görüb, maşın tutaraq Neftçala rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada vəziyyətinin çox ağır olduğunu görüb onu “Təcili yardım” maşını ilə Bakı şəhərinə, “Semaşko” adlanan xəstəxanaya göndərmişlər. Orada Elşəni 2-3 gün süni nəfəslə saxlasalar da növbəti gün, yəni 31 may 2009-cu ildə Elşən Bakıda həmin xəstəxanada vəfat etmişdir. Onun cənazəsini gətirib 31 may 2009-cu il tarixdə yaşadıqları Dördlər kənd qəbiristanlığında dəfn etmişlər. Lakin vaxtında həkim-xəstəxana arayışı, yəni Elşənin ölümü haqqında tibbi şəhadətnamə almamışlar. Bu səbəbdən də onlarda Elşənin ölməsi faktını təsdiqləyən hər hansı bir rəsmi sənəd yoxdur. Elşənin öldüyü adı çəkilən xəstəxanaya müraciət etsə də, onlarda bu barədə heç bir tibbi sənəd, məlumat və s. olmadığını və saxlanılmadığını ona bildirmişlər. “Neftçala rayon Mərkəzi Xəstəxanası” X9 müraciəti ilə əlaqədar isə Mərkəzi Xəstəxana tərəfindən oğlu Elşənin ölümü barədə heç bir tibbi sənəd və tibbi şəhadətnamənin verilmədiyi bildirilmişdir. Daha sonra ölüm haqqında şəhadətnamə almaq üçün göndərildiyi 1 saylı Bakı “ASAN xidmət” Mərkəzinə müraciət etmiş, ona bu barədə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bildirir ki, oğlu Elşənin vəfat etməsi faktını çoxsaylı kənd sakinləri, onun dəfnində iştirak edən qohum-qonşular, dostları və digər insanlar da təsdiq edə bilərlər. Ərizəçi qeyd edir ki, oğlu Elşənin ölüm faktının təsdiqlənməsi ailə üzvlərinə məxsus “Torpağa dair Dövlət Aktı”nda yeni sənədləşmələrin aparılması, həmin torpağa qeydiyyat şəhadətnaməsinin alınması, bir sıra hüquqları və digər işləri (vərəsəliklə əlaqədar və s.) həyata keçirmələri üçün zəruridir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X12 və X4 ərizəçinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə, ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi və X2 28 iyul 1986-cı il təvəllüdlü X3 valideynləridirlər. Neftçala rayon X8 Şəxsin arayışından görünür ki, 28 iyul 1986-cı ildə anadan olmuş və 31 may 2009-cu ildə Bakı şəhərində vəfat etmiş X3 ölümü haqqında Neftçala RMX-sı tərəfindən heç bir tibbi sənəd verilməmişdir. Neftçala rayonu, Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli arayışda qeyd edilir: “Dördlər kənd sakini Ərizəçi 28 iyul 1986-cı il təvəllüdlü oğlu X6 valideynləri ilə birlikdə Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dördlər kəndində daimi qeydiyyatda olmuş və yaşamış, 31 may 2009-cu il tarixdə Bakı şəhərində xəstəxanada vəfat etmişdir. X1 vəfatından sonra cənazəsi yaşadığı Neftçala rayonu, Dördlər kəndinə gətirilərək Dördlər kənd qəbiristanlığında dəfn olunmuşdur». Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə «müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının» müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi Ərizəçi ərizəsinə 1 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 12 oktyabr 2022-cı il tarixli məktubla imtina cavabı verilməsi ilə təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 307, 311, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 28 iyul 1986-cı il tarixdə Neftçala rayonu, İİ Qaralı kəndində doğulmuş X3 31 may 2009-cu ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-79/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-79/2023
13.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver