Məhkəmə qərarları › İş №2(055)-805/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-805/2023

30.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-805/2023 30.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 və nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin və onların ailə üzvlərinin torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən qanunsuz istifadələrinin dayandırılaraq çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X16, X12 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayonunun Qara Nuru kəndində yerləşən, onun və ailə üzvlərinin mülkiyyətində olan 0.22 ha torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən cavabdehlərin qanunsuz istifadələrinin dayandırılaraq çıxarılmaları, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və 100 manat vəkil xidmət haqqının cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə təqdim edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayonunun Qara Nuru kəndində yerləşən, onun və ailə üzvlərinin mülkiyyətində olan 0.22 ha torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvlərinin qanunsuz istifadələrinin dayandırılaraq çıxarılmaları, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və 100 manat vəkil xidmət haqqının cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayonunun Qara Nuru kəndində yerləşən və mübahisə predmeti olan 0.22 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətindədir. Cavabdehlər və ailə üzvləri onun uzun müddət Bakı şəhərində yaşamasından istifadə edib təxminən 20 ildən çoxdur ki, qeyd etdiyi torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə edirlər. Dəfələrlə torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən qanunsuz istifadələrini dayandırmalarını cavabdehlərdən tələb etsə də, cavabdehlər qanunsuz istifadəsini davam etdirmişlər. Əlavə olaraq bildirir ki, mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin satılmasından məlumatı olmamış, bununla bağlı ona pul verilməmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddianı etiraf etməyərək izahatında göstərdi ki, iddiaçının iddia etdiyi 0.22 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini təxminən 2005- 2006-cı illərdə Qara Nuru kənd sakini X1 şifahi alqı-satqı əsasında “9 paçka şirvan” müqabilində almış və həmin vaxtdan da orada yaşayır. Lakin hal-hazıradək həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyətə dair sənəd əldə etməmişdir. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 digər Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı üçüncü şəxs X7 izahatında göstərdi ki, mübahisə predmeti olan 0.22 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini təxminən1997-1998-ci illərdə atası X25 Alməmmədova və ailə üzvlərindən şifahi alqı-satqı əsasında “15 paçka şirvan” müqabilində almış, 2005-2006-cı illərdə şifahi alqı-satqı əsasında “9 paçka şirvan” müqabilində cavabdehlərə satmışdır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı üçüncü şəxs X2 nümayəndəsi X13 izahatında göstərdi ki, İddiaçı mərhum əri Kamal xəstə olduğundan iddiaçı və ailə üzvləri 0.22 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini satmaq qərarına gəlmişlər. Həmin vaxt mərhum anası Güldəstə həmin torpaq sahəsini və fərdi yaşayış evini almağı məsləhət gördüyü üçün təxminən 1997- 1998-ci illərdə İddiaçı və ailə üzvlərinə şifahi alqı-satqı əsasında “15 paçka şirvan” verib torpaq sahəsini və fərdi yaşayış evini almış, 2005-2006-cı illərdə təkrarən şifahi alqı-satqı əsasında “9 paçka şirvan” müqabilində cavabdehlərə satmışdır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X8 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, İddiaçı mərhum əri Kamal xəstə olduğundan iddiaçı və ailə üzvləri 0.22 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini satmaq qərarına gəlmişlər. Həmin vaxt mərhum anası Güldəstə həmin torpaq sahəsini və fərdi yaşayış evini almağı məsləhət gördüyü üçün qardaşı Sakit təxminən 1997-1998-ci illərdə İddiaçı və ailə üzvlərinə şifahi alqı-satqı əsasında “15 paçka şirvan” verib torpaq sahəsini və fərdi yaşayış evini almışdır. Məhkəmə baxışı zamanı şahid X9 şahid X14 ilə eyniməzmunlu ifadə verdi. İşdə olan JN-523A, KOD 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002ci il tarixli 02 saylı qərarı ilə Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.22 hektar torpaq sahəsi X11, İddiaçı, X6 və X3 mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X11 21 noyabr 2005-ci ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 22 nömrəli qeydiyyat aparılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində isə özbaşına zəbt olunmuş torpaq sahələrinin qaytarılması müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, JN-523A, KOD 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə verilmiş Saatlı rayon Qara Nuru kəndində yerləşən 0.22 ha torpaq sahəsi X11, İddiaçı, X6 və X3 mülkiyyətindədir. Cavabdehlər iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan həmin torpaq sahəsindən öz istədiyi kimi istifadə etməsinə imkan vermədiyi üçün iddiaçı cavabdehlər və onların ailə üzvlərinin torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən qanunsuz istifadələrinin dayandırılaraq çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu halda da iddiaçının tələbi qanuni olduğundan onun qanunla qorunan hüquqları məhkəmə qaydasında müdafiə olunmalıdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Cavabdehlər iddiaçının iddia etdiyi 0.22 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini uzun illər öncə pul müqabilində aldıqlarını və onların mülkiyyəti olduğunu göstərsələr də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişlər. Məhkəmə, həmçinin cavabdeh tərəfin təqdim etdiyi 2005-ci il tarixli X27 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” ilə bağlı qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar” 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, texniki pasportlar özüözlüyündə torpaq sahələri üzərində mülkiyyət (istifadə) hüquqlarını təsdiq edən hüquq müəyyənedici sənəd hesab edilmir. Məhkəmə, həmçinin şahid ifadələri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə mübahisəsi zamanı daşınmaz əmlakla bağlı əqdin bağlanmasını təsdiq edən sübut vasitəsi kimi yalnız yazılı formada tərtib olunmuş və notarial qaydada təsdiqlənmiş müqavilə çıxış edə bilər. Həmin əqdin bağlanmasının başqa sübutlarla, o cümlədən şahid ifadələri ilə əsaslandırılması yolverilməzdir və şahidlərin ifadələrini məhz bu xarakterli mübahisə üçün mötəbər hesab etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməklə, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X11, İddiaçı, X6 və X3 ümumi birgə mülkiyyətinə verilmiş, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.22 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvlərinin qanunsuz istifadələri dayandırılaraq çıxarılmalıdır. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 100 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı, cəmi 200 manat cavabdehlərdən alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN- 523A, KOD 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X11, İddiaçı, X6 və Mahmudova(Alməmmədova) Züleyxa Kamal qızının ümumi birgə mülkiyyətinə verilmiş, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.22 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvlərinin qanunsuz istifadələri dayandırılaraq çıxarılsınlar. İddia qaldırılarkən ödənilmiş 100 manat dövlət rüsumu və 100 manat xidmət haqqı, cəmi 200(iki yüz) manat pul cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar