Məhkəmə qərarları › İş №2(054)-134/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-134/2024

29.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-134/2024 29.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X30 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin ölməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə 29 mart 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, arvadıxx.xx.1963-cü il tarixdə anadan olmuş X3 xx.xx.2016-cı il tarixdə Oğuz rayon Padar kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahat verərək bildirdi ki, xx.xx.1959-cu ildə Oğuz rayonu Padar kəndində anadan olmuşdur. xx.xx.1985-ci ildə Oğuz rayon Sincan kənd sakini X12 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 1987-ci ildə Gülnar, 1989-cu ildə Günay və 1994-cü ildə Ceyhun adlı üç övladı doğulub. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 61 saylı qərarı ilə Oğuz rayon Padar kəndində ona, arvadı Fəqanəyə və üç övladına 0,26 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahələrinə dair JN 564F saylı şəhadətnamə ona təqdim edilmişdir. Ailəsi ilə birlikdə həmin kənddə yaşamışdır. Arvadı Fəqanə əvvəllər kolxozda işləyib, xx.xx.2016-cı ildə ürəktutmasından evdə qəfil vəfat etmişdir. Həmin vaxt təcili yardım gəlib, onun öldüyünü təsdiqləyib, lakin bununla bağlı sənəd verməyib. Səhlənkarlıq edərək onun ölümünü qeydə aldırmamışdır. Fəqanənin ölümü Padar kənd sakinləri tərəfindən təsdiq edilə bilər. Qeyd etdiyi kimi ailənin mülkiyyətində Fəqanənin də payının olduğu həyətyanı torpaq sahəsi vardır. Torpaq sahəsi üzərində Fəqanənin payına münasibətdə vərəsəlik müəyyən edilməlidir, lakin onun ölümü qeydə alınmadığından notariat orqanı bundan imtina edir. Ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə də müraciət etmiş, şöbədən ona tibbi şəhadətnamənin təqdim edilməli olduğu, əks halda qeydiyyatın mümkün olmayacağı bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sənədi başqa qaydada əldə edə bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etməklə, xx.xx.1963-cü ildə anadan olmuş arvadı X3 xx.xx.2016-cı ildə Oğuz rayon Padar kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən şahid X22 bildirdi ki, xx.xx.1963-cü ildə Oğuz rayon Padar kəndində anadan olub, orada yaşayır. Ərizəçi və onun ailəsini yaxşı tanıyır. 2002-ci ildən kənd icra nümayəndəsi işləyir. Ərizəçinin arvadı Fəqanə 2016-cı ildə ürəktutmasından vəfat edib. Yasda el adətinə uyğun kənd camaatı ilə birgə o da iştirak edib. Həmin vaxt Ərizəçi həkimdən sənəd gətirmədiyinə görə ölümü qeydə ala bilməyiblər, lakin təsərrüfatbaşına kitabda bu barədə qeydiyyat aparılıb. Bəzən vətəndaşlar qeydiyyat üçün “ASAN xidmət” mərkəzinə və Qeydiyyat şöbələrinə də müraciət edirlər. Ona görə də bu məsələni sonradan araşdırmağa ehtiyac hiss etməyib. xx.xx.1963-cü il təvəllüdlü X2 həqiqətən xx.xx.2016-cı il tarixdə vəfat etdiyi faktını təsdiq etdi. Məhkəmə iclasında izahat verən şahid X13 bildirdi ki, ərizəçi atası, mərhum Fəqanə Mahmudova anasıdır. Gülnar və Günay adlı iki bacısı var. Anası xx.xx.2016-cı ildə qonşuya toya gedib, halı pisləşib, evə gətiriblər. Həmin vaxt evdə olmayıblar, çöl işinə gediblər. Onlara xəbər verilib evə gələndə anasının öldüyünü görüblər. Anasının səhhətində əvvəllər problem olmayıb. Ata-anasının münasibəti həmişə yaxşı olub. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Vartaşen rayon Padar kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Padar kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 16029752 saylı şəxsiyyət vəsiqəsinin surətindən və qəbristanlıqda çəkilmiş iki ədəd fotoşəkildən görünür ki, X10 xx.xx.1963-cü il tarixdə Vartaşen rayon Sincan kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Padar kəndi olmaqla, xx.xx.2016-cı il tarixdə vəfat etmiş, qəbrin üzərinə “X5”, “xx.xx.1963-xx.xx.2016” və “ailəsindən xatirə” sözləri yazılmış başdaşı qoyulmuşdur. İşə əlavə edilmiş nigahın bağlanması haqqında İİİ-JQ 464190 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X12 xx.xx.1985-ci ildə nigah bağlamış, bu barədə Vartaşen rayon Sincan kənd sovetində nigahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 29 nömrə ilə qeyd edilmiş, nigah bağlanandan sonra ər-arvadın familiyası Mahmudov olmuşdur. İşə əlavə edilmiş doğum haqqında Xİİ-JQ 280745 saylı şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1987-ci ildə Vartaşen rayonu Padar kəndində anadan olmuş, bu barədə Vartaşen rayon Padar kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1987-ci ildə 22 nömrə ilə qeyd edilmiş, atası Ərizəçi, anası X4r. İşə əlavə edilmiş doğum haqqında XİV-JQ 347569 saylı şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1989-cu ildə Vartaşen rayonu Padar kəndində anadan olmuş, bu barədə Vartaşen rayon Padar kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1989-cu ildə 77 nömrə ilə qeyd edilmiş, atası Ərizəçi, anası X4r. İşə əlavə edilmiş doğum haqqında XVİİ-JQ 400898 saylı şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1994-cü ildə Oğuz rayonu Padar kəndində anadan olmuş, bu barədə Oğuz rayon Padar kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.1994-cü ildə 05 nömrə ilə qeyd edilmiş, atası Ərizəçi, anası X4r. İşə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 564F saylı (KOD ********) şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 61 nömrəli qərarı ilə Oğuz rayon Padar kənd sakinləri X14, X6, X11, X15 və X7 0,26 ha həyətyanı torpaq sahəsi verilmiş, şəhadətnamənin bir nüsxəsi X14 təqdim edilmişdir. Maraqlı şəxs Ərizəçi ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/11- 306/2023 saylı məktubundan görünür ki, ərizəçinin xx.xx.2016-cı il tarixdə vəfat etmiş arvadı X1 adına ölüm haqqında akt qeydinin aşkar olunmadığı, həmin qeydin yazılması üçün həkim şəhadətnaməsinin, yaxud məhkəmə qətnaməsinin tələb olunduğu bildirilmiş, ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Oğuz rayon İHB Padar kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 5-68-12/2-146/2023 saylı və xx.xx.2024-cü il tarixli, 5-68-12/2-23/2024 saylı arayışlarından görünür ki, Ərizəçi mərhum həyat yoldaşı X8 xx.xx.2016-cı il tarixdə ürəktutmasından vəfat etmiş, Oğuz rayon Padar kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını, 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Resublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən muəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Məhkəmə icraatı zamanı müəyyən edilənlərə və iş materiallarına əsasən, ərizəçinin arvadı X10 ( torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X16, qəbrin üzərinə qoyulmuş başdaşında və icra nümayəndəliyinin arayışlarında X9, qeydiyyat şöbəsinin məktubunda Mahmudova Fərqanə ) xx.xx.1963-cü il tarixdə anadan olmuş, xx.xx.2016-cı ildə vəfat etmişdir. Həmin vaxt onun ölümü qanunla müəyyən edilmiş qaydada qeydə alınmamışdır. Torpaq islahatı keçirilərkən ərizəçiyə, arvadı Fəqanəyə (Fərqanə) və üç övladına 0,26 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ərizəçidən vərəsəliklə bağlı müvafiq sənədləşmənin aparılması üçün mərhumun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Məhkəmə araşdırması ilə mərhumun həqiqətən xx.xx.2016-cı il tarixdə yaşadığı Oğuz rayonu Padar kəndində öldüyü, həmin vaxt həkimə müraciət edilmədiyindən və bundan uzun müddət keçdiyindən ölümünə dair tibbi şəhadətnamə əldə etməyin mümkün olmadığı müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, qanunvericiliyə uyğun olaraq müvafiq sənəd təqdim edilmədən ölümün qeydiyyat orqanında qeydə alınması mümkün olmadığından həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 yanvar 1963-cü il tarixdə Oğuz rayon Sincan kəndində anadan olmuş X3 09 oktyabr 2016-cı il tarixdə Oğuz rayonu Padar kəndində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar