Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1925/2025 27.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ölüm faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1 01 oktyabr 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, arvadı Ağayeva Türkanǝ Habil qızı 01 sentyabr 1992-ci ildə İmişli rayonunda anadan olmuşdur. 01 oktyabr 2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun qəfil ölümü səbəbindən bu barədə müvafiq orqanlara müraciət edə bilməmişdir. Sonradan onu dəfn etmək üçün yaşadıqları Saatlı rayonu Novruzlu kəndinə gətirərək həmin kəndin qəbirstanlığında dəfn etmişlər. Qeyd etdiyi kimi Türkanənin qəfil ölümü onda çaşqınlıq yaratdığından həmin vaxt onun ölümü barədə şəhadətnamə almaq üçün müvafiq orqana müraciət etməmişdir. Hazırda Türkanənin ölüm haqqında şəhadətnaməsi ona dəfn pulunu almaq üçün lazımdır. O, əvvəlcə Türkanənin ölümü barədə şəhadətnamə almaq üçün Saatlı rayon Qeydiyyat şöbəsinə müraciət etmişəm, lakin Qeydiyyat şöbəsinə ölüm faktı barədə tibb müəssisəsinin müvafiq sənədini təqdim edə bilmədiyindən arvadının ölümünün qeydə alınmasından imtina edilmiş, ona məhkəməyə müraciət etməyi bildirilmiş və bu barədə ona Qeydiyyat şöbəsindən rəy verilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı tərəf Saatlı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, X4 onun qardaşı qızıdır. Türkanə 01 oktyabr 2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, Saatlı rayon Novruzlu kənd qəbiristanlığında dəfn edilmişdir. Hüzr və yas mərasimində iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 və X6 da digər şahid X2 ifadəsi ilə eyniməzmunlu ifadə verdilər. İşdə olan Saatlı RİHB-nın Novruzlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 10 dekabr 2025-ci il tarixli aktdan görünür ki, X4 01 oktyabr 2025-ci ildə Bakı şəhərində vəfat etmiş və Saatlı rayon Novruzlu kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 dekabr 2025-ci il tarixli rəydən görünür ki, X1 ölümünün qeydə alınmasından ərizəçi tərəfindən ölüm faktını təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün imtina olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından, ərizəçinin izahatından, şahidlərin ifadəsindən göründüyü kimi ərizəçinin arvadı X4 01 oktyabr 2025-ci ildə vəfat etmişdir, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi arvadının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun qardaşı X1 01 oktyabr 2025-ci ildə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 01 sentyabr 1992-ci il təvəllüdlü X1 01 oktyabr 2025-ci ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1925/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1925/2025
27.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver