Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-36/2022 12.01.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə nisyə olaraq satdığı tikinti materiallarının dəyəri olaraq 730 manat, həmin məbləğin dövriyyədən kənarda qalmasına görə dəymiş maddi ziyana görə 584 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia sənədlərinin hazırlanmasına və göstərdiyi hüquqi yardıma görə vəkilə ödədiyi 100 manat, dövlət rüsumu kimi ödədiyi 35 manat - cəmi 1449 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesinin gedişində məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdeh nisyə olaraq aldığı tikinti materialının dəyəri olan 730 manat pulu hissə-hissə ödəməyə razı olduğuna görə hazırda cavabdehdən yalnız ona nisyə olaraq satdığı tikinti materialının dəyəri olaraq 730 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia sənədlərinin hazırlanmasına və göstərdiyi hüquqi yardıma görə vəkilə ödədiyi 100 manat, dövlət rüsumu kimi ödədiyi 35 manat - cəmi 865 manat pul tələb etdiyini bildirmiş və həmin tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, o, Oğuz şəhəri ərazisində yerləşən, özünə məxsus olan mağazada tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olur. Tanıdığı alıcılara bəzən onların xahişi ilə dəyərini sonradan qısa müddətə ödəmək şərti ilə nisyə mal verir. Cavabdehi Oğuz rayonunun sakini kimi tanıyır və cavabdeh son illər ərzində ona məxsus mağazadan dəfələrlə həm nağd, həm də nisyə şəkildə mal almışdır. Bir neçə il əvvəl cavabdeh ona məxsus mağazaya gələrək pulunu qısa müddət ərzində hissəhissə ödəmək şərti ilə nisyə mal verməsini ondan xahiş etmişdir. O da aralarında olan tanışlıq münasibətlərinə görə və cavabdehin əvvəllər də ondan nisyə mal aldığını, aldığı malların pulunu sonradan verdiyini nəzərə alaraq cavabdehin xahişinə etiraz etməmişdir. Bundan sonra cavabdeh ona məxsus mağazadan hissə-hissə olmaqla bir neçə dəfəyə cəmi 730 manat məbləğində tikinti materiallarını nisyə olaraq almışdır. Cavabdeh aldığı malların dəyərini qısa müddət ərzində ödəyəcəyini vəd etmişdir. Həmçinin, cavabdeh ona məxsus mağazadan mütəmadi olaraq həm nağd, həm də nisyə şəkildə mal aldığına görə, o özü də cavabdehdən nisyə aldığı malların dəyərinin dərhal ödənilməsini tələb etməmişdir. Lakin cavabdehin aldığı malların dəyərinin ödənilməli olduğu vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh vədinə əməl etməmiş, ona borclu olduğu 730 manat pulu verməmişdir. Dəfələrlə cavabdehdən borclu olduğu məbləği ödəməsini tələb etsə də, cavabdeh ona borclu olduğunu etiraf etməsinə baxmayaraq bu günədək həmin məbləği ödəməmiş və müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh ona ödəməli olduğu pulu vaxtında vermədiyinə görə o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək məqsədi ilə iddia sənədlərinin hazırlanması üçün vəkilə 100 manat, dövlət rüsumunu ödəməyə isə 35 manat vəsait sərf etmişdir. Hesab edir ki, cavabdehin borclu olduğu 730 manat pulu vaxtında verməməsi üzündən ona cəmi 865 manat miqdarında maddi ziyan dəymişdir. O, həmin məbləği cavabdehdən tələb edir. Ona görə də hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh hazırki iddia tələbini qəbul etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, 2020-ci il ərzində iddiaçıdan nisyə olaraq aldığı mallara görə ona 730 manat borcu qalmışdır. Maddi imkanı olmadığına görə həmin borcu indiyədək ödəyə bilməmişdir. İddiaçıya olan borcunu hissə-hissə ödəyəcəkdir. Eyni zamanda, iddiaçının məhkəməyə müraciət etmək üçün iddia sənədlərinin hazırlanmasına və göstərdiyi hüquqi yardıma görə vəkilə ödədiyi 100 manat, dövlət rüsumu kimi ödədiyi 35 manat məbləğləri də ödəməyə etiraz etmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının və cavabdehin izahatlarını dinləyərək hesab edir ki, hazırki iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş 22.11.2021-ci il tarixli 15932 nömrəli və 22.11.2021-ci il tarixli 27782 nömrəli mədaxil qəbzi ilə müəyyən edildi ki, iddiaçı tikinti materiallarının satışı ilə məşğuldur. Tərəflər arasında olan qarşılıqlı razılığa əsasən iddiaçı 2020-ci il ərzində cəmi 730 manat dəyərində tikinti materiallarını nisyə olaraq cavabdehə vermişdir. Cavabdeh aldığı malların dəyərini qısa müddət ərzində ödəyəcəyini vəd etsə də, 730 manat məbləği indiyədək ödəməmişdir. Cavabdeh həmin məbləği ödəmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı cavabdehdən ona nisyə olaraq satdığı tikinti materialının dəyəri olaraq 730 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məqsədi ilə iddia sənədlərinin hazırlanmasına və göstərdiyi hüquqi yardıma görə vəkilə ödədiyi 100 manat, dövlət rüsumu kimi ödədiyi 35 manat - cəmi 865 manat məbləği tələb edir. Cavabdeh iddia tələbini etiraf edir və 865 manat məbləği iddiaçıya ödəyəcəyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqısı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdehin iddiaçıdan dəyərini sonradan ödəmək şərti ilə nisyə olaraq aldığı mallara görə iddiaçıya 730 manat borcu qalmışdır. Həmin fakt iddia tələbində qeyd edilən xüsusatlarla, iddiaçının izahatı və iş materialları ilə yanaşı, cavabdehin özünün etirafı ilə də sübuta yetirilmişdir. Qeyd olunan əsaslara görə və məhkəmənin müəyyən etdiyi hallara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin nisyə satılmış əşyaların dəyəri olaraq cavabdehdən 730 manat pul tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda məhkəməyə iddia ərizəsinin verilməsinə görə 30 manat miqdarında dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normalarının tələbinə görə məhkəmə qərara gəlir ki, cavabdehin iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumunu ona ödəməyə etiraz etmədiyinə baxmayaraq ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla, məhkəməyə müraciət etmək üçün ödənilmiş 35 manat dövlət rüsumu məbləğinin 30 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənlməli, 5 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, iddiaçının xeyrinə qətnamə çıxarıldığı nəzərə alınmaqla iddia tələbinin hüquqi yardıma görə vəkilə ödənilən 100 manat məbləğin cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh nisyə satılmış əşyaların dəyəri olaraq 730 manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 100 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 35 manat dövlət rüsumu məbləğinin 30 manatdan ibarət hissəsi - cəmi 860 (səkkiz yüz altmış) manat tutularaq İddiaçı ödənilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 35 manat dövlət rüsumu məbləğinin 5 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. . Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-36/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-36/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver