Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-525/2022 23.12.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbi barədə mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 56 baş iribuynuzlu mal-qaranın dəyəri olan 50.900 manat, nağd ödənilmiş 7000 manat, iddia sənədlərinin hazırlanmasına və göstərdiyi hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 244 manat - cəmi 51.644 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə əsasən öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu Masazır kəndində yaşayır. Təxminən, 5 il əvvəl Oğuz rayonunda işlədiyi vaxtlarda cavabdehi tanımış və tanışlıq münasibətləri yaranmışdır. 2021-ci ilin yay aylarında cavabdeh ona müraciət edərək dolancaq üçün ona kömək etməsini xahiş etmiş, heyvandarlıqla məşğul ola biləcəyini deyərək iribuynuzlu heyvanlar alaraq saxlamaq üçün ona verməsini təklif etmişdir. O da cavabdehlə raşılaşmış, həmin razılaşmanın şərtinə görə o, heyvanları satın alıb cavabdehə təhvil verməli, cavabdeh isə heyvanlara qulluq etməli, onları saxlamaq üçün yer təşkil etməli, həmçinin, heyvanları yem ilə təmin etməli və onlara görə tam maddi məsuliyyət daşımalı idi. Əldə olunan gəlir isə onlar arasında yarı bölünməli idi. Bu razılaşmadan sonra cavab Oğuz rayonu Ərmənət kəndində Laçın adlı şəxsin təsərrüfatında satlıq mal-qara olduğunu bildirmiş və onlar 2021ci ilin avqust ayında həmin yerə gedərək 80 baş iribuynuzlu heyvanı cəmi 43.000 manata razılaşmışlar. Heyvanların pulunu tam şəkildə o özü ödəmiş və heyvanları alaraq cavabdehə təhvil vermişdir. O, heyvanları satın alarkən onlardan 16 başı boğaz olmuşdur. O, heyvanları cavabdehə təhvil verdikdən sonra Abşeron rayonuna qayıtmış, təxminən, bir ay sonra cavabdeh ona zəng edərək heyvanların ota və yemə ehtiyacı olduğunu bildirmişdir. O, cavabdehə heyvanların ot və yem ilə təmin edilməsi işinin onun özünə aid olduğunu bildirsə də, kömək etmək məqsədi ilə cavabdehə 2021-ci ilin payız aylarında 3 dəfəyə hissə-hissə olmaqla cəmi 7000 manat pul göndərmişdir. Həmin məbləği cavabdehə oğlu Rəşad Məmmədovun vasitəsilə göndərmişdir. Cavabdehin özünün deməsinə görə o, həmin pula heyvanlar üçün ot bağlaması və yem almış, həmçinin, heyvanlar üçün ferma inşa etmişdir. Bundan sonra cavabdeh heyvanlara baxmağa davam etmiş, o özü də 15-20 gündən bir Oğuz rayonuna heyvanlara baş çəkmiş və ümumi işə nəzarət etmişdur. Bir dəfə Oğuz rayonuna gələrkən heyvanların sayının az olduğunu müşahidə etmiş, bu barədə cavabdehdən soruşduqda o, heyvanların bir hissəsinin meşə sahəsində olduğunu, heyvanların sayında azalma olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə isə cavabdehin anası Həqiqət ona zəng edərək Yevlax rayonundan olan bir şəxsin gəlib 30 baş heyvanı borc əvəzinə apardığını demişdir. Bundan sonra o, Oğuz rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, həmçinin, cavabdehin yaşadığı evin həyətində qalan 40 baş heyvanı götürüb aparmışdır. Həmin vaxtadək cavabdeh ona heyvanlara yem alınması ilə əlaqədar kiməsə borclu olduğu, habelə, heyvanların bir hissəsinin öldüyü barədə heç nə deməmişdir. Onun polis şöbəsinə müraciəti əsasında araşdırma aparılmış, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin vaxtdan sonra cavabdehə dəfələrlə müraciət edərək ona dəymiş maddi ziyanı ödəməsini xahiş etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulun ödənilməsindən imtina etmişdir. Cavabdeh ona dəymiş maddi zərəri ödəmədiyinə görə o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin hərəkətləri nəticəsində ona cəmi 51.644 manat miqdarında maddi zərər dəymişdir. Hazırda o, 56 baş iribuynuzlu mal-qaranın dəyəri olan 50.900 manat, nağd ödənilmiş 7000 manat, iddia sənədlərinin hazırlanmasına və göstərdiyi hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 244 manat - cəmi 51.644 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili Nümayəndə işə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə hazırlıq iclasından əvvəl məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsinin tələbin mahiyyətinə aid hissəsində 56 baş iribuynuzlu mal-qaranın dəyəri 43.900 manat əvəzinə texniki səhv olaraq 50.900 manat kimi qeyd edilmişdir. Eyni zamanda, hazırda iddiaçı ona qaytarılmayan 40 baş iribuynuzlu heyvan, sonradan doğub artmış 16 baş buzov (cəmi 56 baş), həmin sayda heyvanlar olmadıqda isə onların dəyəri olan 43.900 manat, həmçinin, nağd ödənilmiş 7000 manat, iddia sənədlərinin hazırlanmasına və göstərdiyi hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 244 manat vəsaiti cavabdehdən tələb edir və iddia tələbinin həmin məzmunda təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxış iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, tərəflər arasında olan razılaşmaya görə heyvanların dəyərini tam şəkildə iddiaçı ödəmiş, heyvanlara qulluq edilməsi, onların otarılması, yemlənməsi, həmçinin, ot və yem ilə təmin edilməsi isə cavabdehin üzərinə düşmüşdür. Razılaşmanın şərtinə görə heyvanlardan əldə olunan süd məhsullarını da cavabdeh özü istifadə etmişdir. Əldə olunacaq gəlir isə tərəflər arasında bərabər bölünməli idi. Heyvanlar üçün ot və yem alınması məqsədi ilə iddiaçı cavabdehə 7000 manat pul vermiş olsa da, sonradan həmin məbləğ əldə olunacaq gəlirdən iddiaçının xeyrinə çıxılmaqla qalan gəlir yarı bölünməli idi. Cavabdeh isə, nəinki gəlir əldə etməmiş, iddiaçının ona tapşırdığı əmlakın qorunub saxlanılmasını da təmin etməmiş, eyni zamanda, həmin heyvanların bir hissəsini özbaşına olaraq, iddiaçının razılığı və məlumatı olmadan digər şəxslərə vermişdir. Cavabdeh heyvanların vəziyyəti barədə də iddiaçını məlumatlandırmamış, iddiaçı Oğuz rayonuna gəlib heyvanlara baş çəkəndə heyvanların bir hissəsinin meşə sahəsində olduğunu deyərək onu heyvanların sayında azalma olmadığına arxayın etmişdir. Cavabdeh yalnız 30 baş heyvanı Yevlax rayonundan olan bir şəxsə verdikdən sonra xx.xx.2022-ci il tarixdə bu barədə iddiaçıya demiş, iddiaçı da məcburiyyət qarşısında qalaraq ertəsi gün gəlib cavabdehdə qalan cəmi 40 baş heyvanı götürüb aparmışdır. Cavabdeh mal-qara alıb saxlamağı iddiaçıya özü təklif etmiş, bu işdə təcrübəsi olduğunu, həmçinin, heyvan saxlamağa lazımi imkanı və şəraiti olduğunu deyərək iddiaçını buna inandırıb heyvan satın almağa razı salmışdır. Tərəflər arasında olan razılaşmaya görə heyvanlara ot və yem alınmasını, habelə, saxlanc yeri, yəni tövlə ilə təmin edilməsini də cavabdeh özü təşkil etməli idi. 2021-ci ilin payız aylarında iddiaçı cəmi 7000 manat pulu da heyvandarlıq işini qurub təşkil etməyə kömək kimi, lakin borc olaraq vermiş, cavabdeh isə həmin köməyi də dəyərləndirməmişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymiş, cavabdeh həmin maddi zərər məbləğini ödəmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı hazırda ona qaytarılmayan 40 baş iribuynuzlu heyvan, sonradan doğub artmış 16 baş buzov (cəmi 56 baş), həmin sayda heyvanlar olmadıqda isə onların dəyəri olan 43.900 manat, həmçinin, nağd ödənilmiş 7000 manat, iddia sənədlərinin hazırlanmasına və göstərdiyi hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 244 manat vəsaiti cavabdehdən tələb edir. Qeyd etdiklərinə əsasən hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Xocalı rayonundan məcburi köçkün olmaqla ailə üzvləri ilə birlikdə Oğuz rayonu Calut kəndinin “Azərbaycan-60” yaşayış məntəqəsində məskunlaşıb yaşayır. İddiaçını bir neçə il əvvəl Oğuz rayonunda işləyən şəxs kimi tanımış və aralarında yaxın tanışlıq münasibətləri yaranmışdır. İddiaçı ona daim yaxşılıq etmiş, imkanlı şəxs kimi onun və ailəsinin maddi ehtiyaclarına da müəyyən qədər yardım göstərmişdir. 2021-ci ildə ö, maddi vəziyyətinin çətin olduğu bir vaxtda yenə də kömək üçün iddiaçıya müraciət etmək qərarına gəlmişdir. Belə ki, o, 2021-ci ilin yay aylarında Oğuz rayonu Ərmənət kənd sakini Laçın Orucovun özünə məxsus iribuynuzlu heyvanları satmaq istədiyini eşidib bu barədə iddiaçıya demiş və həmin heyvanları alıb saxlamaq üçün ona verməsini iddiaçıya təklif etmişdir. O, mal-qara saxlamaqda təcrübəsi olduğunu, qardaşı Nazim Əliyevin də Oğuz rayonu Xalxal kəndində fermasının olduğunu və bu işdə heç bir çətinliyi olmayacağını iddiaçıya demiş, iddiaçı da onunla razılaşmışdır. Bundan sonra onlar 2021-ci ilin avqust ayında X3 cəmi 80 baş iribuynuzlu heyvan (inək və danalar) almış, həmin heyvanlara görə 43.000 manat vəsaiti iddiaçı ödəmişdir. Onlar arasında heyvanlara onun özü tərəfindən qulluq ediləcəyi barədə şifahi razılaşma olmuşdur. İddiaçı cəmi 80 baş iribuynuzlu heyvanı ona təhvil vermiş, o da qeyd olunan sayda heyvanı iddiaçıdan təhvil alaraq yaşadığı əraziyə gətirmişdir. Həmin heyvanlardan 15 başı boğaz olmuşdur. Bir müddət heyvanları çadırın altında saxladıqdaan sonra ota və yemə, həmçinin tövlə tikilməsinə ehtiyac olduğunu iddiaçıya demiş, iddiaçı da 2021-ci ilin payız aylarında oğlu Rəşad Məmmədovun vasitəsilə 3 dəfəyə hissə-hissə olmaqla ona cəmi 7000 manat pul göndərmişdir. O, həmin məbləğə ot və yem almış, həmçinin, heyvanlar üçün tövlə inşa etmişdir. Sonradan yenə ota və yemə ehtiyac olmuş, onun xahişi ilə Laçın Orucov ona 1-2 yük maşını otu təmənnasız vermişdir. O, Laçın Orucovdan daha sonra əlavə olaraq 2800 manat məbləğində ot və yem də almış, həmin məhsulların pulunu verə bilmədiyinə görə pulun müqabilində Laçına ondan aldığı heyvanlardan 5 baş heyvan vermişdir. Sonralar payız-qış aylarında heyvanların ota və yemə olan tələbatı artmış, o, Yevlax rayon sakini Qamboy adlı şəxsdən ayrı-ayrı vaxtlarda hər biri 2 manatdan olmaqla 2000 ədəd saman bağlaması, hər biri 4,50 manatdan olmaqla 1500 ədəd ot bağlaması, hər kiloqramı 0,45 manatdan olmaqla 5 ton yem almış, nəticədə ona cəmi 13.000 manat borcu yaranmışdır. Bununla yanaşı, heyvanlar lazımi səviyyədə qidalanmadığına və lazımi şərait olmadığına görə xəstələnərək tələf olmağa başlamışlar. O, bu barədə iddiaçıya desə də, iddiaçı bu məsələnin onun problemi olmadığını, ondan cəmi 60.000 manat pulu tələb edib alacağını bildirmişdir. O, heyvanları satmağa çalışsa da, arıq və xəstə olduqlarından sata bilməmişdir. SonradanYevlax rayon sakini Qamboy adlı şəxsə olan borcunu da ödəyə bilmədiyinə görə həmin şəxs, xx.xx.2022-ci il tarixdə gəlib 30 baş heyvanı götürüb aparmışdır. Bundan dərhal sonra o, iddiaçıya bu barədə məlumat vermiş, xx.xx.2022-ci il tarixdə iddiaçı onun yaşadığı yerə gələrək orada qalmış cəmi 40 baş heyvanı da götürüb aparmışdır. O, iddiaçı tərəfindən ona təhvil verilmiş heyvanların vəziyyəti, heyvanların ota və yemə ehtiyacı olduğu, aclıqdan və şəraitsizlikdən xəstələnib tələf olması barədə iddiaçını müntəzəm olaraq məlumatlandırmış olsa da, iddiaçı 7000 manatdan əlavə ona pul göndərməmişdir. Ancaq iddiaçı da onun maddi vəziyyətinin çox zəif olduğunu yaxşı bilmişdir. İddiaçıya da məlum olmuşdur ki, heyvanları saxlamaq üçün lazım olan ot, yem məhsullarına və dərmanlara sərf etməyə onun maddi imkanı yoxdur. Buna görə də hesab edir ki, heyvanların saxlanılması üçün lazım olan xərclər iddiaçı tərəfindən ödənilməli idi. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, o, Oğuz rayonu Ərmənət kəndində yaşayır və fərdi təsərrüfatında heyvandarlıqla məşğul olur. İddiaçını və cavabdehi 2021-ci ilin avqust ayında tanımış, həmin vaxtadək onlarla hər hansı münasibəti olmamışdır. Belə ki, 2021-ci ilin yay aylarında təsərrüfatında olan 80 baş iribuynuzlu heyvanı satmaq qərarına gəlmiş, həmin ilin avqust ayında cavabdeh ona müraciət edərək heyvanların hamısını alaraq heyvandarlığı inkişaf etdirmək istədiklərini bildirmişdir. Cavabdehin qardaşı Nazim Əliyev də Əmənət kəndində yaşayır və həmin kənddə özünə məxsus heyvandarlıq təsərrüfatı vardır. Cavabdehin yanında gələn, sonradan adının Rəşad Məmmədov olduğunu bildiyi şəxs demişdir ki, onlar pulu ödəyərək heyvanları satın alır, ancaq heyvanları cavabdeh saxlayacaqdır. O, həmin şəxslərlə razılaşıb 80 baş heyvanı 43.000 manata satmış və onlar pulu ödəyib heyvanları aparmışlar. Heyvanların pulunu Rəşad Məmmədov ödəmiş və orada da cavabdehə demişdir ki, heyvanlara elə qulluq etsin ki, qoyulan sərmayə itib-batmasın, gəlir əldə etmək mümkün olsun. Heyvanların otu və yemini kimin almalı olduğu və tərəflər arasında olan razılaşmanın digər şərtləri barədə isə onun məlumatı olmamışdır. Ancaq bir müddət sonra cavabdeh onun yanına gələrək heyvanlara ot lazım olduğunu demiş, o da həyətində olan otu cavabdehə təmənnasız olaraq hədiyyə kimi vermişdir. Sonradan cavabdeh yenə də ot və yem üçün ona müraciət etmiş, bu zaman o, cavabdehə dəyəri sonradan ödənilmək şərti ilə 2800 manat məbləğində ot bağlaması və yem satmışdır. Lakin cavabdeh ondan alıb apardığı ot və yemin pulunu verməmiş, əvəzində ondan aldığı heyvanlardan 5 başını vermişdir. O da həmin heyvanlara bir müddət qulluq edib kökəldərək başqa şəxsə satmışdır. Belə ki, cavabdeh 5 baş heyvanı ona verəndə heyvanlar arıq və zəif olmuş, onların bədəni yara basmış vəziyyətdə olmuşdur. Hiss etmişdir ki, cavabdeh heyvanlara lazımi səviyyədə quluq edə bilmir və bu sahədə kifayət qədər təcrübəyə malik deyildir, həm də heyvanları saxlamaq üçün lazımi şəraiti yoxdur. O, 2021-ci ilin avqust ayında cavabdehə sağlam və xüsusi qulluq edilmiş heyvanlar təhvil vermiş, cavabdeh isə lazımi şəraiti olmayan bir yerdə, çadırın altında heyvanları saxlamış, bu səbəbdən heyvanlar xəstələnmişlər. Güman edir ki, heyvanların tələf olmasının səbəbi də baxımsızlıq və şəraitsizliklə əlaqədar olmuşdur. Sonradan araşdırma ilə əlaqədar Oğuz rayon Polis Şöbəsinə dəvət edilərkən tələf olmuş heyvanların şəkilləri ona göstərilmiş, o, həmin heyvanlardan bir neçəsini şəkildən görüb tanıyaraq əvvəllər özünə məxsus olmuş heyvanlar olmasını izahatında təsdiq etmişdir. Cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X5 ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Calut kəndində yaşayır. Cavabdeh onun həmkəndlisidir və aralarında ailəvi tanışlıq münasibətləri vardır. İddiaçı ilə isə hər hansı münasibəti yoxdur və onu tanımır. Onlar özləri, həmçinin cavabdeh və ailə üzvləri daimi olaraq heyvandarlıqla məşğul olurlar. Təxminən, bir il yarım bundan əvvəl, yəni 2021-ci ilin avqust ayında cavabdeh xeyli sayda iribuynuzlu heyvan alıb yaşadıqları kəndə gətirərək onlara baxmağa başlamışlar. Heyvanlara cavabdeh və digər ailə üzvləri qulluq etmişlər. Bir müddət sonra cavabdeh ona heyvanların otu, yemi olmadığını deyərək ondan kömək istəmişdir. O da tanışlıq münasibətləri xatirinə cavabdehə əvvəlcə 20 ədəd, daha sonra isə 50 ədəd ot bağlaması vermiş, cavabdeh ot bağlamalarının pulunu sonra ödəyəcəyini vəd etmişdir. Sonradan cavabdehin heyvanları tələf olduğundan o, daha pulu istəməmişdir. Ancaq cavabdehin heyvanları kimdən aldığı, heyvanların otu və yemini kimin almalı olduğu və onlar arasında olan razılaşmanın digər şərtləri barədə heç bir məlumatı yoxdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, tərəflər arasında olan danışıqların qeydə alındığı videogörüntülərin olduğu diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə məhkəmə iclas zalında olan kompyuter avadanlığından istfadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin videogörüntülərdə tərəflər çay süfrəsi arxasında söhbət edirlər. Söhbət əsnasında cavabdeh iddiaçının sullarına cavab olaraq 80 baş iribuynuzlu heyvanın qorunub saxlanmasının ona tapşırıldığını, razılaşmaya görə heyvanlara qulluq edilməsi, onların ot və yem ilə təmin edilməsi vəzifəsinin onun öz üzərinə düşdüyünü, heyvanlardan əldə olunan süd məhsullarının da cavabdehin özü tərəfindən istifadə edildiyini, həmçinin, 2021-ci ilin avqust ayında heyvanlar satın alınarkən 15 baş inəyin boğaz olduğunu etiraf edir. Cavabdeh hazırki məhkəmə iclasında iddiaçı ilə həmin görüşün təşəbbüskarının özü olduğunu, danışıqların qeydə alındığını əvvəlcədən bildiyini, danışıqlarının məzmununun təhrif olunmadığını və reallığı əks etdirdiyini, danışıqların qeydə alınması zamanı ona iddiaçı və ya digər şəxs tərəfindən hər hansı təsir və ya təzyiq göstərilmədiyini, lakin iddiaçının ona təhvil verdiyi heyvanları qoruyub saxlaya bilmədiyinə görə qorxduğu üçün iddiaçının hər sözünü təsdiq etdiyini bildirmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş diskə də məhkəmə iclasında tərəflərin iştirakı ilə məhkəmə iclas zalında olan kompyuter avadanlığından istfadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı həmin videogörüntülərdə iri və xırda ölçülərdə olmaqla bir neçə heyvanın ölmüş və ya xəstə (arıq, zəif və halsız) vəziyyətdə görüntüyə alındığı müəyyən edilir. Cavabdeh həmin heyvanların iddiaçının ona təhvil verdiyi heyvanlar olduğunu, heyvanların aclıqdan xəstələndiklərini və tələf olduqlarını bildirir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Oğuz rayonu üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 77 nömrəli arayışdan görünür ki, cavabdeh Xocal rayonundan məcburi köçkün düşərək Oğuz rayonu Calut kəndinin “Azərbaycan-60” yaşayış məntəqəsində məskunlaşıb yaşayır. İş materiallarına əlavə edilmiş, hazırki iş üzrə iddiaçının və cavabdehin anası X2 müraciətləri əsasında toplanaraq Oğuz rayon X9 Qrupunda araşdırılmış HK-1/228 nömrəli material üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlardan, araşdırma zamanı dindirilmiş şəxslərin izahatlarından görünür ki, hazırki iş üzrə iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Oğuz rayonu Calut kəndinin “Azərbaycan-60” yaşayış məntəqəsində olan iribuynuzlu heyvanlarının oğurlanması barədə məlumat vermişdir. Daha sonra isə cavabdehin anası X1 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək iddiaçının heyvanlarının bir hissəsinin öldüyünü, heyvanlara qulluq etmək üçün aldıqları ot və yemin əvəzində həmin heyvanlardan 30 başını Yevlax rayon sakini Qamboy adlı şəxsə verdiklərini, iddiaçının oğlu Rəşadın zəng edib onlara verdiyi pulu tələb edərək onları hədələdiyini, iddiaçının ot və yemə görə onlara 10.000 manat borcu qaldığını bildirməklə ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmin müraciətlər əsasında araşdırma aparılmış, hər hansı şəxsin əməlində cinayətin əlamətləri aşkar olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda, iddiaçının müraciətinin mülki xarakterli olması əsası ilə ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz şəhər bazarı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 25 nömrəli arayışda qeyd edilmişdir ki, 1 baş 3-4 yaşlarında inəyin orta bazar satış qiyməti 1000-1200 manat, 1 baş düyənin orta bazar satış qiyməti 1000, 1 baş 1-1,5 yaşlarında erkək dananın orta bazar satış qiyməti 1500 manat, 1 baş 5-7 aylıq buzovun orta bazar satış qiyməti isə 400-500 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq 244 manat, vəkilin göstərdiyi yardıma görə xidmət haqqı olaraq 500 manat ödəmişdir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, şahidlərin ifadələri, həmçinin, iş materialları ilə müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında tanışlıq münasibətləri olmuşdur. 2021-ci ilin avqust ayında onlar cavabdehin təşəbbüsü və təklifi ilə mal-qara alıb saxlamaq, heyvandarlığı inkişaf etdirməklə gəlir əldə etmək qərarına gəlmişlər. Bu məqsədlə X3 cəmi 80 baş iribuynuzlu heyvan (inək və danalar) almış, həmin heyvanlara görə 43.000 manat vəsaiti iddiaçı ödəmişdir. Tərəflər arasında heyvanlara cavabdeh tərəfindən qulluq ediləcəyi barədə şifahi razılaşma olmuşdur. İddiaçı cəmi 80 baş iribuynuzlu heyvanı cavabdehə təhvil vermiş, cavabdeh də qeyd olunan sayda heyvanı ondan təhvil almışdır. Sonradan həmin heyvanlar üçün ot və yemin alınması ilə bağlı tərəflər arasında narazılıq və fikir ayrılığı yaranmış, iddiaçı cavabdehin yaşadığı yerə gələrək orada qalmış cəmi 40 baş heyvanı götürüb aparmışdır. Hazırda iddiaçı ona qaytarılmayan 40 baş iribuynuzlu heyvan, sonradan doğub artmış 16 baş buzov (cəmi 56 baş), həmin sayda heyvanlar olmadıqda isə onların dəyəri olan 43.900 manat, həmçinin, nağd ödənilmiş 7000 manat, iddia sənədlərinin hazırlanmasına və göstərdiyi hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 244 manat vəsaitin cavabdehdən alınaraq ona verilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi cavabdehlə aralarında olan şifahi danışıq və razılaşmalara, bu danışıqlar zamanı qeydə alınmış videogörüntülərə, onun özünün müraciəti əsasında polis şöbəsində aparılmış araşdırmanın nəticələrinə dair qəbul edilmiş qərarlara, həmçinin, hüquqi yardım üçün və dövlət rüsumu kimi ödənilmiş vəsaitə dair mədaxil qəbzlərinə istinad edir. İddiaçı cavabdehin hərəkətləri nəticəsində ona cəmi 51.644 manat miqdarında maddi zərər dəydiyini bildirir. Cavabdeh iddia tələbini qismən qəbul edir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq iddiaçının ona təhvil verdiyi heyvanların vəziyyəti, onların aclıqdan və xəstəlikdən tələf olması barədə iddiaçıya dəfələrlə məlumat verdiyini qeyd etmiş, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında mal-qara alıb saxlanılması, heyvandarlığın inkişaf etdirilməsi ilə əlaqədar şifahi şəkildə tapşırıq müqaviləsi bağlanmışdır. Həmin razılaşmaya görə iddiaçı 80 baş iribuynuzlu heyvanı satın alıb cavabdehə verməyi, cavabdeh isə həmin heyvanlara qulluq etməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin işin yerinə yetirilməsini cavabdehə tapşırmış və cavabdeh də bu tapşırığı qəbul etmişdir. İddiaçı şifahi tapşırıq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək 43.000 manat dəyərində 80 baş iribuynuzlu heyvanı satın alıb cavabdehə təhvil versə də, cavabdeh iddiaçı tərəfindən ona verilən və icra etməyi öz öhdəsinə götürdüyü tapşırığı lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsinin anlayışını və ümumi əsaslarını müəyyən edən 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.3-cü maddəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 786.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı öz vəsaiti hesabına satın aldığı iribuynuzlu heyvanlara nəzarət edilməsini cavabdehə tapşırmış və bunun əvəzində ona əldə olunacaq gəlirin yarısını verəcəyini öhdəsinə götürmüşdür. Eyni zamanda, iddiaçı heyvanlardan əldə olunan süd məhsullarını da cavabdehdən istəyib almamış, həmin heyvanlardan əldə olunan süd məhsullarını cavabdeh özü istifadə etmişdir. İddiaçı tərəflər arasında olan şifahi tapşırıq müqaviləsinin icrası ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirərək öz öhdəliyini icra etsə də, cavabdeh iddiaçı tərəfindən ona verilən və icra etməyi öz öhdəsinə götürdüyü tapşırığı lazımi qaydada icra etməmiş, ona tapşırılan əmlakın qorunub saxlanılmasını təmin etməmiş, ona etibar edilmiş özgə əmlakını başqasına vermiş, bununla da iddiaçıya maddi ziyan vurulmasına səbəb olmuşdur. Tərəflərin izahatlarından və işin məhkəmədə müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh mal-qara alıb saxlamağı iddiaçıya özü təklif etmiş, bu işdə səriştəsi olduğunu, həmçinin, heyvan saxlamağa lazımi imkanı və şəraiti olduğunu deyərək iddiaçını buna inandırıb heyvan satın almağa razı salmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə cavabdehin ona təhvil verilmiş heyvanların vəziyyəti, onların aclıqdan və xəstəlikdən tələf olması barədə iddiaçıya dəfələrlə məlumat verdiyi barədə izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, həmin xüsusatlar iddiaçının dəlilləri və işin digər faktiki halları ilə təkzib edilmişdir. Eyni zamanda, cavabdeh həmin məlumatları iddiaçıya mobil telefon vasitəsilə çatdırdığını bildirərək məhkəmə iclasında fasilə verilərsə, bu məlumatları mobil telefonun yaddaşından əldə edib məhkəməyə təqdim edəcəyini desə də, onun şifahi vəsatəti əsasında məhkəmə iclasında fasilə verilməsinə baxmayaraq, o, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bunun əksinə olaraq iddiaçı özü ilə cavabdeh arasında olan danışıqlar zamanı qeydə alınmış videogörüntüləri sübut kimi məhkəməyə təqdim etmiş və həmin videogörüntülərə məhkəmə iclasında cavabdehin iştirakı ilə baxış keçirilmişdir. Qeyd olunan videogörüntülərdə cavabdeh iddiaçı ilə danışarkən 80 baş iribuynuzlu heyvanın qorunub saxlanmasına məsul olduğunu, razılaşmaya görə heyvanlara qulluq edilməsi, onların ot və yem ilə təmin edilməsi vəzifəsinin onun öz üzərinə düşdüyünü etiraf etmiş, həmçinin, həmin danışıqların qeydə alınması zamanı ona hər hansı təsir və ya təzyiq göstərilmədiyini bildirmişdir. Bununla da cavabdehin iddiaçı qarşısında 80 baş iribuynuzlu heyvanı qoruyub saxlamaq öhdəliyi meydana gəlmiş və bu öhdəliyi kifayət qədər vicdanla icra etmiş olduğunu sübut etmək vəzifəsi də hazırda cavabdehin üzərinə düşür. 80 baş iribuynuzlu heyvanın 40 başdan ibarət hissəsini apardığını iddiaçı özü də etiraf etməklə, qalan 40 baş heyvanın, həmçinin, heyvanlar cavabdehdə olduğu müddətdə doğub artmış buzovların hansı səbəbdən iddiaçıya qaytarılmadığını bilavasitə cavabdeh özü izah etməli və bunun əsaslarını sübut etməlidir. Belə ki, cavabdeh, özünün də etiraf etdiyi kimi, ona təhvil verilmiş heyvanların bir hissəsini digər şəxslərə verərkən iddiaçını əvvəlcədən məlumatlandırmamış, hansı məqsədlə verilməsindən asılı olmayaraq, onun razılığını almamış, iddiaçıya xəbər versə də, bunu heyvanların verilməsindən sonra etmişdir. Heyvanların ot və yem ilə dəyişdirilməsi barədə iddiaçı tərəfindən cavabdehə hər hansı tapşırıq verilmədiyi halda, cavabdeh, özünün deməsinə görə 5 baş və 30 baş - cəmi 35 baş heyvanı ot və yemin dəyəri müqabilində digər şəxslərə vermişdir. Həmin xüsusatlara görə məhkəmə cavabdehin dəlillərinə tənqidi yanaşır və hesab edir ki, cavabdehin ona təhvil verilmiş heyvanların vəziyyəti, heyvanların ota və yemə ehtiyacı olduğu barədə iddiaçını məlumatlandırmış olması barədə izahatında qeyd etdikləri maddi məsuliyyətdən azad olunmaq niyyəti ilə verilmişdir. İddiaçının 80 baş iribuynuzlu heyvanın 40 başdan ibarət hissəsinin, həmçinin, heyvanlar cavabdehdə olduğu müddətdə doğub artmış buzovların indiyədək ona qaytarılmaması ilə bağlı izahatında qeyd etdiyi dəlillər isə işin faktiki hallarına uyğun olduğundan və o, öz iddia tələbinin əsası kimi istinad etdiyi mümkün dəlillərini məhkəməyə təqdim etdiyindən məhkəmə iddiaçının dəlillərini sübut kimi qəbul edir. Məhkəmə tərəflərin dəlillərinə məcmu halında qiymət verərək qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı əldə etdiyi bütün mümkün sübutlarını məhkəməyə təqdim etdiyindən, cavabdeh isə iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etmədiyindən və onun dəlilləri işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə cavabdehin ona təhvil verilmiş cəmi 80 baş iribuynuzlu heyvanın iddiaçıya qaytarılmayan 40 başdan ibarət hissəsinə, həmçinin, heyvanlar cavabdehdə olduğu müddətdə doğub artmış buzovlara görə tam şəkildə maddi məsuliyyət daşıması faktını sübuta yetirilmiş hesab edir. Məhkəmə iddia tələbinin iddiaçıya qaytarılmayan 40 baş iribuynuzlu heyvan, həmin heyvanlar olmadıqda onların dəyəri ilə bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı hazırki tələbində 1 baş inəyi və 1 baş düyəni ən azı 1000 manat, 1 baş erkək dananı 1500 manat, 1 baş buzovu isə ən azı 400 manat dəyərində qeyd etmiş və həmin qiymətləri müəyyən edərkən Oğuz şəhər bazarının verdiyi arayışa istinad etmişdir. Tərəflərin izahatlarından, şahidin ifadəsindən və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından isə görünür ki, 80 baş iribuynuzlu heyvana görə iddiaçı cəmi 43.000 manat vəsait ödəmiş, alınan heyvanlar inək və danalardan ibarət olmaqla müxtəlif yaş qruplarına aid olmuşlar. Həmin heyvanların neçəsinin hansı yaş həddində olduğu dəqiq məlum olmasa da, hər bir heyvana görə orta hesabla 537,50 manat (43.000 : 80 = 537,50) vəsait ödənilmişdir. İddiaçıya qaytarılan 40 baş iribuynuzlu heyvanın da neçəsinin hansı yaş həddində olduğu dəqiq məlum olmadığından məhkəmə iddiaçıya qaytarılmayan və hazırda qaytarılmalı olan digər 40 baş iribuynuzlu heyvanın da hər birinin dəyərinin orta hesabla 537,50 manat miqdarında qiymətləndirilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 40 baş iribuynuzlu heyvan, həmin heyvanlar olmadıqda isə onların dəyəri tələbinə dair hissəsi qismən təmin edilməklə, cavabdehdən hər birinin dəyəri 537,50 manat olan 40 baş inək, həmin heyvanlar olmadıqda isə onların dəyəri alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin 80 baş heyvan cavabdehdə olduğu müddətdə doğub artmış buzovlarla bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı iddia tələbində həmin heyvanlar satın alınarkən onlardan 16 başının boğaz olduğunu iddia etsə də, cavabdeh məhkəmə iclasında verdiyi izahatında və tərəflər arasında olan videogörüntülərlə qeydə alınan danışıqlar zamanı heyvanlardan 15 başının boğaz olduğunu etiraf etmişdir. Bu səbəbdən məhkəmə həmin heyvanlar satın alınarkən onlardan 15 başının boğaz olması faktını sübuta yetirilmiş hesab edir. Cavabdeh heyvanlardan 15 başının boğaz olduğunu etiraf etmiş, eyni zamanda, həmin sayda heyvanların doğub artdığını, yəni 15 baş buzov əldə edildiyini də inkar etməmişdir. Eyni zamanda, məhkəmə iddiaçıya qaytarılmayan və hazırda qaytarılmalı olan buzovların satınalma dəyəri ilə bağlı digər hər hansı fakt olmadığını nəzərə alaraq 15 baş buzovun hər birinin dəyərinin Oğuz şəhər bazarının verdiyi arayışa əsasən 400 manat miqdarında qiymətləndirilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 15 baş buzov, həmin buzovlar olmadıqda isə onların dəyəri tələbinə dair hissəsi qismən təmin edilməklə, cavabdehdən hər birinin dəyəri 400 manat olan 15 baş buzov, həmin heyvanlar olmadıqda isə onların dəyəri alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin cavabdehə nağd olaraq verilmiş 7000 manat vəsaitin qaytarılmasına dair hissəsi ilə əlaqədar qeyd edir ki, tərəflərin izahatlarından və işin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, həmin məbləğ iddiaçı tərəfindən cavabdehə heyvandarlıq işini qurub təşkil etməyə kömək kimi, lakin borc olaraq, yəni sonradan həmin məbləğ əldə olunacaq gəlirdən iddiaçının xeyrinə çıxılmaq şərti ilə verilmişdir. Həmin miqdarda vəsaitin iddiaçı tərəfindən ona verildiyini cavabdeh özü də təsdiq etmiş, ancaq sonradan iddiaçıya hər hansı miqdarda nağd pul vəsaiti qaytarılmamışdır. Ona görə həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbinin qeyd olunan hissəsi ilə əlaqədar hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə mülki qanunvericiliyin borc müqaviləsindən irəli gələn müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc (kredit) müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehə nağd olaraq verilmiş 7000 manat vəsaitin qaytarılmasına dair hissəsi təmin edilməklə, cavabdehdən 7000 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, iddiaçının xeyrinə qətnamə çıxarıldığı və hazırki iddia tələbi üzrə hüquqi yardıma görə ödənilən xidmət haqqı məbləğinin ağlabatan olduğu nəzərə alınmaqla iddia tələbinin hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat məbləğin cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 244 manat dövlət rüsumu məbləğinin 148 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 96 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh hər birinin dəyəri 537,50 manat olan 40 baş iribuynuzlu inək, hər birinin dəyəri 400 manat olan 15 baş buzov, həmin əmlaklar olmadıqda isə onların dəyəri olan 27.500 manat, nağd olaraq verilmiş 7000 manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manat və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 244 manat məbləğin 148 manatdan ibarət hissəsi alınaraq İddiaçı verilsin. Məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 244 manat məbləğin 96 manatdan ibarət hissəsi İddiaçı özünə aid edilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-525/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-525/2022
23.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver