Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1941/2025 02.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh direktoru X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X3 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X3 İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması tələbinə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində olan Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin direktoru X4 tərəfindən imzalanmış 14 nömrəli, 30 iyun 2025-ci il tarixli əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi və məvburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir). Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, ümumi əmək stajı 12 il 9 ay olmaqla xx.xx.2013-cü il tarixindən 30 iyun 2025-ci ilə qədər Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbində xanəndə müəllimi vəzifəsində çalışmışdır. İşində heç bir intizam pozuntusu olmamış, vəzifə öhdəliklərini vicdanla yerinə yetirmişdir. xx.xx.2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nəzdində yaradılmış Attestasiya Komissiyasının keçirtdiyi attestasiya imtahanında iştirak etmişdir. Cavabdeh tərəfindən attestasiya komissiyasının qərarı əsas gətirilməklə əmək müqaviləmə xitam verilmişdir. Lakin attestasiya komissiyasının qərarında bir-birinə ziddiyətli ifadələr yer almış, peşə yararsızlığı aydın və əsaslandırılmamış şəkildə göstərilmişdir. İmtahan nəticələrinin obyektiv aparılmadığını hesab etdiyi üçün qanunla nəzərdə tutulmuş hüquqlarına uyğun olaraq attestasiyanın video yazısının təqdim edilməsini tələb etmiş, lakin bu tələbi təmin edilməmişdir. Video materialın təqdim edilməməsi obyektivlik və şəffaflıq pirinsiplərini pozur və imtahan nəticələrinə etiraz etmək imkanın məhdudlaşdırır. Attestasiya Komissiyasının xx.xx.2025ci il tarixli attestasiya vərəqəsi əsasında cavabdeh Saatlı rayonu Bülbül adına uşaq müsiqi məktəbi tərəfindən 30 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən, 14 №-li əmri ilə əmək müqaviləmə xitam verilmişdir. Sözügendən qərar obyektiv sübutların təqdim edilməməsi və prosedur pozuntuları ilə qəbul olunduğundan qanunsuz hesab edir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia müddətinin tətbiqi barədə ərizəyə isə münasibətdə bildirmişdir ki, o, əmrin surətini 16 noyabr 2025-ci il tarixdə əldə etmişdir. 18 noyabr 2025-ci il tarixdə də, mediasiyaya müraciət etmişdir. Hesab edir ki, iddia müddətini ötürməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh direktoru X4 iddianı qəbul etməyərək, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək izahatında göstərdi ki, İddiaçı attestasiyadan keçmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə) əsasən 30 iyun 2025-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Həmin tarixdən də, İddiaçı işə gəlməmişdir. İddiaçı 30 iyun 2025-ci il tarixdən artıq işdən çıxdığını bilmişdir. Lakin iddia müddəti ötürüb iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X3 İdarəsinin nümayəndəsi X5 cavabdehin izahatına uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və iddia müddətinin tətbiqi barədə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan əmək kitabçasının surətindən görünür ki, iddiaçı 16 sentyabr 2013-cü il tarixli, 37 nömrəli əmrlə Saatlı şəhəri Bülbül adına 7 illik uşaq musiqi məktəbinə xanəndə ixtisası üzrə müəllim təyin edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, Saatlı rayon Bülbül adına uşaq musiqi məktəbinin xanəndə müəllimi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xx.xx.2025-ci il tarixdə ləğv edilmişdir. Sadalanan xüsusatlardan göründüyü kimi, iddiaçı cavabdehlə xx.xx.2013-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əmək münasibətlərində olaraq xanəndə müəllimi vəsifəsində işləmiş və xx.xx.2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 2-cü bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir; 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olubolmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). Bu baxımdan məhkəmə qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya sasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin, Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı. Digər tərəfdən məhkəmə o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz. Yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən (xx.xx.2025-ci il tarixindən) etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.2025-ci il tarixdə müraciət edərək qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşdür. İddiaçı tələbini əsaslandırdığı halllarda əmrin surətini sonradan əldə etməsi kimi faktlara əsaslansa da, məhkəmə qeyd olunanları əsaslı hesab etmir. Belə ki, iddiaçı özü də məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir ki, hüququnun pozulması 30 iyun 2025-ci il tarixdə məlum olmuşdur. Qeyd olunan faktiki hallar, onu deməyə əsas verir ki, iddiaçı öz hüquqlarının pozulduğunu və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini həmin zaman bildiyinə görə o andan da iddia müddətinin axımı başlamışdır və 1 ay müddətində məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.2025-ci tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, 2025-ci ilin 30 iyun tarixindən iddiaçı hər iş günü artıq səhərlər həmin iş yerinə getmədiyini, iş yerindən əmək haqqı almadığını görmüş, bu faktın mövcudluğunu bilmiş və dərk etmişdir. İddia üzrə irəli sürülmüş “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələblərinin “əmrin ləğv edilməsi” tələbinə münasibətdə törəmə tələblər olması və onların təmin edilib-edilməməsinin bilavasitə bu (əsas) tələbin təmin edilibedilməməsindən asılı olması onların da rədd edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh Bülbül adına uşaq musiqi məktəbinin tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə təmin edilməli və İddiaçı cavabdeh Bülbül adına uşaq musiqi məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Bülbül adına uşaq musiqi məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1941/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1941/2025
02.03.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver