Məhkəmə qərarları › İş №2(054)-27/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-27/2023

03.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-27/2023 03.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 1700 manat pulun və 89,00 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair mülki işə 03 fevral 2023-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən “Redmi Not 8” markalı mobil telefona ödədiyi 850 manat, “Samsung A72” markalı telefona və “Earphones Lite” markalı qulaqcığa görə 1270+80 manat, cəmi 1350 manat, başqa şəxsdən götürərək borc verdiyi 2000 manat pulun və 62 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehdən əlavə olaraq aliment borcuna görə ödədiyi 1700 manat və ona məxsus “Ford Tranzit” markalı avtomobildən özbaşına götürdüyü 1000 manat pulun, ödədiyi 62+27=89 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahi etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı iddia həcminin azaldılması barədə ərizə təqdim edərək bildirdi ki, Cavabdeh ilə 2014-cü il tarixdə qeyri-rəsmi nikaha daxil olmuş, faktiki nikahdan xx.xx.2015-ci il tarixdə Ümid adlı oğlu doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 2(054)-1882/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə X5 cavabdehin razılığı əsasında ondan alınmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60 manat alimentin cavabdehdən tutulması qərara alınmışdır. Oğuz Rayon Məhkəməsinin 2(054)-303/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinı əsasən alimentin məbləği artırılmaqla 120 manat müəyyən edilmişdir. Qətnamə icraya yönəldilərkən cavabdeh aliment borcunu ödəməmiş, icra şöbəsində onun barəsində qanuni və sətr tədbirlər görüləcəyindən ona yazığı gələrək cəmi 1700 manat aiment məbləğini Rəqsanənin özünün yanında "xxxx" ASC vasitəsilə onun adından ödəmişdir. Rəqsanə pullar ödənilərkən söz vermişdir ki, onun pulunu tamamilə özünə qaytaracaqdır, lakin sözünə əməl etməmiş, nəinki 1700 manat pulu ona qaytarmış, yığılmış aliment məbləğini də ödəməkdən boyun qaçırır. Bundan əlavə Rəqsanə ondan müxtəlif bəhanələrlə pullar almış, icazəsiz götürmüş, ona telefon və s.aldırmışdır. Hazırda maddi imkanının olmadığını nəzərə alaraq iddia ərizəsində göstərdiyi digər məbləğləri Rəqsanədən istəmir. Onkoloji xəstədir, ağır avtomobil qəzasına düşdüyündən hazırda məhdud əmək qabiliyyətlidir. Maddi imkanı yaxşı deyi. 1700 manat pulun və ödəmiş olduğu 89 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil hazırki iddia tələbini müdafiə etdiklərini bildirdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçının izahatını qismən təsdiq etdi, ərizə təqdim edərək hazırki iddia tələbini qəbul etdi və izahat verərək bildirdi ki, həqiqətən iddiaçının yanında yaşayan oğlu Ümidin saxlanılması üçün ondan tutulmalı aliment məbləğindən 1700 manatını iddiaçı onun yanında bank vasitəsilə hissələrlə onun adından özünə göndərmişdir ki, icra şöbəsi tərəfindən onun barəsində cəza tədbirləri tətbiq edilməsin. Qalan aliment borcundan hissələrlə iddiaçıya ödənişlərin aparılmasını tımin edəcək. Qanuni qərar çıxaılmasını xahiş etdi. Məhkəmə iddiaçını, onun nümayəndəsi və vəkilini, cavabdehi dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Qəbələ rayonu Yemişənli kəndində anadan olmuş, yaşayış yeri Qəbələ rayonu Yemişanlı kəndidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1999-cu ildə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Xaçmaz kəndidir. Oğuz Rayon Məhkəməsinin işdə olan 2(054)-1882/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqələrinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərindən xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 cavabdehlər Cavabdeh və X1 alınaraq İddiaçı verilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay 60 manat alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin işdə olan 2(054)-303/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh hər ay 60 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq hər ay 120 manat sabit pul məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh 2014-cü ildə qeyri-rəsmi nikaha daxil olmuş, 2015-ci ildə onların Ümid adlı övladı doğulmuşdur. Məhkəmə qərarı əsasında 2016-cı ildə Ümid iddiaçının himayəsinə verilmiş, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən ayda 60 manat alimentin tutulması qərara alınmışdır. 2019-cu ildə alimentin məbləği 120 manat müəyyən edilmişdir. İddiaçı cavabdehin qərarı icra etmədiyi halda cəzalanmaması üçün 1700 manat aliment pulunu cavabdehin adından hissələrlə öz adına bank vasitəsilə köçürmüş, cavabdeh isə aliment pulunu iddiaçıya verməmişdir. Məhkəmə iclasında cavabdeh bu xüsusatı izahatı və öz ərizəsi ilə təsdiq etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etirafı nəzərə alınmaqla iddia tələbi 1700 manat pul hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia ərizəsi verilərkən 62 manat, daha sonra iddia həcminin artırılmasına uyğun olaraq 27 manat dövlət rüsumu ödənilmiş, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddia tələbinin həcmi azaldılmış, 1700 manatın cavabdehdən tutulması xahiş edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təmin edilmiş məbləğə uyğun olaraq cavabdehdən ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1700 (bir min yeddi yüz) manat pul və 37 (otuz yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi 52 manat dövlət rüsumu hissəsində təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar