Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-517/2022 17.11.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2000 manat borc məbləği, iddia sənədlərinin hazırlanmasına və göstərdiyi hüquqi yardıma görə vəkilə ödədiyi 100 manat, məhkəməyə müraciət etmək üçün ödədiyi 40 manat dövlət rüsumu - cəmi 2140 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Oğuz şəhərində yaşayır və cavabdehi də Oğuz şəhərinin sakini kimi tanıyır. Son vaxtlarda cavabdeh ona yaxınlaşaraq evlənmə təklifi etdiyinə görə onun etibarını qazanmış və o, cavabdehə inanmışdır. 2022-ci ilin iyun ayında cavabdeh ondan öz adına kredit alıb ona verməsini xahiş etmiş, kreditin aylıq ödənişlərini özü ödəyəcəyini vəd etmişdir. O da cavabdehlə olan tanışlıq münasibətinə görə etiraz etməmiş və "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən öz adına 2000 manat kredit məbləği rəsmiləşdirərək həmin məbləğin köçürüldüyü kredit kartını alıb cavabdehə vermişdir. Cavabdeh onunla birlikdə müvafiq bankomata yaxınlaşaraq onun özünün yanında 2000 manat pulu bank hesabından çıxararaq götürmüşdür. Cavabdeh həmin məbləği özünün maddi ehtiyaclarına xərcləmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən kreditin ödənişi vəsait alındıqdan 3 ay sonra başlayır və hazırda kredit məbləği ödənilməlidir. Lakin cavabdeh verdiyi vədə əməl etməmiş və hazırki vəziyyətdə kredit borcunu ödəməkdən yayınır. Hazırda bu və digər səbəblərdən onun cavabdehlə münasibəti pozulmuş, banka ödənilməli ölan məbləğ isə faizi ilə birlikdə borc şəklində onun üzərində qalmışdır. Müqavilənin şərtlərinə əsasən o, qeyd olunan məbləği banka ödəmək məcburiyyətindədir. Cavabdeh həmin məbləği ödəməkdən imtina etdiyinə görə o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək məqsədi ilə iddia sənədlərinin hazırlanması üçün vəkilə 100 manat, dövlət rüsumunu ödəməyə isə 40 manat vəsait sərf etmişdir. Hazırda o, cavabdehdən 2000 manat borc məbləği, iddia sənədlərinin hazırlanmasına və göstərdiyi hüquqi yardıma görə vəkilə ödədiyi 100 manat və məhkəməyə müraciət etmək üçün ödədiyi 40 manat dövlət rüsumunu tələb edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, cavabdehlə aralarında olan tanışlıq münasibətlərinə görə və cavabdeh onu kreditin aylıq ödənişlərini özü ödəyəcəyinə inandırdığından öz adına kredit alıb cavabdehə verməyə razı olmuşdur. Ancaq sonradan cavabdeh borcu ödəməkdən müxtəlif bəhanələrlə yayınmış və onların münasibətləri pozulmuşdur. Hazırda kredit məbləğinin aylıq ödənişləri onun əmık haqqından tutulur. Lakin cavabdeh indiyədək də ona hər hansı məbləğ ödəməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazı olmadığını bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, bir müddət əvvəl iddiaçı ilə tanışlıq münasibətləri yaranmış və sonradan o, iddiaçı ilə ailə qurmaq qərarına gəlmişdir. 2022-ci ilin iyun ayında o, iddiaçıya demişdir ki, borcları vardır və borclarını ödəmək məqsədi ilə işləmək üçün Bakıya və ya Rusiyaya getmək istəyir. İddiaçı isə onun getməsini istəmədiyini bildirmiş və borclarını ödəmək üçün, nə qədər lazım olsa, kredit alıb verə biləcəyini demişdir. O da iddiaçı ilə razılaşmış, bundan sonra iddiaçı öz adına 2000 manat miqdarında kredit rəsmiləşdirərək kredit kartını alıb ona vermişdir. O, 2000 manat kredit məbləğini hissə-hissə hesabdan çıxarmış, bir hissəsi ilə öz borclarını ödəmiş, bir hissəsini də özü ilə iddiaçının ümumi ehtiyaclarına xərcləmişdir. O, kredit müqaviləsi üzrə aylıq ödənişləri tam şəkildə özü ödəyəcəyini vəd etsə də, sonradan maddi imkansızlıq üzündən vədinə əməl edə bilməmişdir. Bir müddət sonra iddiaçı ilə münasibətləri də pozulmuş və sonradan iddiaçı onun barəsində iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, iddiaçıya olan 2000 manat borcunu yaxın vaxtlarda hissə-hissə ödəyəcəkdir. Eyni zamanda, iddiaçının iddia sənədlərinin hazırlanmasına və göstərdiyi hüquqi yardıma görə vəkilə ödədiyi 100 manat, dövlət rüsumu kimi ödədiyi 40 manat məbləğləri də ödəməyə etiraz etmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı tərəflərin dəlilləri, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tam kart müqaviləsi, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli mədaxil qəbzləri ilə işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, iddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən öz adına illik 24 % olmaqla 36 ay müddətinə 2000 manat kredit məbləği rəsmiləşdirmiş və kredit kartı iddiaçıya təhvil verilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün vəkilin göstərdiyi yardıma görə xidmət haqqı olaraq 100 manat, dövlət rüsumu olaraq 40 manat ödəmişdir. Hazırda iddiaçı öz adına rəsmiləşdirdiyi 2000 manat kredit məbləğinə dair kredit kartını cavabdehə verdiyini və cavabdehin də 2000 manat kredit məbləğini alıb özünün maddi ehtiyaclarına sərf etdiyini, kredit borcunun hazırda onun aylıq əmək haqqından tutulduğunu bildirərək 2000 manat borc məbləği, iddia sənədlərinin hazırlanmasına və göstərdiyi hüquqi yardıma görə vəkilə ödədiyi 100 manat, məhkəməyə müraciət etmək üçün ödədiyi 40 manat dövlət rüsumu - cəmi 2140 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsasları olaraq onunla "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə və cavabdehlə aralarında olan razılaşmaya istinad edir. Cavabdeh iddia tələbinə etirazı olmadığını, cəmi 2140 manat məbləği iddiaçıya hissə-hissə ödəyəcəyini bildirir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının və cavabdehin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı öz adına 2000 manat vəsaitin alınması ilə bağlı kredit kartı alıb cavabdehə vermiş, cavabdeh kreditin aylıq ödənişlərini özü ödəyəcəyini vəd etsə də, buna əməl etməmişdir. Kredit borcunun vaxtında ödənilməsi ilə bağlı cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının "xxxx" ASCnin hesabına borc məbləği ödəmək öhdəliyi əmələ gəlmiş və kredit borcunun tutulması iddiaçının əmək haqqına yönəldilmişdir. Həmin faktlar iddiaçının dəlilləri və iş materialları ilə tam sübuta yetirilmiş, cavabdeh də bunu inkar etməmişdir. Məhkəmə hazırki iddia tələbi üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə qiymət verərəkən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərəflər arasında qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilmiş borc müqaviləsi mövcud olmasa da, kredit borcunun ödənilməsi ilə bağlı şifahi razılaşma olmuşdur. Cavabdeh özü də belə bir razılaşmanın olduğunu inkar etmədiyinə görə məhkəmə tərəflər arasında olan şifahi razılaşmanı şifahi formada bağlanmış borc müqaviləsi kimi nəzərə alır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə mülki qanunvericiliyin borc müqaviləsindən irəli gələn müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc (kredit) müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qanunvericiliyin tələbinə əsasən borc müqaviləsində tərəflərdən birinin digərinə müəyyən məbləğdə pulu və ya digər əvəz edilən əşyanı müqavilənin digər tərəfinin mülkiyyətinə keçirmək öhdəliyini, alan tərəfin isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində geri qaytarmaq öhdəliyini üzərinə götürdükləri nəzərə alınarsa, hazırki işin faktiki hallarından iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra edərək cavabdehə borc pul (kredit kartı vasitəsilə) verdiyi, bununla da, borcun alınıbverilməsi ilə bağlı hüquq münasibətlərindən irəli gələn öhdəliyini borc verən olaraq icra etdiyi görünür. Borcun hissə-hissə qaytarılması üçün konkret müddət müəyyən edilsə də, cavabdehin aldığı borcu (və ya bir hissəsini) qaytarması, bununla da, borcun alınıbverilməsi ilə bağlı hüquq münasibətlərindən irəli gələn öhdəliyini borc alan olaraq tam və ya qismən icra etməsi halları isə müəyyən edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə iddiaçının dəlillərini iddia tələbinin əsası kimi istinad edilən halların təsdiqi üçün yetərli olduğunu qəbul edir və hesab edir ki, cavabdeh borc alan olaraq öz öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçının borc verən kimi borcun qaytarılmasını tələb etmək hüququ yaranmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh öz müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməməklə özündən asılı olan və ya olmayan səbəblərdən iddiaçının mənafeyinə toxunan hərəkətlərə yol verərək iddiaçını onun öhdəliklərini icra etmək məcburiyyətində qoymuşdur. İddiaçının öz adına rəsmiləşdirdiyi 2000 manat kredit məbləğinə dair kredit kartını cavabdehə verdiyi və cavabdehin də 2000 manat kredit məbləğini alıb özünün maddi ehtiyaclarına sərf etdiyi, lakin həmin borcu indiyədək qaytarmadığı iddiaçının dəlilləri ilə yanaşı cavabdehi özünün etirafı ilə də təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə tədqiq olunmuş sübutlara qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, cavabdehin iddiaçıdan 2000 manat borc alması işin faktiki halları ilə sübuta yetirilmiş, cavabdeh özü də iddia tələbinə etiraz bildirməmişdir. Cavabdeh tərəfindən iddia tələbinin həmin hissəsinin etiraf edilməsi qanuna zidd olmayıb hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından cavabdehin etirafının məhkəmə tərəfindən təsdiq edilməsinə də heç bir maneə yoxdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 2000 manat borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 40 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, iddiaçının xeyrinə qətnamə çıxarıldığı və hazırki iddia tələbi üzrə hüquqi yardıma görə ödənilən xidmət haqqı məbləğinin ağlabatan olduğu nəzərə alınmaqla iddia tələbinin hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat məbləğin cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh borc məbləği olaraq 2000 manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 100 manat və dövlət rüsumu kimi ödənilmiş 40 manat - cəmi 2140 manat tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-517/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-517/2022
17.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver