Məhkəmə qərarları › İş №2(055)-11/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-11/2023

22.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-11/2023 22.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaqdan qanunsuz istifadənin dayandırılması, oradan çıxarılma və qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı şəhəri H.Əliyev prospekti 271 ünvanında onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.26(faktiki sahə 0.38 ha) ha torpaq sahəsindən cavabdeh tərəfindən qanunsuz istifadənin dayandırılması, oradan çıxarılma və həmin torpaq sahəsinin üzərində tikilmiş Cavabdeh məxsus tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, ödənilmiş 100 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Saatlı şəhəri, H.Əliyev prospekti 271 ünvanında yerləşən, sahəsi 94.9 kv.m olan fərdi yaşayış evi və 0.26 ha (faktiki 0.38 ha) torpaq sahəsi onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Lakin Cavabdeh onların istifadəsində olan torpaq sahəsində köhnə mebellərin təmiri sexi tikmiş və hazırda da həmin tikilidən qanunsuz olaraq istifadə edir. Bununla bağlı cavabdehə öz etirazını bildirsə də, heç bir müsbət nəticə əldə etməmişdir. Mebellərin təmiri sexinin yerləşdiyi torpaq sahəsi rəsmi olaraq ona məxsus olmasa da, o, uzun müddətdir ki, həmin torpaq sahəsindən istifadə edir və sözügedən tikili ona öz torpaq sahəsindən istifadəyə mane olur.Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə müvafiq olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdeh X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 noyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Saatlı şəhəri, H.Əliyev prospekti 271 ünvanında yerləşən, ümumi sahəsi 94.9 kv.m olan fərdi yaşayış evi və 0.26 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası ƏMDX-in Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2023-cü il tarixli, 10/2432 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 noyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Çıxarışa əlavə edilmiş **********30-10301 Reyestr nömrəli Texniki Pasporta əsasən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.26 hektar torpaq sahəsinin hər hansı bir hissəsi Cavabdeh istifadəsində deyil. Cavabdeh istifadəsində olan 98.0 kv.m ölçüdə olan mebel sexinin yerləşdiyi torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 noyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əlavə edilmiş **********30-10301 Reyestr nömrəli Texniki Pasportda göstərilən(mülkiyyət-0.26 ha, faktiki istifadə edilən sahə 0.384 ha) və İddiaçı mülkiyyətindən əlavə faktiki istifadəsində olan 0.124 ha torpaq sahəsində yerləşir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materialları araşdırılarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.26 hektar torpaq sahəsinin Cavabdeh istifadəsində olmadığı, həmçinin Cavabdeh istifadəsində olan mebel sexinin yerləşdiyi torpaq sahəsinin isə İddiaçı mülkiyyətində deyil, mülkiyyətindən əlavə faktiki istifadəsində olan 0.124 ha torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. İddiaçı isə məhkəmə araşdırması zamanı mülkiyyətindən əlavə faktiki istifadəsində olan 0.124 ha torpaq sahəsinə dair hansı sənəd təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Digər tərəfdən, işə baxılarkən ekspert rəyi ətraflı şəkildə tədqiq olunmuş, aydın olmayan, habelə qiymət verilməsi mümkün olmayan xüsusat müəyyən edilmədiyindən və iddiaçı da bu barədə vəsatət vermədiyindən məhkəmə əlavə və ya təkrar ekspertiza təyin olunmasına da zərurət bilməmişdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2023-cü il tarixli, 10/2432 nömrəli rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq 7 normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı torpaqdan qanunsuz istifadənin dayandırılması, oradan çıxarılma və qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İşə əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı ödənilmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc 95 manat təşkil etmiş və həmin xərc İddiaçı tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş 11 may 2023-cü il tarixli, 10/2432 nömrəli ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən 100 manat ödənilmiş dövlət rüsumu, 100 manat vəkil xidmət haqqı və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc İddiaçı aid edilməli, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri olan 50 manat iddiaçıdan alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı torpaqdan qanunsuz istifadənin dayandırılması, çıxarılma və qanunsuz tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar