Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1092/2023 16.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən ona dəymiş zərərin əvəzində 40000 manat pulun və ödənilmiş 210 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən “pambığın müasir üsulla emal edilməsinin tətbiqi” barədə əsərinə görə ona 13130 saylı X4 şəhadətnamə verilmiş və həmin şəhadətnamə xx.xx.2022-ci il tarixdə 05/C-12668-22 nömrə ilə qeydiyyata alınmışdır. Təxminən 3-4 il bundan qabaq ona məlum olmuşdur ki, Cavabdeh MMC Saatlı rayon Qıraqlı pambıq istehsalı-emalı zavodunda onun müəllifi olduğu layihədən istifadə edilir və nəticədə zavod tərəfindən pambığın emalından külli miqdarda qazanc əldə olunur. Saatlı rayonunun Qıraqlı kəndində yerləşən pambıq emalı zavodunda müəllifi olduğu üsulla pambıq emal olunarkən ondan icazə alınmamış və nəticədə müəlliflik hüququ pozulmuşdur. Onun layihəsindən istifadə edilərək küllü miqdarda qazanc əldə olunmasına baxmayaraq, zavod tərəfindən onun ixtirasından əldə olunmuş vəsaitdən ona hər hansı məbləğ ödənilməmişdir. Cavabdehin qanunsuz hərəkətləri, yəni müəlliflik hüququmu pozulması nəticəsində onun heablamalarına görə ona 40000 manat zərər dəymişdir. Dəfələrlə cavabdeh təşkilatdan həm şifahi, həm də yazılı formada ona dəymiş ziyanı tələb etməsinə baxmayaraq, müsbət nəticə olmamışdır. O da məcbur qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının layihəsi xam pambığın emalı prosesinin bütün mərhələlərini deyil, yalnız emala gedən pambığın qurudulması, rütubətinin qismən alınması mərhələsini nəzərdə tutan layihədir.Bu layihə indiyədək istehsalatda tətbiq olunmamışdır. İddiaçının layihəsində nzərdə tutulan avadanlıq, yaxud da onun ayrı-ayrı hissələri ölkəmizdə heç vaxt sənaye üsulu ilə istehsal olunmamış, hazırda da istifadə olunmur. Digər tərəfdən iddiaçının layihəsi xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Halbuki, Cavabdeh zavodun bütün avadanlıqlarını, o cümlədən pambıq qurutma sexinin bütün avadanlıqlarını Türkiyənin “TEKMEN” X5 Montaj ve İmalı Taahhüt Sanayi Ticaret LTD şirkətindən xx.xx.2011-ci il tarixli, 2011/T0305 saylı müqavilə əsasında alaraq hissəhissə gətirmiş, avadanlıqlar da həmin şirkətin mütəxəssisləri tərəfindən quraşdırılmışdır. Həmin vaxtda etibarən də zavodda köhnəlmiş və ya sıradan çıxmış bütün avadanlıqlar, hissə və detallar həmin şirkətdən və ya digər Türkiyə şirkətlərindən alınıb istifadə edilir. Bundan başqa, hazırda ölkədə xam pambığın emalı zavodlarının hamısında pambığın nəmliyinin alınması, yəni qurudulması sexlərindəki avadanlıqlar elektriklə deyil, təbii qazla işləyir. Zavodun yerləşdiyi əraziyə yaxın yerdə sənaye təyinatlı təbii qaz verilişi xətti olmadığından zavod məcburiyyətdən elektriklə çalışan qurutma avadanlığından istifadə edir. Bu hal bir daha iddiaçının layihəsinin iqtisadi cəhətdən səmərəsiz olduğunu göstərir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 13130 saylı X4 şəhadətnamədən görünür ki, bu şəhadətnamə “pambığın müasir üsulla emal edilməsinin tətbiqi” barədə əsərinə görə İddiaçı verilmiş və həmin şəhadətnamə xx.xx.2022-ci il tarixdə 05/C-12668-22 nömrə ilə qeydə alınmışdır Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanunun 44-cü maddəsinin 1-ci bəndinə görə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. Həmin Qanunun 45-ci madddəsinin 1-ci bəndinə görə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh MMC Saatlı rayon Qıraqlı pambıq istehsalı-emalı zavodunda onun müəllifi olduğu layihədən istifadə edilərək, yəni müəlliflik hüququ pozularaq zavod tərəfindən pambığın emalından küllü miqdarda qazanc əldə olunmasını və ona 40000 manat zərər dəyməsini göstərsə də, bu hal öz təsdiqini tapmamış və cavabdeh təşkilatın pambıq qurutma sexinin bütün avadanlıqlarının Türkiyənin “TEKMEN” X5 Montaj ve İmalı Taahhüt Sanayi Ticaret LTD şirkətindən xx.xx.2011-ci il tarixli, 2011/T0305 saylı müqavilə əsasında alınaraq istifadə edildiyi, iddiaçının “pambığın müasir üsulla emal edilməsinin tətbiqi” barədə əsərinə istinad olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin əvəzində 40000 manat pulun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 210 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 210 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin əvəzində 40000 manat cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-1092/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 16 oktyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin əvəzində 40000 manat cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1092/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1092/2023
16.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver