Məhkəmə qərarları › İş №2(054)-282/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-282/2023

16.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-282/2023 16.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə oğlunun, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, 5000 manat maddi, 10000 manat mənəvi ziyanın, hüquqi yardıma görə vəkilə ödənilmiş 400 manat və 135 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair mülki işə 16 noyabr 2023-cü il tarixdə Oğuz şəhərində məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı cavabdehlərin ailə üzvləri ilə birlikdə Oğuz şəhəri, Nizami küçəsi, 17A ünvanda yerləşən, xx.xx.2013-cü il tarixli, RX ******* saylı Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsinin zəbt edilmiş 0,006 ha hissəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, 5000 manat maddi, 10000 manat mənəvi ziyanın, hüquqi yardıma görə vəkilə ödənilmiş 400 manat və ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, İddiaçı və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, İddiaçı Oğuz şəhərində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmış, xx.xx.2013-cü il tarixli, RX ******* saylı Çıxarış verilmişdir. Bundan sonra iddiaçı torpaq sahəsinin kənarlarını bağlamış və həyətdə tikinti işləri aparmış, xeyli meyvə ağacları əkmişdir. Bir neçə il sonra iddiaçıya məlum olmuşdur ki, mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsinə hasar çəkilərkən cavabdehlər ustalara səhv istiqamət göstərmiş, nəticədə iddiaçının torpaq sahəsinin bir hissəsi cavabdehlərin zəbtində qalmışdır. Məhkəmədən kənar qaydada razılaşma mümkün olmadığından iddiaçı məhkəməyə müraciət etmiş, Oğuz Rayon Məhkəməsinin 2(054)-13/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlərin iddiaçının mülkiyyətində olan 0,018 ha torpaq sahəsindən çıxarılması qət olunmuşdur. Cavabdehlərin həmin qətnamədən verdiyi apelyasiya şikayəti təmin edilməmişdir. İşə apelyasiya instansiyasında baxılarkən təyin edilmiş ekspertiza ilə müəyyən edilmişdir ki, əslində iddiaçının mülkiyyətiində olan 0,12 ha torpaq sahəsinin 0,024 ha hissəsi cavabdehlər tərəfindən istifadə edilir. Buna görə də iddiaçı hazırda məhkəməyə müraciət edərək qalan 0,006 ha torpaq sahəsinin də boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. Bundan əlavə ötən illər ərzində cavabdehlərin təqsiri səbəbindən iddiaçı 0,024 ha torpaq sahəsinin istifadəsindən məhrum olmuşdur, belə ki, 10 il ərzində həmin torpaq sahəsində becəriləcək meyvə-tərəvəzdən 5000 manat gəlir əldə edə bilərdi. Bundan başqa cavabdehlər məhkəmə iclaslarında iddiaçıya qarşı təhqiramiz ifadələr işlətmiş, onun şərəf və ləyaqətini alçaltmışlar. Bu zaman o mənəvi sarsıntı keçirmiş, əsəbiləşmişdir. Buna görə də ona dəyən mənəvi ziyan 10000 manat həddində müəyyən edilməklə ona ödənilməlidir. Məhkəmə işləri ilə əlaqədar iddiaçı vəkilə xidmət haqqı, dövlət rüsumları, yol xərci və digər ödənişlərə də xeyli vəsait sərf etməli olmuşdur. Hazırda cavabdehlər Şəki Apelyasiya Məhkəməsinin 2(107)-652/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, iş Ali Məhkəmənin icraatındadır. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, iddiaçının öz torpaq sahəsinə hasar çəkərkən onların müdaxilə etməsini bildirməsi əsassızdır, belə ki, ustalara heç bir göstəriş verməyiblər. Bundan əlavə iddiaçı sifarişi özü verib və hasar çəkən də onun tapşırığını olduğu kimi yerinə yetirb. Hasar çəkildikdən sonra iddiaçının hasarının mülkiyyətlərində olan sahəyə daxil olduğunu güman etmişlər. Məhkəmədə işə baxılarkən iddiaçının mülkiyyətində olan 0,018 ha torpaq sahəsinin istifdələrində olduğunu bilmişlər. Hazırki iddiaya münasibətdə 0,006 ha torpaq sahəsinin onların istifadəsində olduğu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiqini tapdığı halda mülkiyyət hüquqlarının pozulmaması şərtilə iddiaçıya verilməsinə etiraz etmirlər. İddianın qalan hissəsinə münasibətdə onların təqsirli olmasını isə qəbul etmirlər, çünki iddiaçıya heç bir ziyan vurmayıblar. Onların hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyinin olduğunu sübut etmək iddiaçının vəzifəsidir. Hazırda onların 0,018 ha torpaq sahəsindən çıxarılması ilə bağlı Şəki Apelyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişlər. İş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Hesab edirlər ki, həmin işə baxılıb yekun qərar qəbul edilmədən hazırki işə baxılması mümkün deyil. İddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb, işin icraatının Şəki Apelyasiya Məhkəməsinin 2(107)-652/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmalı olması barədə qərar qəbul etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizələri ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1832/2023 saylı qərarını təqdim etmiş, habelə Cavabdeh1 vəfat etməsi ilə bağlı məlumata malik olduqlarını bildirib, işin icraatının təzələnməsini, iddianın həcminin azaldılmasının, iddiaçının hazırki tələbinin yalnız Cavabdeh2 qarşı yönəldiyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1832/2023 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin 2(107)-652/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin qətnamədə müəyyən edilmiş hallar öz təsdiqini tapmışdır. Beləliklə cavabdeh Oğuz Rayon Məhkəməsinin əvvəlki qətnaməsi ilə müəyyən edilmiş, iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinin 0,018 ha hissəsindən çıxarılmalıdır. Həmin işə baxılarkən təyin edilmiş ekspertiza zamanı cavabdehin iddiaçının 0,12 ha torpaq sahəsinin cəmi 0,024 ha hissəsini qanunsuz saxladığı müəyyən edilmiş, qətnamə ilə bu hal təsdiq edilmişdir. Həmin vaxt iddia həcminin artırılması barədə ərizə verilmədiyindən iddia tələbinə uyğun 0,018 ha hissəyə münasibətdə qətnamə qəbul edilmişdir. Buna görə də hazırki iddia tələbi Cavabdeh2 iddiaçının mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən tutduğu əlavə 0,006 ha torpaq sahəsindən çıxarılması hissəsində də təmin edilməlidir. Bundan əlavə iddiaçı hazırki iddia ilə ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb etsə də, həmin məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Qeyd etdikləri nəzərə alınmaqla qanuni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, iddianı qəbul etmir. Çox haqsızlıq edilmişdir. İddiaçıya 0,12 ha torpaq sahəsi satıb, amma hazırda onun 12,80 kv.m torpaq sahəsi var. Əslində iddiaçı onun torpaq sahəsini tutub, buna baxmayaraq ondan 0,018 ha bir, 0,006 ha da bir torpaq sahəsi tələb edir. Ona artıq torpaq sahəsi verən deyil. 220 manat təqaüd alır. İddianı nə torpaq sahəsinin verilməsi, nə də maddi-mənəvi ziyan hissəsində qəbul etmir. İddianın bütövlükdə rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini, eləcə də cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1961-ci il tarixdə Azərbaycan Respublikası Ağdaş rayonu Turançay qəsəbəsində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri Nizami küçəsi, ev 2dir. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı çıxarışın və AA 016635 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi Oğuz rayon Dövlət Notariat Kontoru xx.xx.2012-ci il tarixli, 4Ə-1/247 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi (xx.xx.2012-ci il tarixli Çıxarış) əsasında xx.xx.2013-cü il tarixdə hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 10/5388 saylı ekspert rəyinin surətindən görünür ki, İddiaçı məxsus ********** qeydiyyat nömrəli çıxarış sənədində qeyd edilən torpaq sahəsinin 0,024 ha hissəsi cavabdehlər (Cavabdeh2 və Cavabdeh1) tərəfindən istifadə olunur.(Ekspertiza Şəki Apelyasiya Məhkəməsi tərəfindən təyin edilmişdir.) Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-13/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, xx.xx.2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində qeyd edilən 0,12 hektar həyətyanı torpaq sahəsinin yerquruluşu planında göstərildiyinə uyğun olaraq zəbt olunmuş 0,018 hektardan ibarət hissəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin işə əlavə edilmiş 2(107)-652/2023 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin 2(054)-13/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2(102)-1832/2023 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-652/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən hər üç qərarla iddiaçının mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 0,024 ha hissəsinin cavabdehin (cavabdehlərin) faktiki istifadəsində olduğu təsbit edilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 51/12 saylı arayışından görünür ki, X2 xx.xx.2023-cü il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında xx.xx.2023-cü il tarixli, 63 saylı akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Yenə həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsidə daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsində iddiaçının əvvəlki tələbinə baxılarkən (xx.xx.2022-ci il tarixli qətnamə) iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin (və ya bir hissəsinin) cavabdehlər və ya digər şəxslər tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin orqandan verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubu, mütəxəssis rəyi və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə müəyyən edilmişdir ki, iddiaçının adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi, həmin tarixli AA 016635 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə torpaq sahəsinin mülkiyyətçisinin naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları qismən üst-üstə düşür. İddiaçı faktiki olaraq cəmi 0,128 hektar torpaq sahəsindən istifadə edir və onun istifadəsində 0,096 hektar sənəd üzrə, 0,032 hektar zəbt edilmiş torpaq sahəsi vardır. Cavabdeh2 adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış sənədində göstərilən 0,18 hektar həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə torpaq sahəsinin mülkiyyətçisinin naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları üstüstə düşür, lakin onun faktiki istifadəsində əlavə zəbt olunmuş torpaq sahəsi mövcuddur. Cavabdeh2 öz adına tərtib edilmiş sənəddə göstərilən 0,18 hektar həyətyanı torpaq sahəsinin 0,0312 hektardan ibarət hissəsini də sonradan digər şəxsə satdıqdan sonra onun istifadəsində sənəd üzrə 0,1488 hektar torpaq sahəsi qalmışdır. Müayinə aparılarkən Cavabdeh2 faktiki istifadəsində 0,202 hektar torpaq sahəsinin olduğu müəyyən edilmişdir. İddiaçının adına tərtib edilmiş sənədlərdə göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,024 hektardan ibarət hissəsi (zəbt edilmiş hissə iddiaçı və cavabdehlərə məxsus həyətyanı torpaq sahələrinin arasında yerləşir) cavabdehlər tərəfindən zəbt olunmuşdur. Beləliklə mütəxəssis rəyi ilə cavabdehin iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinin mübahisələndirilən 0,018 ha deyil, 0,024 ha hissəsini faktiki olaraq istifadə etdiyi müəyyən edilmiş, cavabdehlərin şikayəti əsasında işə apelyasiya instansiyasında baxılarkən təyin edilmiş ekspertiza ilə də iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,024 ha hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu yenidən təsdiq edilmişdir. İşə tələb daxilində baxıldığından əvvəlki qətnamə ilə cavabdehlərin yalnız 0,018 ha torpaq sahəsindən çıxarılmasına dair iddia tələbi təmin olunmuşdur. Kassasiya instansiyasında işə baxılarkən qeyd edilən xüsusatlar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülkiyyətçinin hüquqlarının cavabdeh tərəfindən pozulduğu müəyyən edildiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX ******* saylı Çıxarışda qeyd edilən 0,12 hektar həyətyanı torpaq sahəsinin yerquruluşu planında göstərilmiş istifadə edilən 0,018 hektardan ibarət hissəsi də nəzərə alınmaqla (xx.xx.2022-ci il tarixli, 2(054)-13/2022 saylı qətnamə) qalan 0,006 ha hissəsindən (cəmi 0,024 ha) çıxarılmalı, həmin torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. Bundan əlavə iddiaçı cavabdehdən 5000 manat maddi, 10000 manat mənəvi ziyanın tutulması tələbinin təmin edilməsini xahiş etsə də, bununla bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddiaçı habelə cavabdehdən hüquqi yardımla bağlı vəkilə ödənilmiş 400 manat pulun tutulmasını xahiş etmiş, iddia ərizəsinə həmin məbləğdə xidmət haqqının "xxxx" ASC-yə ödənildiyini təsdiq edən xx.xx.2023-cü il tarixli, 21548 saylı qəbzi əlavə etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin “Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır” müddəasını nəzərə almaqla hesab edir ki, iddia tələbinin qeyd edilən hissəsi qismən təmin edilməli, cavabdehdən 200 manat xidmət haqqı tutularaq iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən cavabdehdən tələbin təmin edilmiş hissəsinə uyğun olaraq 100 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, qalan 35 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh2 ünvan 3 ünvanında yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX ******* saylı Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin yerquruluşu planında göstərilmiş zəbt olunmuş 0,006 hektardan ibarət hissəsindən çıxarılsın, torpaq sahəsi boşaldılmaqla iddiaçıya təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumundan 100 manat və vəkil üçün 200 manat xidmət haqqı cavabdehdən tutulub iddiaçıya verilsin. İddia tələbi 5000 manat maddi və 10000 manat mənəvi ziyan tələbi, 35 manat dövlət rüsumu, hüquqi yardımla bağlı vəkilə ödənilmiş qalan 200 manat hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar