Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-509/2023 19.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh satılmış üç baş xırdabuynuzlu heyvana görə 700 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 300 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, cəmi 1030 manat pulun c alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, dolanışığını təmin etmək məqsədilə həyətyanı təsərrüfatında xırdabuynuzlu heyvanlar saxlayır. Cavabdeh rayon sakini kimi tanıyır, aralarında ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin mart ayının 9-da cavabdeh ona zəng vuraraq ondan qurbanlıq kəsimi üçün üç baş xırdabuynuzlu heyvan istəmiş, aralarındakı razılığa əsasən üç baş xırda buynuzlu heyvanı cəmi 700 manat müqabilində cavabdehə satmış, cavabdeh isə bir gün sonra heyvanların pulunu qaytaracağını bildirmişdir. Lakin həmin vaxtdan xeyli keçməsinə baxmayaraq cavabdeh vədinə əməl etməmişdir. Dəfələrlə cavabdehdən pulunu istəsə də, müsbət nəticə olmamışdır. Cavavdehin hərəkətləri nəticəsində əldə edə biləcəyi gəlirdən məhrum olmuş, həmçinin ona mənəvi zərər dəymişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, iddiaçı onun doğma övladıdır. İddiaçının saxladığı heyvanlara o baxır. İddiaçı 09 mart 2023-cü ildə onun yanında saxladıqları xırdabuynuzlu heyvanlardan üç baş quzunu avtomaşına qoyub cavabdehin qapısına aparmışdır. Cavabdeh həmin heyvanlara görə 700 manat pul verəcəyini bildirsə də, hal-hazıradək heyvanların pulunu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçı onun dayısı oğludur. 09 mart 2023-cü ildə üç baş xırdabuynuzlu heyvanı iddiaçıya məxsus “Qazel” markalı avtomobilə qoyub sonradan adının Ruhiyyə olduğu şəxsin evinə aparmışlar. Həmin vaxt X5 da yanlarında olmuş, cavabdeh həmin heyvanlara görə 700 manat pul verəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 şahid X2 ilə eyniməzmunlu ifadə verdi. Məhkəmə iddiaçını və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən edildi ki, iddiaçı cavabdehə 700 manat pul müqabilində üç baş xırdabuynuzlu heyvan satmış, cavabdehə heyvanlara görə 700 manat pulu iddiaçıya bir gün sonra ödəyəcəyi barədə vəd versə də, vədinə əməl etməyərək pulu qaytarmamışdır. Bu hal iddiaçının izahatı, iş materialları və şahid ifadələri ilə bir daha təsdiq olunur. Bundan başqa, işdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı RPŞ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X1 11 aprel 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, cavabdeh üç baş olmasa da, bir baş xırdabuynuzlu heyvanı iddiaçıdan aldığını, lakin imkanı olmadığından pulunu qaytara bilmədiyini etiraf etmişdir. Həmçinin həmin qərardan görünür ki, X7 izahatında Cavabdeh ona satmaq üçün üç baş xırdabuynuzlu heyvan verdiyini, onun isə həmin heyvanları 420 manat müqabilində satıb pulunu Ruhiyəyə qaytardığını göstərmişdir. Həmçinin cavabdeh məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsi barədə məhkəməyə ünvanladığı teleqramında da iddia tələbinin əsassız olması barədə fikir bildirməmişdir. Odur ki, qeyd olunanlar iddia tələbinin qismən əsaslı olması barədə qənaətə gəlməyə imkan verdiyindən iddia tələbi 700 manat pulun tələb olunması hissəsində əsaslı sayılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı mənəvi zərərin əvəzində 300 manat pul tələb etsə də, bu barədə mötəbər sübutlar təqdim etmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 700 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 700 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 730(yeddi yüz otuz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-509/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-509/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver