Məhkəmə qərarları › İş №2(055)-1388/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1388/2025

20.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1388/2025 20.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Saatlı şəhərində anadan olmuş 23 noyabr 1993-cü təvəllüdlü X3 12 yanvar 1994-cü il tarixdə Saatlı rayonu Qaracalar kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, oğlu Ruslan İsmayılov 23 noyabr 1993-cü ildə Saatlı şəhərində doğulmuş və 12 yanvar 1994-cü il tarixdə yaşadığı Saatlı rayonu Qaracalar kəndində vəfat etmiş və Saatlı rayonu Qaracalar kənd qəbiristanlığında dəfn edilmiş, lakin həmin vaxt mərhuma ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır. Oğlu Ruslanın ölümü haqqında şəhadətnamə almaq üçün Saatlı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin tibbi şəhadətnamə olmadığından oğlunun ölümünün qeydə alınmasından imtina edilmişdir. Hazırda məhkəmə qaydasında ölüm faktının təsdiq olunması və mərhum X3 ölümü haqqında şəhadətnamənin alınması ərizəçiyə vərəsəlik işinın həlli üçün lazımdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq Saatlı şəhərində anadan olmuş 23 noyabr 1993-cü təvəllüdlü X3 12 yanvar 1994-cü il tarixdə Saatlı rayonu Qaracalar kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Ərizəçi ilə bacanaqdır. Ərizəçinin mərhum oğlu Ruslan İsmayılov 12 yanvar 1994-cü ildə xəstəlikdən vəfat etmiş və Qaracalar kənd qəbiristanlığında dəfn olunmuşdur. Ona görə də bir qohum və mərhumun yas məclisində iştirak edən şəxs kimi təsdiq edir ki, ərizçənin oğlu X8 12 yanvar 1994-cü il tarixdə yaşadığı Saatlı rayonu Qaracalar kəndində vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi qaynıdır. Ərizəçinin 23 noyabr 1993-cü ildə Saatlı şəhərində doğulmuş oğlu Ruslan İsmayılov 12 yanvar 1994-cü il tarixdə Saatlı rayonu Qaracalar kəndində vəfat etmişdir və Qaracalar kənd qəbiristanlığında dəfn olunmuşdur. O, mərhumun dəfn mərasimində iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 sentyabr tarixli arayışdan görünür ki, X8 23 noyabr 1993-cü ildə Saatlı şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası X1r. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı RİH başçısının Qaracalar kənd İƏD üzrə nümayəndəliyin 03 sentyabr 2025-ci il tarixli arayışından görünür ki, Saatlı şəhərində anadan olmuş X8 12 yanvar 1994-cü il (üç aylıq) tarixdə Saatlı rayonu Qaracalar kəndində vəfat etmiş və Qaracalar kənd qəbrastanlığında dəfn edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Qeydiyyat Şöbəsinin 03 sentyabr 2025-ci il tarixli rəyindən görünür ki, Ərizəçi Saatlı rayon X2 Ruslan Elman oğlunun ölümünün qeyd edilməsi ilə bağlı müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi sənəd təqdim edilmədiyindən X3 ölümünün qeydə alınmasından imtina edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə işin araşdırılan halları və şahid ifadələri ilə müəyyən edilir ki, ərizəçinin oğlu X8 23 noyabr 1993-cü ildə Saatlı şəhərində doğulmuş, 12 yanvar 1994-cü ildə Saatlı rayonu Qaracalar kəndində vəfat etmiş və Qaracalar kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin, həmin vaxt mərhuma ölüm haqqında tibbi şəhadətnamə alınmadığından Saatlı rayon Qeydiyyat Şöbəsi ölümün qeydə alınmasından imtina etmişdir. Ona görə də ərizəçi oğlunun ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə X3 doğumu barədə şəhadətnaməni, Saatlı RİH başçısının Qaracalar kənd İƏD üzrə nümayəndəliyinin 03 sentyabr 2025-ci il tarixli arayışını və X3 12 yanvar 1994-cü ildə Saatlı rayonu Qaracalar kəndində vəfat etməsini təsdiq edən şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli, 23 noyabr 1993-cü ildə Saatlı şəhərində doğulmuş X3 12 yanvar 1994-cü ildə Saatlı rayonu Qaracalar kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 23 noyabr 1993-cü ildə Saatlı rayonunun Qaracalar kəndində doğulmuş X3 12 yanvar 1994-cü ildə Saatlı rayonu Qaracalar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar